Məhkəmə qərarları › İş №2(012)-4368/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4368/2022

28.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4368/2022 28.09.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, ərizə məhkəməyə təqdim edildiyi gündən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü Əmrah adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən onun xeyrinə tutulan 160 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində alimentin, habelə mediasiya prosesi üçün ödənilmiş 50 manat pulun Cavabdeh öz xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X2 anadan olmuşdur. xx.xx.2009-cu il tarixdə Cəbrayıl Rayon Məhkəməsində nikah pozulmuşdur. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(008)-1943/2019 saylı qətnaməsinə əsasən alimentin miqdarı hər ay üçün 160 manat sabit pul məbləğində müəyyən edilmişdir. Lakin maddi vəziyyətinin pisləşməsinə görə azyaşlı uşağın saxlanılmasında çətinlik çəkir. Azərbaycan Respublikası ailə qanunvericiliyinə əsaslanaraq cavabdehdən alimentin artırılmasını tələb etmək hüququ vardır və göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə iddiaçını dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikahın pozulması haqqında AZ-İ 213083 saylı şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh nikahının pozulması xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İşdə olan doğum haqqında AZ-İİİ 886004 saylı şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2007-ci il təvəllüdlü X2 adlı uşaq doğulmuşdur. Mülki işin materiallarından olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-1943/2019 saylı qətnaməsinin surətindən görünür ki, həmin məhkəmənin xx.xx.2013-cü il tarixli, 2(008)-1862/2013 saylı qətnaməsilə müəyyən edilmiş alimentin miqdarı artırılmış, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə hər ay 160 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi üzrə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad ola bilər. "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlara görə 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı təyin edilmiş aliment məbləğinin hazırda azyaşlının saxlanması üçün kifayət etmədiyini iddia edir. Azyaşlı uşaq iddiaçının himayəsindədir və maddi ehtiyacları artmaqdadır. Məhkəmə Əmrah adlı azyaşlı uşağın mənafeyini, normal inkişaf etməsini, uşaqlar üçün hal-hazırda minimum yaşayış həddinin məbləğini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-1943/2019 saylı qətnaməsi ilə xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmiş 160 manat sabit pul məbləğində aliment artırılaraq hər ay 193 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilməli və alimentin tutulmasının əvvəli bu qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 160 manat sabit pul məbləğində aliment tutulmasına dair Sabunçu Rayon Məhkəməsinin məlum qətnaməsi hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşağın saxlanması üçün qeyd olunan məbləğdə aliment tutulur. Buna görə də Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli iddia ərizəsinin verildiyi gündən deyil, hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(008)-1943/2019 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilsin. Birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hazırki mübahisə üzrə mediasiya prosesi üçün ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar