Məhkəmə qərarları › İş №2(012)-4353/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4353/2025

28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4353/2025 28.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fizuli Məhəmməd Fizuli oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4415.25 manat pulun və 70 manat dövlət rüsumu üzrə xərclərin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı özünə məxsus musiqi aparatlarını satmaq istəmiş, həmin əmlakları satmaq məqsədilə xx.xx.2024-cü il tarixdə internetdə “Lalafo” və “Tap Az” saytına musiqi aparatlarını satmaq üçün elan yerləşdirmişdir. Elə həmin gün həmin tarixdə +7987022-70-69 və +**********83 nömrədən iddiaçıya məxsus olan mobil nömrənin “WhatApp” mesaj mübadilə sisteminə zəng olunaraq musiqi aparatlarını almaq istədiklərini demişlər. Sonra isə Rus dilində danışan qadın iddiaçıya zəng edib beh atacağını bildirdikdə qız iddiaçıya ilkin olaraq ona məxsus karta 1500 manat pul verəcəklərini bildirmişdir. İddiaçı isə razılaşmışdır. Bundan sonra iddiaçıya +**********83 nömrədən “WhatApp” mesaj mübadilə sisteminə zəng edilərək kart atılmasını demişlər. İddiaçı isə özünə məxsus 4169-7388-5690-4366 kart şifrəsini +**********83 mobil nömrəyə “WhatApp” mobil tətbiqi üzərindən göndərmiş, həmin şəxs iddiaçıdan kartın 4 rəqəmli kodu istədikdə ona 66-47 kodunu göndərmişdir. Daha sonra iddiaçıya bildiriş gəlmişdir ki, **********904366 saylı kartının balansı kredit hesabına artıb və ilkin olaraq komissiya ilə bərabər 4415 manat pul iddiaçıya məxsus kartdan 4169 7388 0609 1330 saylı kart hesabına köçürülmüşdür. Tez Kapital banka yığıb həmin əməliyyatı özünün etmədiyini onlara bildirmiş və hər iki kart hesabı bloklanmışdır. Təbii olaraq qarşı tərəf əməliyyatı icra etsə də, pulu çıxara bilməmişdir. Çünkü kart 4169 7388 0609 1330 saylı kart hesabında donaraq qalmışdır. İddiaçı Şamaxı rayon Polis Şöbəsinə müraciət etmiş, iş araşdırılmış, bank hesablarının kimə məxsus olması və hansı hesabdan kimə məxsus karta köçürülməsi barədə Şamaxı rayon Prokurorluğu məlumatın götürülməsinə dair vəsatətlə Şamaxı rayon Məhkəməsinə müraciət etmiş, Şamaxı rayon Məhkəməsinin 5(074)-25/24, xx.xx.2024-cü il tarixli qərarı ilə Prokurorluğun vəsatəti təmin edilmişdir. Göstərilən xüsusatlara dair Şamaxı rayon Polis Şöbəsinə cavab verilmiş və müəyyən olunmuşdur ki, 4169 7388 0609 1330 saylı kart hesabı Cavabdeh məxsusdur. xx.xx.2024cü il tarixdə Cavabdeh məxsus 4169 7388 0609 1330 saylı kart hesabına iddiaçıya məxsus 4169-7388-5690-4366 saylı kart hesabından 4350 manat köçürülmüşdür. Daha sonra əlaqə saxlanmış və müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.2024-cü il tarixdən Türkiyə Respublikasındadır. O özü iddiaçı ilə danışıb bildirmişdir ki, kartını itirmiş və əməliyyatı etməmişdir. Həmçinin rtiraf etmişdir ki kartı 4350 manat artmışdır. Lakin kartı blokdadır. Bununla bağlı onun nümayəndəsi və eyni zamanda anası X1 rayon Polis Şöbəsinə dəvət olunaraq izahatı alınmış, o öz izahatında qeyd etdiyi xüsusatları tam təsdiq və etiraf etmişdir. Eyni zamanda bildirmişdir ki, oğlu ona etibarnamə vermişdir. O pulu kartdan çıxaran kimi iddiaçıya verəcəkdir. Bundan sonra onlar bir yerdə Kapital Bankın baş ofisinə yaxınlaşmışdır. Orada Səadət adlı qadın ərizə yazmışdır ki, oğlunun kartına qoyulan blok çıxarılsın və həmin pul iddiaçının hesabına köçürülsün, lakin bir müddət sonra KapitalBank ASC bildirmişdir ki, əgər Cavabdeh şəxsən özü olmasa, nə kart blokdan azad olunacaq, nə də ki hər hansı bir şəxsə veriləcəkdir. Belə olan təqdirdə Cavabdeh 4169 7388 0609 1330 saylı kart hesabında olan 4350 manat pul iddiaçıya məxsusdur və həmin şəxs bu pul ilə əsassız varlanmışdır. Eyni zamanda olan adına olan karta köçürmə edərkən bank tərəfindən iddiaçıdan 65.25 manat komissiya tutulmuşdur. Şamaxı rayon Polis Şöbəsində cinayət işinin başlanması xüsusatlar həmin qərarda öz əksini tapmışdır. Əsassız özlərində saxladıqları pulun qaytarılmasına dair dəfələrlə rəsmi və şifahi xəbərdarlıqlara baxmayaraq, iddiaçıya məxsus pulu cavabdeh qaytarmır. Odur ki, göstərilənlərə əsasən iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin onun vəkili-nümayəndəsi Vəkil xx.xx.2025-ci il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə müraciət edərək, məhkəmə baxış iclasında üzrlü səbəbdən iştirak edə bilmədiklərini bildirmiş, onların iştirakı olmadan işə baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən gəlməmişdir. Belə olan halda məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Şamaxı rayon polis şöbəsinin təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X3 xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1/382 saylı toplanmış materialda cinayət tərkibinin əlamətləri və hüquq pozuntusu müəyyən edilmədiyindən cinayət işinin başlanmasının rədd edilməsinə qərar verilmişdir. -Həmçinin sözügedən qərarda “Faktla bağlı Abşeron rayon Masazır kəndində yaşayan, X2 izahatı alınmış, sonuncu izahatında qeyd olunan ünvanda yaşamasını, Şamaxı rayon Çıraqlı kənd sakini İddiaçı əvvəllər tanımamasını, oğlu Asif Hüseyinovun xx.xx.2024-cü il tarixdə Türkiyə Respublikasında olan zaman bank kartlarını itirdiyini, oğlu Asif Hüseyinovun hal- hazırda Avropa ölkələrində olmasını, oğlu Asif Hüseyinovun itmiş olan kart hesabına İddiaçı kart hesabından pul köçməsini, bu məlumatların doğruluğunu Kapital bankdan öyrəndiklərini, oğlu Asif Hüseyinov ona etibarnamə verməsini, sonuncunun kart hesabından pulu çıxaran kimi könüllü olaraq İddiaçı qaytaracağını bildirmişdir”; “Beləliklə araşdırma zamanı İddiaçı kart hesabından çıxan 4000 (dörd min) manat pulun hal-hazırda X2 oğlu Asif Hüseyinovun kart hesabında olması müəyyən edilmişdir. İddiaçı pulunun kart hesabında olması buna əsas verir ki, sonuncu kart hesabından pulunun götürülməsi üçün mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etməlidir” ifadələri qeyd olunmuşdur. -xx.xx.2024-cü il tarixli, **********5 saylı qəbzin surətindən görünür ki, 416973******4366 nömrəli kart hesabından 416973******1330 nömrəli kart hesabına 4350 manat vəsait köçürülmüş, 65.25 manat komissiya təşkil etməklə, ümumilikdə 4415.25 manat pul vəsaiti köçürülmüşdür. -"xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli, 2025/204/28669 nömrəli sorğuya cavab məktubuna qoşma edilmiş çıxarış məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixdə İddiaçı məxsus 416973******4366 nömrəli kart hesabından Cavabdeh (FİN:xxxxxxx) məxsus 416973******1330 nömrəli kart hesabına 4350 manat və 65.25 manat məbləğində pul vəsaitləri köçürülmüşdür. -İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya xarakterli ərizənin surətindən görünür ki, 4350 manat pul vəsaiti və 65.25 manat komissiya xərcinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı özünə məxsus musiqi aparatlarını satmaq məqsədilə müəyyən saytlara elan yerləşdirdiyini, cavabdehin həmin elanla bağlı iddiaçı ilə “WhatApp” mesaj mübadilə proqramı üzərindən əlaqə yaradaraq aldatması nəticəsində ona məxsus 416973******4366 nömrəli kart hesabından cavabdehə məxsus 416973******1330 nömrəli kart hesabına 4350 manat vəsait köçürüldüyünü və 65.25 manat komissiya xərci təşkil etdiyini, nəticədə cavabdehin əsassız şəkildə varlandığını irəli sürərək ümumilikdə 4415.25 manat məbləğində pulu məhkəmə qaydasında tələb etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Göründüyü kimi, iddiaçıya məxsus bank kartından Cavabdeh məxsus bank kartına 4415.25 manat məbləğində pul vəsaitinin iddiaçının iradəsindən kənar formada köçməsinin və cavabdehin varlanmasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Buna görə də, iddiaçı Cavabdeh qeyd edilən pul məbləğini geri tələb etməyə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçının istinad etdiyi faktlar – iddiaçıya 4415.25 manat (4350 manat + 65.25 manat) məbləğində maddi ziyan dəyməklə cavabdehin əsassız şəkildə varlanması iş materiallarına əlavə edilmiş sənədlərlə, Şamaxı rayon polis şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı, həmçinin iş üzrə "xxxx" ASC-yə ünvanlanmış sübutların təmini barədə qərar əsasında əldə edilmiş çıxarış məlumatlarına əsasən öz təsdiqini tapdığından ümumilikdə 4415.25 manat məbləğində dəymiş maddi ziyan cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** qəbz əsasında ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 4415.25 manat manat pul vəsaiti və ödənilmiş 70 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 4415.25 manat pul vəsaiti və ödənilmiş 70 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə və Mülki Prosessual Məcəllənin 2 saylı əlavəsinə uyğun olaraq) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar