Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4340/2021 05.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı və Cavabdeh, onun vəkili-nümayəndəsi Məmmədov Emin Məmməd oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə 05 noyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15500 (on beş min beş yüz) manat məbləğində pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2010-cu ildə Abşeron rayonu, Masazır kəndində qonşusu olan Cavabdeh Masazırda yerləşən ona məxsus evin və qeyriyaşayış sahəsinin sənədləşdirilməsi üçün 15.500 (on beş min beş yüz) manat pul vermişdir. Cavabdeh keçmiş Masazır bələdiyyəsinin sədr müavini vəzifəsində çalışırdı. İddiaçı ona inandığı üçün qanuni sənədləşmə işlərinin aparılması məqsədi ilə sözügedən məbləği ona vermişdir. Lakin, heç bir sənədləşmə işləri aparılmamış, verdiyi pul məbləğinin qaytarılmasını istədikdə isə müxtəlif bəhanələrlə pulun qaytarılmasından yayınmışdır. Bununla bağlı iddiaçının Abşeron rayon Polis İdarəsinə etdiyi müraciətin nəticəsində isə həmin idarə tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi barədə 04 iyun 2021-ci il tarixli qərar qəbul edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək iddia tələbinə verdiyi etiraz ərizəsini və iddia müddətinin tətbiqi barədə ərizəni müdafiə edərək bildirdi ki, o, heç vaxt iddiaçıdan iddia olunan həcmdə və ümumiyyətlə hər hansı bir məbləğdə hər hansı işə görə pul almamışdır. İddiaçının iddia tələbi tamamilə əsassız və uydurmadır. Göründüyü kimi iddiaçı iddia ərizəsində hansı əsasla ondan pul tələb etməsinə dair heç bir sübutu yoxdur. Bununla yanaşı, ümumiyyətlə iddiaçı iddia tələbi üzrə iddia müddətini də ötürmüşdür. Əgər o, həqiqətən də iddiaçıdan hər hansı məbləğ almış olsaydı iddiaçı həmin pulu ondan 3 il müddətində tələb edə bilərdi. İddia ərizəsindən və 04.06.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan da göründüyü kimi iddiaçı pulu 2010-cu ildə verdiyini etiraf edir. Pulun 2010-cu ildə verilməsi nəzərə alınsa, iddiaçının bu barədə iddia qaldırma müddətinin son tarixi 2013-cü il olmalı idi. Hal-hazırda isə 2021-ci ildir və nəinki 3 ilik iddia müddəti ümumiyyətlə ümumi iddia müddəti də ötürülmüşdür. Odur ki, qeyd etdikləri nəzərə alınaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. . Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 04.06.2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edlməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, iddiası ilə əlaqədar tələbi olacağı təqdirdə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması İddiaçı izah edilməsi qərara alınmışdır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı 2010-cu ildə Cavabdeh Masazırda yerləşən ona məxsus evin və qeyri-yaşayış sahəsinin sənədləşdirilməsi üçün 15.500 (on beş min beş yüz) manat pul verdiyini və həmin pulun geri qaytarılmasını məhkəmədən xahiş edir. Lakin iş materiallarından göründüyü kimi iddiaçının izahatı cavabdeh tərəfindən təsdiq edilmir, iddianı əsaslandıran hər hansı sübut isə məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə müraciət edərkən qanunla bu cür iddialar üçün nəzərdə tutulmuş iddia müddətini də ötürmüş, cavabdeh isə iddia müddətinin tətbiqi barədə məhkəməyə ərizə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri- sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İddia müddətinin tətbiq edilməsi və bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi həmin Məhkəmənin Dacia S.R.L. v. Moldovaya qarşı (ərizə № 3052/04, 18 mart 2008-ci il tarixli qərar) qərarında Məhkəmə qeyd etmişdir ki, iddia müddəti heç bir ayrı-seçkilik olmadan tətbiq edilməlidir. Əks təqdirdə, yekunlaşmalı olan hüquq münasibətlərinin dəyişdirilməsi hüquqi müəyyənlik prinsipi ilə ziddiyyət təşkil edərdi (see, mutatis mutandis, Popov v. Moldova (no. 2), no. 19960/04, § 53, 6 December 2005). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.3-cü maddəsində göstərildiyi kimi tərəflər məhkəməyə lazımi sübutların əslini və ya lazımi qaydada təsdiq olunmuş surətlərini təqdim etməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4340/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4340/2021
05.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver