Məhkəmə qərarları › İş №2(012)-440/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-440/2022

14.02.2022 · Müqavilələrin ləğv edilməsi - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-440/2022 14.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsinin ləğvi, mənzilin boşaldılması və iddaçıya təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 83, mərtəbə 11, 43 saylı (69.5 kv.m) saylı mənzilin alqı-satqısına dair bağlanmış 31.10.2012-ci il tarixli, 16504 saylı müqavilənin ləğv edilməsi, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 83, mərtəbə 11, 43 saylı (69.5 kv.m) saylı mənzilin boşaldılması, mənzilin iddiaçı "xxxx" ASC-yə təhvil verilməsi və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 83, mərtəbə 11, 43 saylı (69.5 kv.m) mənzilin alqı-satqısına dair 31.10.2012-ci il tarixli, 16504 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən mənzilin dəyəri 57442,59 manat müəyyən edilmiş və cavabdeh həmin məbləği 120 ay müddətində hər ay 460,35 manat olmaqla hər ayın 30dək ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öhdəliklərini icra edərək mənzili cavabdehə təhvil vermişdir. Lakin cavabdeh tərəfindən uzun müddətdir ki, aylıq ödənişlər edilmir, müqavilənin tələbləri pozulur. Cavabdehə edilmiş şifahi və rəsmi xəbərdarlıqların heç bir nəticəsi olmamışdır. Bu hal iddiaçıya müqavilənin 3.1.1.3. və 3.1.1.7-ci bəndlərinə və Əlavə razılaşmanın 7-ci bəndinə əsasən yazılı xəbərdar etməklə müqaviləni birtərəfli qaydada ləğv etmək hüququ verir. Müqavilənin 3.1.1.3-cü bəndinə əsasən alıcı bu müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə bu müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları pozduqda, satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Müqavilənin 3.1.1.7-ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən olunmuş ödəniş müddətindən sonrakı 30 təqvim günü ərzində ödəniş etmədikdə, yazılı xəbərdar edildikdən sonra, satıcının bu müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Cavabdeh tərəfindən müqavilədən irəli gələn öhdəliklərin icra olunmaması müqavilənin əhəmiyyətli dərəcədə pozuntusuna dəlalət edir. İddiaçı müqavilənin icrasından birtərəfli qaydada imtina etməklə, onun ləğv edilməsi barədə bildirişi cavabdehə ünvanlamış, lakin bunun heç bir nəticəsi olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsi iddiaçıya müqaviləni ləğv etməklə bərabər mənzilin geri qaytarılmasını tələb etmək hüququ verir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Ona görə də o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 31.10.2012-ci il tarixli, 16504 saylı mənzilin alqı-satqısı müqaviləsindən görünür ki, satıcı "xxxx" ASC Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 83, mərtəbə 11, 43 saylı, 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.metr olan mənzili alıcı Cavabdeh satmağı, alıcı Cavabdeh isə 57442,59 manat məbləği 120 ay müddətində hər ay 460,35 manat olmaqla hər ayın 30-dək satıcı "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 11 fevral 2022-ci il tarixli, 03-01/105 №-li arayışdan görünür ki, Cavabdeh ilə "xxxx" ASC (arasında 31.10.2012-ci il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən bina 1, blok 83, mərtəbə 11, mənzil 43 (təzə 56), 2 otaqdan ibarət, ümumi sahəsi 69,5 kv.m olan mənzilin alınmasına dair 16504 saylı alqı-satqı müqaviləsi bağlanmış mənzilin dəyəri tərəflərin razılığı ilə 57442,59 manat məbləğində müəyyən olunmuş, alıcı mənzilin dəyərini 460,35 manat olmaqla 120 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Alıcı 11.02.2022-ci il tarixinə qədər 51559.20 manat ödəniş məbləği ödəməli olduğu halda, 26874,35 manat aylıq ödəniş ödəmişdir. Alıcının 24684,85 manat qrafik borcu və ödəmədiyi aylıq ödənişlərə görə hesablanmış cərimə borcu mövcuddur. Alıcı 24.11.2017-ci il tarixindən etibarən ümumiyyətlə ödəniş aparmır. Məhkəmə iddiaçı şirkətin nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutlar tədqiq olunarkən müəyyən edildi ki, Cavabdeh 31.10.2012-ci il tarixli, 16504 saylı mənzilin alqı-satqısı müqaviləsi üzrə iddiaçı "xxxx" ASC-dən Bakı şəhəri, Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 83, mərtəbə 11, 43 saylı (69.5 kv.m) saylı, ümumi dəyəri 57442,59 manat olan mənzili, həmin məbləği 120 ay müddətində hər ay 460,35 manat olmaqla hər ayın 30-dək satıcı "xxxx" ASC-yə ödəmək şərti ilə almış, lakin öhdəliklərini lazımı qaydada yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1 və 421.2-ci maddələrinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Məhkəmə qeyd olunan qanunvericilik normalarından və işin faktiki hallarından çıxış edərək belə nəticəyə gəlir ki, Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməməklə 31.10.2012-ci il tarixli, 16504 saylı mənzilin alqı-satqısı müqaviləsini əhəmiyyətli dərəcədə pozmuşdur. Ona görə də 31.10.2012-ci il tarixli, 16504 saylı mənzilin alqısatqısı müqaviləsinin ləğv edilməsi barədə iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmçinin 31.10.2012-ci il tarixli, 16504 saylı mənzilin alqı-satqısı müqaviləsinin 3.1.1.3-cü bəndinə əsasən alıcı bu müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini, xüsusilə bu müqavilənin 2-ci bölməsində nəzərdə tutulmuş ödəniş qaydaları barədə müddəaları pozduqda, satıcının müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Müqavilənin 3.1.1.7ci bəndinə əsasən alıcı bu müqavilə ilə müəyyən olunmuş ödəniş müddətindən sonrakı 30 təqvim günü ərzində ödəniş etmədikdə, yazılı xəbərdar edildikdən sonra, satıcının bu müqavilənin icrasından birtərəfli qaydada imtina etmək hüququ vardır. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 83, mərtəbə 11, 43 saylı (69.5 kv.m) saylı mənzilin boşaldılaraq iddiaçı Cəmiyyətə təhvil verilməsi hissəsində də təmin edilməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 10 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 83, mərtəbə 11, 43 saylı (69.5 kv.m) saylı mənzilin alqı-satqısına dair bağlanmış 31.10.2012-ci il tarixli, 16504 saylı müqavilə ləğv edilsin. Abşeron rayonu, Xırdalan qəsəbəsi, Sumqayıt şossesi, bina 1, blok 83, mərtəbə 11, 43 saylı (69.5 kv.m) saylı mənzil boşaldılsın, mənzil iddiaçı "xxxx" ASC-yə təhvil verilsin və Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 10 manat məbləğində pul tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar