Məhkəmə qərarları › İş №2(012)-439/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-439/2025

21.06.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-439/2025 21.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzildən çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması, qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas hesab olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2010-cu il tarixdə Abşeron rayon VVAQ Şöbəsində rəsmi nikaha girmişdir. Birgə nikahdan X15 və X13 adlı uşaqlar anadan olmuşdur. Cavabdeh nikahın pozulması və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təxminən 3 aydan artıqdır ki, onlar ayrı-ayrı ünvanlarda yaşayır, birgə təsərrüfat aparmırlar. O, ayağından xəsarət almış, uzun müddət yataqda yatmışdır. Həmin zaman cavabdeh ona baxmamış, qulluğunda durmamışdır. Həmin vaxtdan sonra aralarında tez-tez mübahisələr olurdu. Onlar artıq ayrılmışlar. Yaşadığı mənzil ona atası X1 miras qalmışdır. Atası 2016-cı ildə vəfat etmişdir. O, vərəsəlik şəhadətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının DƏDRXdən tam mülkiyyətçi olaraq çıxarış almışdır. Bundan əlavə, ona xx.xx.2026-cü il tarixdə 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən **********80-10301 nömrəli texniki pasport verilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsində göstərilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-404/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Abşeron rayon qeydiyyat şöbəsində bağlanmış 06 yanvar 2012-ci il tarixli, 06 saylı nikah pozulmuş, nikah pozulduqdan sonra 03 sentyabr 2012-ci il təvəllüdlü X16 və 01 avqust 2013-cü il təvəllüdlü X7 anaları Cavabdeh yanında qalması, xx.xx.2024-cü il tarixdən başlayaraq 03 sentyabr 2012-ci il təvəllüdlü X16 və 01 avqust 2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdeh İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. İşdə olan qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində yerləşən 1 otqalı ev Abşeron rayon XDS İK-nin 08.08. saylı, xx.xx.1998-ci il tarixli qərarına əsasən X2 adına qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, döngə 1-də yerləşən 1 saylı ev (yeni qaydalarla Ş.İ.Xətai küçəsi, ev 74) paylı mülkiyyətə əsasən X8, İddiaçı və X4 adına qeydə alınmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, döngə 1-də yerləşən 1 saylı ev (yeni qaydalarla Ş.İ.Xətai küçəsi, ev 74) paylı mülkiyyətə əsasən İddiaçı və X5 adına qeydə alınmışdır. İşdə olan AZEMİS məlumatlarından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsi, döngə 1-də yerləşən 1 saylı evdə qeydiyyatdadır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, mübahisəli ev əvvəllər iddiaçının atasının mülkiyyətində olmuş, atası X3 xx.xx.2015-ci il tarixdə öldükdən sonra bu evə dair iddiaçının adına (vərəsələrin paylı mülkiyyəti) xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli reyestrdən çıxarışlar verilmişdir. Cavabdeh isə bu evdə qeydiyyatdadır. Tərəflərin nikahı xx.xx.2012-ci il tarixdə qeydə alınmış, məhkəmə qaydasında xx.xx.2025-ci ildə pozulmuşdur. Onların nikahından iki uşaqları vardır. Hazırda İddiaçı ½ hissədə mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən cavabdehin çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mənzil Məcəlləsinin 29.1-ci maddəsinə görə yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İş materiallarından görünür ki, mübahisəli yaşayış sahəsinin ½ hissəsini xx.xx.2023cü il tarixdə öz adına qeydə aldırmış İddiaçı cavabdehin nikah münasibətlərinə xx.xx.2025ci il tarixdə xitam verilmişdir. Bundan başqa, mübahisəli mənzillə bağlı tərəflər arasında hər hansı kirayə müqaviləsi bağlanmamış, əvəzsiz istifadə və ya digər qanuni əsaslarla (birgə nikah zamanı əldə olunma) onlar arasında hər hansı münasibət yaranmamışdır. Belə olan halda cavabdehin hazırda heç bir əsas olmadan mübahisəli mənzildə yaşaması paylı mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Halbuki, mülkiyyət hüququ qanunla qorunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsindən görünür ki, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İnsan Hüquqlarının və X10 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Qeyd edildiyi kimi, iş materiallarından görünür ki, mübahisəli mənzil hazırda İddiaçı paylı mülkiyyətindədir. Mübahisəli əmlakda cavabdehin yaşaması onun mülkiyyət hüquqlarını pozur, bu isə qanunla qadağandır. Cavabdeh iddiaçı ilə əvvəllər nikahda olması hazırki iddianın təmin edilməməsi üçün əsas hesab edilə bilməz, çünki mövcud qanunvericiliyə görə nikaha xitam verilməsi mənzildən istifadə hüququnun itirilməsi üçün əsasdır. İddianın digər hissəsinə, yəni bu qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin mənzildən cavabdehin qeydiyyatdan çıxarılması üçün əsas hesab olunmasına gəldikdə isə məhkəmə qeyd edir ki, bu hissədə iddianın təmin edilməsinə zərurət yoxdur, çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9.5-ci maddəsinə görə yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğu üçün qismən təmin edilməli, Cavabdeh ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılmalı, qalan hissədə isə iddia təmin edilməməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı paylı mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən çıxarılsın. Qalan hissədə iddia təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar