Məhkəmə qərarları › İş №2(012)-4338/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4338/2025

30.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4338/2025 30.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Mustəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi X3 cəlb olunmaqla) pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi X3 cəlb olunmaqla) pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1820 (min səkkiz yüz iyirmi) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş rüsumun əvəzinin cavabdehdən alınıb alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2022-ci ilin iyun ayında Xırdalan şəhərində yerləşən “X5” adlı restoranda qabyuyan-xadimə kimi işləməyə başlamışdır. Həmin restoranın sahibi Cavabdeh şəxsi ehtiyacları üçün iddaçıdan 2022-ci ilin sentyabr ayında borc istəmiş və iddiaçı evinin təmiri üçün yığdığı 5000 manat pulu 2022-ci ilin sentyabr ayında şifahi razılaşma əsasında cavabdehə vermişdir. O, 4-5 aydan gec olmayaraq pulu qaytaracağına söz versə də, 4-5 ay keçdikdən sonra cavadehdən pulu nə zaman qaytaracağını soruşduqda “narahat olma verəcəm”, “bir az çətinlikdir” kimi ifadələr və bəhanələrlə iddiaçıya qarşı laqeyd münasibət bəsləmişdir. Demək olar ki, 2023-cü il ərzində cavabdeh tərəfindən iddiaçıya heç bir ödəniş edilməmişdir. Artıq münasibətlərinin pozulmasını gördükdən və iddiaçının müxtəlif orqanlara şikayətlərini öyrəndikdən sonra ödənişi hissə-hissə qaytarmağa söz vermişdir. Elə bir vəziyyət yaranmışdı ki, iddiaçı hər gün zəng edib cavabdehdən borcu tələb etməyə məcbur qalmışdır. Nəhayət cavabdeh 2024-2025-ci illər ərzində hissə-hissə olmaqla ümumilikdə 3180 manat ödəniş etmişdir. Qeyd olunan ödənişlərdən sonra cavabdehin iddiaçıya qalıq borcu 1820 (min səkkiz yüz iyirmi) manat təşkil etmişdir. Sonra isə cavabdeh hər hansı ödəniş etməmiş və borcun qalan hissəsini ödəməkdən imtina etmiş bundan əlavə iddiaçıya bildirmişdir ki, kimə və hara müraciət etməsindən aslı olmayaraq, ondan pulun alınması mümkün olmayacaq. Eyni zamanda iddiaçı qeyd edir ki, bu məsələ ilə bağlı 102 xidmətinə müraciət etmiş və şikayəti əsasında Abşeron Rayon Polis idarəsində araşdırılma aparılmış, lakin borcun könüllü qaydada qaytarılması təmin olunmamışdır. Məhz bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı tam qəbul etdi. O bildirdi ki, iddiaçıya 1820 manat borcu var. İl yarımdır maddi vəziyyəti pis olduğundan iddiaçıya ödəniş edə bilməmişdir. Bundan əlavə qeyd etdi ki, iş materiallarında olan yazışmalar ona məxsusdur. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi cəlb edilmiş X3 ifadəsində bildirmişdir ki, iddiaçı onun həyat yoldaşıdır. Cavabdehin iddiaçıya 1820 manat borcu var. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, daxil olunmuş müraciət Daxili İşlər Nazirliyində “Vətəndaş müraciətlərinə baxılması qaydası” haqqında qərara əsasən X2 səlahiyyətinə aid olmadığından məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında şifahi olaraq borc razılaşmasına əsasən borc verən borc alana pul borc vermiş, borc alan isə qısa müddət ərzində həmin pulu borc verənə qaytarmağı öhdəsinə götürsə də, həmin öhdəliyinə əməl etməmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, tərəflər arasında olan şifahi razılığa əsasən iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 739-cu maddəsinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. (mülki məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi norması) 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (mülki məcəllənin hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi norması) 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Yuxarıda qeyd edilən işin faktiki halları məhkəmə iclasında tamamilə öz təsdiqini tapmış, cavabdeh iddiaçıya 1820 manat borcunun olmasını etiraf etmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, 1820 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Bundan başqa, işdən görünür ki, iddia ərizəsinin verilməsinə görə məhkəmənin hesabına 38,60 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 38,60 manat dövlət rüsumu məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tam əsaslıdır. Buna görə də iddia tam təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1820 (min səkkiz yüz iyirmi) manat məbləğində borc və 38,60 (otuz səkkiz manat, altmış qəpik) manat məbləğində dövlət rüsumuna görə ödənilmiş pul vəsaiti alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar