Məhkəmə qərarları › İş №2(012)-4353/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4353/2022

09.08.2022 · Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4353/2022 09.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, Ərizəçi “şəxsin itkin düşmüş elan edilməsi” barədə ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: Ərizəçi “şəxsin itkin düşmüş elan edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası - Abşeron rayonu Görədil kəndində 04 may 1955-ci ildə anadan olmuş X1 xx.xx.1995-ci il tarixdən itkin düşməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəni və işin materiallarını nəzərdən keçirib hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizə və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, ərizədən və ona əlavə edilən sənədlərdən görünür ki, Ərizəçi ərizəyə atasının 1995-ci ildən itkin düşməsi və ya ölməsi barədə müvafiq polis orqanına müraciət etməsini təsdiq edən sənəd əlavə etsə də, qarşı tərəfin bu müraciətə cavab verməsi barədə məlumatları ərizəsinə əlavə etməmişdir. MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 313-cü maddəsinə görə ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Ərizədən görünür ki, Ərizəçi atasının itkin düşərək ölməsi barədə Abşeron rayon Polis İdarəsinə müraciət etdiyini bildirsə də, həmin müraciətə müvafiq qurum tərəfindən hər hansı cavabın verilməsi (ərizə üzrə araşdırma) ərizədən görünmür. Başqa sözlə, ərizəçinin qeyd edilən faktla bağlı Abşeron rayon Polis İdarəsinə müraciət etməsi barədə sübut olsa da, həmin qurumun ərizəni qəbul etməsi, ərizəyə hansı münasibət bildirməsi iş materialları ilə öz təsdiqini tapmır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 saylı Qərarının 1.6-cı maddəsinə görə məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Mülki-Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, işdən görünür ki, iddiaçı Ərizəçi hazırki ərizəni verərkən "xxxx" ASCnin Abşeron Filialındakı ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə ərizənin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 09:23-də ödəmişdir. Mülki-Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: Ərizəçi şəxsin itkin düşmüş elan edilməsi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi hazırki mülki iş (2(012)-4353/2022 saylı mülki iş) üzrə ödəmiş olduğu 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından ona qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar