Məhkəmə qərarları › İş №2(012)-4382/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4382/2021

02.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4382/2021 02.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay 350 manat sabit pul məbləğində alimentin Cavabdeh tutulub İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı İddiaçı Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə verərək, 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün təyin edilmiş hər ay hər uşaq üçün 76 manat olmaqla, cəmi 152 manat sabit pul məbləğində alimentin miqdarının artırılaraq, hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, onunla cavabdeh arasında 03.07.2006-cı il tarixdə Ağdam rayonu, Xındırıstan ərazi icra nümayəndəliyində bağlanmış nikah pozulmuşdur. Birgə nikahlarından anadan olmuş övladları 18.06.2005-ci il təvəllüdlü X5 və 06.05.2007-ci il təvəllüdlü X6 onun himayəsindədirlər. Toğrul Hallacov şəkər xəstəsidir və qidasına və müalicəsinə daim nəzarət lazımdır. Lakin cavabdeh 12 ildir ki, uşaqların maddi və mənəvi çətinlikləri ilə maraqlanmır və heç bir köməklik göstərmir. Ona görə də iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 815927 №-li və AZ-İ seriyalı 938899 №-li Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İnformatika və Statistika İdarəsi 6 saylı uşaq klinik xəstəxanası tərəfindən verilmiş stasionar xəstənin tibbi kartasından çıxarışdan görünür ki, 18.06.2005-ci il təvəllüdlü X4 şəkərli diabet tip İ, insulindən asılı, ilkin aşkar olunmuş diaqnozu qoyulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2011-ci il tarixli 2(012)-38/2011 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında 03 iyul 2006-cı il tarixdə Ağdam rayonu Xındırıstan ərazi icra nümayəndəliyində bağlanmış nikahın pozulması, 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X3 anası İddiaçı yanında qalmaları və Cavabdeh 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X3 18 yaşa çatanadək saxlanması üçün hər ay hər uşağa sabit olaraq 76 manat, cəmi 152 manat məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Birləşmiş Millətlər Təşkilatının "Uşaq hüquqları haqqında" 22 noyabr 1989-cu il tarixli Konvensiyasının 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir. İştirakçı dövlətlər uşağın valideynlərinin hüquq və vəzifələrini nəzərə alaraq, uşağı onun üçün zəruri olan müdafıə və qayğı ilə təmin etməyi öhdələrinə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə əsasən, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlara görə 175 (yüz yetmiş beş) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarında göstərilir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi - yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 76 (yetmiş altı) manat, cəmi 152 (yüz əlli iki) manat sabit pul məbləğində aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra tərəflərin maddi və ailə vəziyyəti, uşaqlar üçün qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və saxlanmaları üçün aliment tutulan uşaqların yaşı və tələbatı dəyişdiyinə görə Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, həmin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməlidir. Lakin məhkəmə Cavabdeh hər ay hər uşağa görə 175 manat sabit pul məbləğində aliment tutulması ilə razılaşa bilməz və hesab edir ki, həmin məbləğdə aliment tutulması cavabdehin hüquqlarını və mənafeyini pozmuş olar. Eləcə də, iddiaçı öz tələbində cavabdehdən hər uşağa görə hər ay 175 manat sabit pul məbləğində aliment tələb etdiyini bildirsə də, məhkəmə iclasında məhz həmin məbləğdə alimentin tutulmalı olmasını əsaslandıra bilməmiş və həmin xüsusat üzrə öz tələbini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, cavabdehdən tutulan alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti, uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, uşağın saxlanması ilə bağlı valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, 2021-ci il üçün uşaqların saxlanılmasına görə yaşayış minimumu kimi qanunla müəyyən edilmiş yaşayış minimumu həddi və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə” dair 27 iyul 2016-cı il tarixli Qərarı nəzərə alınmalı və saxlanmaları üçün xeyrinə aliment tutulan uşaqların normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh sabit pul məbləğində hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması üçün kifayətdir. Eyni zamanda məhkəmə hesab edir ki, Cavabdeh tutulan aliment miqdarının dəyişdirilməsinin əvvəli hazırki iş üzrə qəbul edilən qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Çünki 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabehdən hər ay hər uşaq üçün 76 manat, cəmi 152 manat sabit pul məbləğində aliment tutulmasına dair Abşeron Rayon Məhkəməsinin qətnaməsi hazırda icra edilir və həmin qətnamə əsasında verilmiş icra sənədi üzrə cavabdehdən uşaqların saxlanmaları üçün qeyd olunan məbləğdə aliment tutulur. Lakin hazırki iş üzrə aliment miqdarının dəyişdirilməsi barədə qəbul edilmiş qətnamə qanuni qüvvəsini aldıqdan sonra Abşeron Rayon Məhkəməsinin qətnaməsi qüvvəsini itirir və ona görə də hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldıqdan sonra aliment yeni qətnamə ilə müəyyən edilmiş məbləğdə tutulmalıdır. "Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarında qeyd olunur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 13 aprel 2011-ci il tarixli 2(012)-38/2011 saylı qətnaməsi ilə 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı dəyişdirilməli, Cavabdeh hazırki iş üzrə qəbul edilən qətnamə qanuni qüvvəsini aldığı gündən başlayaraq İddiaçı xeyrinə 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia tələbi qalan hissədə təmin olunmamalıdır. Eləcə də, Cavabdeh dövlət nəfinə 30 manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X1 üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilsin. 18.06.2005-ci il təvəllüdlü X2 və 06.05.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 140 (yüz qırx) manat olmaqla, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar