Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4365/2024 22.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bu iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan 12 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3480/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulan alimentin məbləğinin artırılaraq hər ay 235 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(012)-3480/2018 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Hazırda onların birgə nikahından doğulan X1 10 yaşı vardır. Abşeron Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(012)-3480/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qətnamədə qeyd olunmuş aliment məbləği olan 154 manat uşağın heç bir tələbatını qarşılamır. Qeyd edir ki, Cavabdeh tərəfindən aliment məbləği vaxtı-vaxtında ödənilmir, demək olar ki, cavabdeh aliment məbləğini son aylarda ödəməyə başlamışdır. Uşaq hazırda orta məktəbdə təhsil alır və ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayanlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-cü il üzrə hər uşaq üçün 235 manat məbləğində müəyyən edilmişdir. Qeyd edir ki, Cavabdeh bu ilin iyun ayından övladı ilə görüşmür, həmçinin Abşeron Rayon Məhkəməsinin 12 oktyabr 2018-ci il tarixli, 2(012)-3480/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği üzrə mütəmadi ödənişlər etmir və bu səbəbdən cavabdehin hazırda 3000 manat məbləğində aliment borcu vardır. Bildirir ki, o, cavabdehin ikinci həyat yoldaşı olmuşdur, boşandıqdan sonra cavabdeh başqası ilə ailə həyatı qurmuşdur və həmin nikahdan uşaqları vardır. Hazırda onun Cavabdeh ilə heç bir əlaqəsi yoxdur və hazırki mübahisənin həlli üçün keçirilmiş mediasiya sessiyasında belə cavabdeh iştirak etməmişdir. O, övladı ilə kirayə evdə qalmaq istəyir, lakin onun əmək haqqı 700 manat təşkil edir və qeyd edilən məbləğ kirayə ev tutmaq üçün kifayət etmir. Odur ki, qeyd olunanlara əsasən o, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ № 384881 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 12 iyun 2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi verilmiş AZ-İİ № 202285 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı 19 may 2017-ci il tarixdə nikahlarını bağlamışlar və bu nikah 1479 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-3480/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında 3 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X1 anası İddiaçı yanında qalmasının müəyyən edilməsi və X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 154 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, hazırki miqdarda alimentin tutulmasının əvvəlinin 15 may 2018-ci il tarixdən hesablanması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 390957 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2018-ci il tarixində xitam verilmiş, bu barədə nikahıın pozulması haqqında akt qeydləri kitabında 183 № ilə qeyd edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, hazırki iddia tələbinin qanuni əsası kimi münasibətləri tənzimləyən norma Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsində təsbit edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bu normalardan çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün uşaqların yaşayış minimumu nəzərə alınmaqla 12 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin 12 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-3480/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının artırılmış məbləğinin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən hesablanması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarındakı mövqeyini nəzərə alaraq hesab edir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-in 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə istinad edərək hesab edir ki, 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3480/2018 saylı, 12 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, 12 iyun 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq, İddiaçı verilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №2(012)-4365/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4365/2024
22.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver