Məhkəmə qərarları › İş №2(012)-4344/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4344/2024

18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4344/2024 18.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması və əlavə xərcin ödənilməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-7444/2017 saylı, 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü X3 təhsilini başa vuranadək hər ay 235 manat sabit pul məbləğində alimentin, həmçinin iddia ərizəsinin hazırlanması və mediasiya sessiyasında iştiraka görə çəkilən ümumi xərc olaraq 160 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, onunla Cavabdeh arasında olan rəsmi nikaha Nərimanov Rayon Məhkəməsinin 31 iyun 2015-ci il tarixli qətnaməsi ilə xitam verilmiş və birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2006-cı il təvəllüdlü X3 onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatandək saxlanılmasına görə hər ay 108 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 108 manat sabit pul məbləğində alimentin miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Qeyd edir ki, hazırda ölkədə bütün ərzaq məhsullarının, eyni zamanda kommunal xidmətlərin qiyməti xeyli artmışdır. Bildirir ki, övladı tələbədir və ödənişli əsaslarla Bakı Slavyan Universitetində təhsil alır. Bundan əlavə hər il övladının gündəlik tələbatlarında, həmçinin dövlət tərəfindən müəyyən edilmiş yaşayış minimumunun məbləğində artım olur. Alimentin məbləği də övladının tələbatlarını ödəmir. Övladı böyüdükcə gündəlik məişət, təhsil, həkim xərcləri də artır və bu xərclərin ödənilməsi üçün maddi imkanı kifayət etmir. Qeyd edir ki, o, övladının maddi ehtiyaclarını təkbaşına qarşılamaqda çətinlik çəkir. Bu səbəbdən də o, “alimentin miqdarının artırılması” tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, göstərilənlər əsasında İddiaçı iddianın təmin edilməsini xahiş etmiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, onunla İddiaçı arasında rəsmi nikah mövcud olmamışdır. Qeyd edir ki, övladı xx.xx.2006-cı il təvəllüdlü X4 hazırda yetkinlik yaşına çatmışdır. O, iddiaçı ilə birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2006-cı il təvəllüdlü X1 üçün təyin olunmuş alimenti övladı 18 yaşına çatana kimi tam olaraq ödəmişdir, hətta 2024-cü ilin aprel ayında aliment olaraq İddiaçı 15000 manat məbləğində pul ödəmişdir. Bildirir ki, onunla iddiaçı arasında münasibətlər pis deyildir. O, xx.xx.2023-cü il tarixdən etibarən ağır xəstəlik keçirmişdir və artıq 5 aydır ki, işləmir. Əvvəllər o, Rusiya Federasiyasında yaşamış, daha sonra Azərbaycan Respublikasına qayıtmış, ölkəyə qayıtdıqdan sonra isə iş axtarmağa başlamışdır. Bundan əlavə o, yenidən ailə həyatı qurmuşdur. Qeyd edilənlərə əsasən o, iddia tələbinin rədd edilməsini xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 073264 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh 11 iyun 2006-cı ildə Rystəmova (Rüstəmova) Günay Sənan qızından doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 158 № ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 778925 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 11 iyun 2006-cı ildə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7444/2017 saylı, 02 noyabr 2017-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 iyul 2015-ci il tarixli, 2(005)-4095/2015 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 140 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, alimentin tutulma vaxtının xx.xx.2017-ci il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb toplanmış mötəbər sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddiaçı bəhs edilən iddia tələbini irəli sürmək üçün zəruri subyektiv hüquqa malik olmamışdır. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Lakin iş materiallarına əsasən məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 11 iyun 2006-cı il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində 18 yaşına çatdığından hazırda tam mülki prosessual fəaliyyət qabiliyyətli şəxsdir və onun hüquq və mənafeləri məhkəmədə özü tərəfindən və ya qanunvericiliklə müəyyən edilmiş səlahiyyətli nümayəndəsi tərəfindən müdafiə edilməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, İddiaçı iddia ərizəsində Cavabdeh ilə faktiki nikahından olan X3 xx.xx.2006-cı il tarixdə doğulduğunu qeyd etsə də iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 778925 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən göründüyü kimi X4 11 iyun 2006-cı ildə Bakı şəhərində doğulmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-7444/2017 saylı, 02 noyabr 2017-ci il tarixli qətnaməsi ilə birgə nikahdan dünyaya gəlmiş övladı xx.xx.2006-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmasına görə hər ay 140 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, xx.xx.2006-cı il təvəllüdlü X3 təhsilini başa vuranadək hər ay 235 manat sabit pul məbləğində alimentin, həmçinin iddia ərizəsinin hazırlanması və mediasiya sessiyasında iştiraka görə çəkilən ümumi xərc olaraq 160 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar