Məhkəmə qərarları › İş №2(012)-4381/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4381/2023

26.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4381/2023 26.10.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ondan aldığı 1000 manat, həmin pulun 2 il ərzində əldən çıxmış faydasına görə 190 manat və mənəvi zərərə görə 2000 manat olmaqla, cəmi 3190 (üç min yüz doxsan) manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli 08№-li X3 əsasən Mehdiabad Bələdiyyəsinə məxsus olan torpaq sahəsindən 150 nəfər vətəndaşa fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsindən 0,06 ha ölçüdə, 251 №-li torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmış, həmin torpaq sahəsinə görə Mehdiabad Bələdiyyəsinin hesabına xx.xx.2005-ci il tarixli, BYB seriyalı, 134702 №-li kassa mədaxil orderi ilə 450.000 (dörd yüz əlli min) manat məbləğində pul ödəmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, 2006-cı ildən həmin evdə ailəsi ilə birlikdə yaşayır və bütün kommunal ödənişləri ödəyir. Eləcə də iddiaçının evinin ətrafında Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli 08 №-li X3 əsasən Mehdiabad Bələdiyyəsinə məxsus olan torpaq sahəsindən 150 nəfər vətəndaşa fərdi mənzil tikintisi üçün ayrılmış bütün torpaq sahələrində həmin şəxslər tərəfindən fərdi yaşayış evləri inşa edilmiş, evlər nömrələnmiş və ünvanlar verilməklə bütün zəruri infrastruktur yaradılmışdır. İddiaçı 2021-ci ilin fevral ayında Mehdiabad qəsəbəsində makler kimi tanıdığı Cavabdeh yaşadığı evinin çıxarışını düzəltməyə kömək etməyi xahiş etmişdir. Cavabdeh iddiaçıya bildirmişdir ki, vəkildir, elə bu cür işlərlə məşğul olur, ondan 1400 manat pul istəmiş, iddiaçı buna razılaşmış və Cavabdeh notarial qaydada etibarnamə vermişdir. Bundan sonra əvvəl Cavabdeh 300 manat pul vermiş, bir neçə ay sonra Cavabdeh iddiaçıdan hansısa sənədləri arxivdən almaq üçün 300 manat pul almışdır. Bundan sonra Cavabdeh məhkəməyə müraciət etmək lazım olduğunu bildirərək iddiaçıdan 500 manat pul istəmişdir. İddiaçı ona 400 manat pul vermiş, lakin iddiaçı məhkəmənin uğursuz nəticələndiyini görüb başa düşmüşdür ki, Cavabdeh vəkil deyil, onun inamından suiistifadə edərək aldatmış və 1000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib mənimsəmişdir. Ona görə də cavabdehə verdiyi 1000 manat pulunu geri tələb etmişdir. Lakin Cavabdeh onun pulunu guya işlə bağlı xərclədiyini deyərək qaytarmaqdan imtina etmişdir. İddiaçı Cavabdeh bu qanunsuz əməlləri barədə Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, onun şikayət ərizəsini araşdıran Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis başleytenantı Nəsimi Məhərrəmov 14 yanvar 2022-ci il tarixli qərarla cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etmişdir. İddiaçı həmin qərardan şikayət etmiş, Abşeron rayon prokuroru tərəfindən qərar ləğv edilsə də, müstəntiq Nəsimi Məhərrəmov tərəfindən təkrarən 20 may 2022-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək bu işin mülki xarakterli olduğunu, mülki qaydada məhkəməyə müraciət etməyini bildirmişdir. Cavabdeh onu aldadıb aldığı 1000 (min) manat pulu, bundan əlavə həmin pulun 2 il ərzində əldən çıxmış faydasına görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 1000 manatın ili 9,5 faiz olmaqla 2 ilə görə 190 manat olmaqla mənə 1190 manat pul ödəməlidir. Bundan başqa Cavabdeh qanunsuz əməli nəticəsində iddiaçı və ailə üzvləri 2 il 5 ay ərzində hədsiz dərəcədə mənəvi əzab və iztirab çəkmişdir. Cavabdeh vurulan mənəvi zərərə görə 2000 (iki min) manat tələb edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, iddia tələbinin 1000 (min) manat hissəsini qəbul eedir. Bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin qismən etirafını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Abşeron RPİ-nin İstintaq şöbəsinin müstəntiqi polis, baş leytenantı X1 xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işi başlanması rədd edilməsi, vətəndaş İddiaçı mülki qaydada mkəhkəməyə müraciət etmək hüququnun izah olunması qərara alınmışdır. Həmin qərardan görünür ki, Araşdırma zamanı izahatı alınmış X2 izahatında göstərmişdir ki, təxminən 10 ildir ki, makler fəaliyyəti ilə məşğul olur. İddiaçı Mehdiabad qəsəbəsi sakini kimi tanısa da, yaxın münasibətləri olmayıb. 2021-ci ilin fevral ayında İddiaçı ona müraciət edərək yaşadığı evə çıxarış almaqda ona köməklik göstərməsini xahiş etmiş, buna görə də xx.xx.2021-ci il tarixdə notarial qaydada etibarnamə vermişdir. Bundan sonra əvvəlcə o, İddiaçı yaşadığı evin sxemini hazırlatmış, bunun müqabilində müvafiq şəxlərə 100 manat vermişdir. Daha sonra həmin evin eskiz layihəsini hazırlatmaq üçün 180 manat pul xərcləmiş, bələdiyyə həmin torpağa çıxarış verməkdən imtina etdikdə o, İddiaçı xərclədiyi pulu geri qaytarmağı təklif etsə də, sonuncu israrla onun prosesi sonadək davam etdirməsini xahiş etmişdir. Daha sonra o, Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmaq məqsədilə Abşeron rayon vəkil bürosunun vəkili X7 ilə 400 manat müqabilində müqavilə bağlamışdır. Lakin Sumqayıt İnzibati Məhkəməsi iddianı təmin etmədikdə İddiaçı ondan pulunu geri tələb etmiş, Mais İsgəndərov isə ondan ümumilikdə 1000 manat pul aldığını, 730 manatını sənədlər və vəkil üçün xərclədiyini geriyə qalan 270 manatın isə onun zəhmət haqqı olduğunu bildirmişdir. -Beyləqan rayon Hərbi Komissarlığı tərəfindən verilmiş vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, iddiaçı fərdi yaşayış evinin tikintisi məqsədi ilə Abşeron rayonu Mehdiabad Bələdiyyəsinin 28 may 2002-ci il tarixli 08№-li X3 əsasən Mehdiabad Bələdiyyəsinə məxsus olan torpaq sahəsindən 150 nəfər vətəndaşa fərdi mənzil tikintisi üçün ayrılmış torpaq sahəsindən 0,06 ha ölçüdə, 251 №-li torpaq sahəsi iddiaçının mülkiyyətinə ayrılmış, həmin torpaq sahəsinə görə Mehdiabad Bələdiyyəsinin hesabına xx.xx.2005-ci il tarixli, BYB seriyalı, 134702 №-li kassa mədaxil orderi ilə 450.000 (dörd yüz əlli min) manat məbləğində pul ödəmişdir. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş, 2006-cı ildən həmin evdə ailəsi ilə birlikdə yaşayır və bütün kommunal ödənişləri ödəmişdir. İddiaçı 2021-ci ilin fevral ayında Mehdiabad qəsəbəsində makler kimi tanıdığı Cavabdeh yaşadığı evinin çıxarışını düzəltməyə kömək etməyi xahiş etmiş, cavabdeh iddiaçı dan ayrı-ayrı vaxtlarda ümumilkdə 1000 manat pul almış, verdiyi sözləri yerinə yetirməmişdir. Ona görə də iddiaçı cavabdehə verdiyi 1000 manat pulunu geri tələb etmiş, pulun qaytarılmadığını görən iddiaçı Abşeron Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmiş, müstəntiq Nəsimi Məhərrəmov tərəfindən 20 may 2022-ci il tarixli qərarla material üzrə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərək bu işin mülki xarakterli olduğunu, mülki qaydada məhkəməyə müraciət etməyi bildirilmişdir. Cavabdeh onu aldadıb aldığı 1000 (min) manat pulu, bundan əlavə həmin pulun 2 il ərzində əldən çıxmış faydasına görə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi 1000 manatın ili 9,5 faiz olmaqla 2 ilə görə 190 manat olmaqla ona 1190 manat maddi zərər və 2000 (iki min) manat məbləğində isə mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh məhkəmə iclasında ətizə təqdim edəərk iddia tələbini qismən, 1000 (min) manat hissədə qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 1000 manat borcunun olmasına dair cavabdehin etirafını, tərəflərin razılığını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi qismən əsaslıdır, ona görə də qismən təmin edilməli, Cavabdeh 1000 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. İddianln əldənçıxmış fayda və mənəvi zərərin ödənilməsi ilə bağlı hissədə isə aşağıdakıları qeyd etməyi zəruri bilir: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 7 nömrəli qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyanın ödənilməsi hissəsində Mülki Prosessual Məcəllənin 77.1. maddəsinə müvafiq olaraq iddiaçı tərəfindən məhkəməyə əsaslandırıcı sübut və dəlillər təqdim olunmadığından iddia tələbi həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olunduğundan iddia tələbinin qiymətinə mütənasib olaraq 30 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1000 (min) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar