Məhkəmə qərarları › İş №2(012)-4343/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4343/2024

18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4343/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1306/2015 saylı, 10 iyul 2015-ci il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 108 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay 235 manat sabit pul məbləğində alimentin, o cümlədən iddia ərizəsinin hazırlanması və mediasiya sessiyasında iştiraka görə çəkilən ümumi xərc olaraq 160 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, onunla Cavabdeh arasında olan rəsmi nikaha Abşeron Rayon Məhkəməsinin 2(012)-1306/2015 saylı, 10 iyul 2015-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və birgə nikahdan dünyaya gəlmiş övladları xx.xx.2010-cu il təvəllüdlü X1 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 108 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Bundan əlavə hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği isə övladının tələbatlarını ödəmək üçün kifayət etmir. Bildirir ki, o, işləsə də az miqdarda maaş alır, buna görə də övladı xx.xx.2010-cu il təvəllüdlü X1 müalicəsi və gündəlik tələbatları üçün pula ehtiyac olur. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır, bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir və övladının maddi ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən də o, alimentin miqdarının artırılması tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bundan əlavə bildirir ki, Cavabdeh övladı Zəhra Sahabova ilə ünsiyyət saxlayır, ancaq təxminən 2- 3 ildir ki, cavabdeh uşaqla görüşmür. Qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, İddiaçı alimentin artırılmasına dair iddia tələbi ilə razı deyildir. Belə ki, məhkəmə uşağın saxlanması üçün aliment təyin edərkən hər şeydən əvvəl tərəflərə münasibətdə onların maddi, sosial və diqqətəlayiq digər mənafelərini nəzərə almalıdır. Uşağın saxlanması üçün aliment təyin edilən vaxtdan bu günə kimi onun maddi vəziyyətində müsbətə doğru heç bir dəyişiklik olmamışdır. Belə ki, yenə də əvvəlki kimi səhhəti ilə bağlı işləmir, yəni heç bir rəsmi dövlət və ya qeyri-dövlət işində işləmir, buna onun fiziki sağlamlığı yol vermir. Sol qolunun mil sümüyünün çəp vəziyyətdə olması onun fiziki və ağır işlərdə işləməsinə imkan vermir, bundan başqa gözləri xəstədir və 10 faiz görmə qabiliyyətinə malikdir. O, hazırda mədə-bağırsağında səpki olduğundan müalicə olunur. Onunla yaşayan atası 2ci qrup əlildir, anası isə yaşlıdır və iş qabiliyyəti yoxdur. Qeyd etdiyi xəstəliklər ilə əlaqədar hazırda müalicə alır, yəni fiziki cəhətdən sağlam olmadığı üçün işləyə bilmir. Sosial vəziyyətə gəldikdə isə o, yenidən nikaha girməmiş, lakin cavabdeh ikinci dəfə evlənmişdir, yəni yenidən ailə qurmuşdur. Həmçinin onu da bildirir ki, qanunvericiliyin tələbinə görə uşaqları saxlamaq hər iki valideynin borcudur, yəni ata kimi ana da uşaqların saxlanmasında və tərbiyəsində iştirak etməlidir. O, uşağının saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1306/2015 saylı, 10 iyul 2015-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti böyük çətinliklə də olsa, ödəməkdə davam edəcəkdir. Lakin iddia tələbində göstərilən miqdarda, yəni hər ay 235 manat miqdarında alimenti ödəyə bilməyəcəkdir. Bildirir ki, o, övladı ilə görüşmək istəsə də ona övladı ilə görüşməsinə imkan vermirlər. Odur ki, göstərilənlər əsasında o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ № 563111 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 23 iyul 2010-cu ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1306/2015 saylı, 10 iyul 2015-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında Ağsu rayon Qeydiyyat şöbəsi tərəfindən 19 mart 2010-cu il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 84 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 23 iyul 2010-cu il tarixdə anadan olmuş X1 anası İddiaçı himayəsində saxlanılması və onun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 108 manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı xeyrinə verilməsi, hazırkı miqdarda alimentin tutulmasının əvvəlinin 20 fevral 2015-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 22 iyun 2016-cı il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 158 № ilə qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün uşaqların yaşayış minimumu nəzərə alınmaqla 23 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Bundan əlavə iddia tələbinin iddia ərizəsinin hazırlanması və mediasiya sessiyasında iştiraka görə çəkilən ümumi xərc olaraq 160 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 19919 və 117 saylı qəbzlərdən görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı 13 saylı Mediasiya təşkilatına "xxxx" QSC-yə məxsus ödəniş terminalı vasitəsilə müvafiq olaraq 50 manat və 10 manat olmaqla, cəmi 60 manat ödəniş etmişdir. İddiaçı iddia ərizəsinin hazırlanması üçün çəkilən xərcin cavabdehdən tutulmasını tələb etsə də iş materiallarında iddiaçı tərəfindən iddia ərizəsinin hazırlanması üçün ödəniş edildiyini təsdiq edən hər hansı sübut mövcud olmadığından məhkəmə sözügedən xərcin qaytarılmasını qeyri-mümkün hesab edir. Bundan əlavə məhkəmə qeyd edir ki, mediasiya xərci məhkəmə xərclərinə aid olmadığından, iddia tələbi bu hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 35,24 (otuz beş manat, iyirmi dörd qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-1306/2015 saylı, 10 iyul 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 23 iyul 2010-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. İddia tələbi iddia ərizəsinin hazırlanması və mediasiya sessiyasında iştiraka görə çəkilən ümumi xərc olaraq 160 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində rədd edilsin. Cavabdeh 35,24 (otuz beş manat, iyirmi dörd qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar