Məhkəmə qərarları › İş №2(012)-4380/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4380/2023

13.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4380/2023 13.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun etirafı müqaviləsinin ləğvi və borcun vaxtından qabaq tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun etirafı müqaviləsinin ləğvi və borcun vaxtından qabaq tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun arasında Abşeron rayonu 2 saylı notariat ofisində xx.xx.2022-ci ildə bağlanmış borcun etirafına dair müqavilənin ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməyən borcun - 57.840 manat pulun, həmin pula görə ödənilmiş 264 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 27 aprel 2022-ci il tarixdə Abşeron rayon 2 saylı notariat ofisində borcun etirafı müqaviləsi bağlanılmış və həmin müqaviləyə əsasən cavabdeh ümumilikdə iddiaçıya 59.000 manat məbləğində borcunun olduğunu etiraf etmişdir. Müqavilənin 1.2-ci bəndinə əsasən cavabdeh iddiaçıya hər ay 400 manat pul ödəyəcəyinə dair öhdəlik götürsə də, öhdəliyə əməl etməmiş və bu 1 il 3 ay ərzində ona 3 dəfəyə cəmi 1.160 manat vəsait ödəmişdir. Cavabdeh müqavilə şərtini pozduğu üçün iddiaçı notariat ofisinə müraciət etmiş və ona izah olunmuşdur ki, müqavilə müddəti xx.xx.2034-cü ildə bitir, cavabdehin müqavilə şərtini pozması ilə bağlı borcun vaxtından qabaq tələbi ilə bağlı məhkəməyə müraciət etməlidir. İddiaçı cavabdehə rəsmi qaydada məktub göndərərək borcu ödəməsini, əks təqdirdə ona qarşı məhkəmədə iddia qaldıracağını bildirmiş, lakin cavabdeh yenə də ödənişdən yayınmışdır. Buna görə də iddiaçı aralarında bağlanmış borcun etirafına dair müqavilənin ləğv edilməsi və borcun cavabdehdən alınaraq ona qaytarılması barədə iddia ilə məhkəməyə müraciət edir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, 2 (iki) məhkəmə hazırlıq iclası zamanı və ondakı sonrakı dövlərdə məhkəmə iclasından kənar cavabdeh tərəflə mübahisə ilə bağlı heç bir razılığa gələ bilməmişlər. Bu müddət ərzində qarşı tərəfdən ona hər hansı səmərəli və kompensasiya qismində hər hansı bir təklif edilməmişdir. Borc yığılır və ümumi borcun ödənilməsindən hər hansı bir söhbət getmir. Cavabdehin ona təklif etdiyi məbləğ çox cüzidir və bununla razılaşmaq təbii ki mümkün deyildir. Ümumiyyətlə Cavabdeh uşağın saxlanılmasına görə alimenti belə vaxtlı-vaxtında ödəmir. Qaldı ki, borcu ödəsin. Həmçinin borcun ödənilməsi uşağın saxlanılmasından ötrü lazımdır. Həqiqətdə müqavilə öz qüvvəsini itirmişdir. Etibar və inam baxımından müqavilə öz yükünü daşıya bilmir. Bu səbəbdən də məhkəmədən müqavilənin ləğv edilməsini xahiş edir. Verilmiş suallara cavabında qeyd edir ki, cavabdeh ilə aralarında müqavilə 27 aprel 2022-ci il tarixdə bağlanılmışdır. Müqaviləyə əsasən cavabdeh hər ay 400 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh onun keçmiş kürəkəni olmuşdur. Hazırki cavabdehin nümayəndəsi isə kürəkəni olmuş şəxsin cavabdehin atasıdır. Sonradan qızı ilə kürəkəni arasındakı nikah pozulmuşdur. Ödənilməsini tələb etdiyi məbləğ cavabdeh ilə qızının birgə yaşadıqları dövrdə qarşı tərəfin ona ödəməli olduğu yaranmış borcudur. İddia ərizəsində qeyd edilən 57.840 manat borcdan hər hansısa bir məbləğ ödənilməmişdir. Tələb edilən məbləğ əsas borcdur. Cavabdeh tərəfin hər ay 250 manat olmaqla borcu qaytarmaq təklifi ilə razılaşmamışdır. Təklif edilən məbləğ ümumi borc məbləği qarşısında çox cüzidir və ümumi borc məbləğinin qaytarılmasına münasibətdə uyğun deyildir. Cavabdeh təklifində hətta müqavilə bağlandıqdan sonra yığılan borc məbləğinin qaytarılmasını belə nəzərdə tutmamışdır. Müqavilə üzrə qarşı tərəfin hər hansı icra hərəkəti artıq mövcud deyildir. Göstərilənlərə əsasənin iddianın təmin edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddianı qəbul edərək izahatında bildirdi ki, Cavabdeh İddiaçı olan bütün borc məbləği ilə bağlı mübahisələndirilən bu müqaviləni bağlamışdır. Oğlu olan cavabdeh iddiaçıya olan bütün borcunu hər ay 400 manat qaytarmaq şərti ilə qeyd olunan müqaviləni bağlamışdır. Verilmiş suallara cavabında qeyd edir ki, Müqavilədə qeyd olunan borc məbləği cavabdehin avtomobili satıb pulunu özünə götürməsi, toy etmək məqsədi ilə götürülmüş 5.000 manat borc məbləği və götürülmüş digər borc məbləğləri ilə bağlıdır. Bağlanmış müqavilədə göstərilən məbləğ əsas borcdur. Cavabdeh həmin borcu hər ay 400 manat olmaqla qaytarmağı öhdəsinə götürsə də, qaytara bilməmişdir. Hazırda iddia tələbində qeyd edilən məbləğdə cavabdeh iddiaçıya borcludur. İddianı etiraf edirlər. Cavabdeh işləmədiyinə görə borcu qaytara bilməmişdir. Cavabdeh borcdan hər ay 400 manat deyil, 250 manat ödəməyə hazırdır. Göstərilənlərə əsasən hər ay 250 manat ödəməklə hissəli şəkild borcun qaytarılmasına etiraz etmirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı və Cavabdeh arasında bağlanmış və Abşeron rayon 2 saylı notariat ofisində təsdiq olunmuş (reyestr № 3M-382) 27 aprel 2022-ci il tarixli borcun etirafı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsini 17000 manat, 99HS137 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 25000 manat qiymətləndirmiş, cehiz pulu əvəzinə götürülmüş 5000 manat pul və banklardan götürülmüş 12000 manat kredit, ümumilikdə 59000 manat olmaqla İddiaçı borcu olduğunu etiraf etmiş və həmin borcu ayda 400 manat olmaqla xx.xx.2034-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış 10 iyul 2023-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, Cavabdeh müqavilə öhdəliyinə məsuliyyətli yanaşması, öhdəlik üzrə bu günə yaranmış borcu ona tam olaraq təcili ödəməsi, əks halda 2023-cü ilin iyul ayının sonunda müqavilə şərtlərinə əmək etməməsi səbəbilə müqavilənin məhkəmə qaydasında ləğvi barədə iddia qaldıracağı haqda İddiaçı tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 264 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 390.5-ci maddəsinə əsasən müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır; 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2 və 445.2.1-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə, iş materiallarında olan sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı və Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli borcun etirafı müqaviləsinə əsasən Cavabdeh Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsini 17.000 manat, 99HS137 dövlət nömrə nişanlı nəqliyyat vasitəsini 25.000 manat qiymətləndirmiş, cehiz pulu əvəzinə götürülmüş 5.000 manat pul və banklardan götürülmüş 12.000 manat kredit, ümumilikdə 59.000 manat olmaqla İddiaçı borcunun olduğunu etiraf etmiş və həmin borcu ayda 400 manat olmaqla xx.xx.2034-cü il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 1.160 manat vəsait ödədikdən sonra müqavilə şərtlərini pozaraq aylıq 400 manat ödənişi ödəməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilərək bağlanmış borcun etirafı müqaviləsi ləğv edilməli və 57.840 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli borcun etirafı müqaviləsi ləğv edilməli, Cavabdeh 27 aprel 2022-ci il tarixli borcun etirafı müqaviləsi üzrə 57.840 manat borc pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; İddia tələbi təmin edildiyinə görə, iddiaçı tərəfindən dövlət rüsumu üçün ödənilmiş 264 manat pul vəsaitinin əvəzi cavabdehdən tutulub iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 aprel 2022-ci il tarixli borcun etirafı müqaviləsi ləğv edilsin. Cavabdeh 27 aprel 2022-ci il tarixli borcun etirafı müqaviləsi üzrə 57.840 (əlli yeddi min səkkiz yüz qırx) manat borc və ödənilmiş 264 (iki yüz altmış dörd manat) manat məbləğində pul vəsaiti tutulub İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelıyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar