Məhkəmə qərarları › İş №2(012)-4401/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4401/2022

02.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4401/2022 02.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin tutulması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən onun xeyrinə 3690 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat pulun və 7 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. xx.xx.2019-cu il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixli, 552-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixdə “OBA” mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, inventarizasiya nəticələrinə dair akta əsasən yekun ziyan məbləği 5879 manat müəyyən edilmişdir. Maliyyə arayışından görünür ki, ümumi qalıq borcdan 2190 manat güzəşt edilmiş, qalıq borc 3690 manat təşkil etmişdir. Bu borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi və iddia müddətinin keçməsi səbəbilə onun rədd olunmasını xahiş etdi. O, iddia müddətinin tətbiq edilməsi barədə ərizə verdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2018-ci il tarixli, 554-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinin satış şöbəsində 3 ay sınaq müddəti tətbiq edilməklə satıcı-kassir vəzifəsinə qəbul olunmuşdur. Onunla tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. Mülki işin materiallarından olan xx.xx.2019-cu il tarixli, 059-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh İddiaçı MMC-nin Satış Departamentinə administrator vəzifəsinə keçirilmişdir. Onunla tam maddi məsuliyyət haqqında müqavilə də imzalanmışdır. Mülki işin materiallarından olan xx.xx.2020-ci il tarixli, 552-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə öz xahişi ilə xitam verilmişdir. İşdə olan xx.xx.2019-cu il tarixli planlı inventarizasiya nəticələrinə dair aktdan görünür ki, İddiaçı MMC-yə məxsus Savalan-1 filialında mal qalığı 3148,93 manat təşkil edir. Akt Cavabdeh tərəfindən imzalanmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli planlı inventarizasiya nəticələrinə dair aktdan görünür ki, İddiaçı MMC-yə məxsus Zabrat-7 filialında mal qalığı 2729,82 manat təşkil edir. Akt Cavabdeh tərəfindən imzalanmamış, bu barədə imtina aktı tərtib edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında xx.xx.2019-cu il tarixində 3148,93 manat, xx.xx.2020-ci il tarixində 2729,82 manat olmaqla, cəmi 5878,75 manat çatışmazlıq müəyyən edilmişdir. Keçən müddət ərzində şirkət tərəfindən 2189,33 manat güzəşt edilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixinə İddiaçı MMC-yə ümumi borcu 3689,42 manat təşkil edir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmək münasibətlərində olmuşlar və cavabdeh iddiaçıya məxsus müəssisədə əvvəlcə satıcı-kassir, sonradan isə administrator vəzifəsində işləmişdir. Cavabdehin iddiaçı qarşısında məsuliyyəti barədə tam maddi məsuliyyət haqqında müqavilələr bağlanmışdır. Lakin Cavabdeh işlədiyi dövrdə İddiaçı MMC-də mal qalığı mövcud olmuş, bu zərər planlı inventarizasiya barədə aktlarla təsdiq olunmuşdur. İşdə olan sübutlardan məlum olur ki, ümumilikdə zərərin məbləği 5878,75 manat təşkil edir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh əmək münasibətləri zamanı öz vəzifəsinə uyğun iddiaçı qarşısında maddi məsuliyyət götürdüyündən onun iddiaçıya maddi zərər vurması real görünür. Bununla belə, iş materiallarından görünür ki, Cavabdeh hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə verərək iddianın rədd edilməsini xahiş etmişdir. Mübahisə üzrə iddia müddətilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 372-ci maddəsinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Əmək Məcəlləsinin 296.5-ci maddəsinə görə işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır (MM-nin 375.1-ci və 375.2-ci maddələri). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Yuxarıda qeyd olunan normaların tələblərindən də görünür ki, pozulmuş hüquqların bərpası ilə bağlı müraciət yalnız həmin mübahisələrə tətbiq olunan iddia müddətləri ərzində edilə bilər. Tərəflər arasındakı münasibətlər əmək qanunvericiliyi ilə bağlı öhdəliklərə şamil edilir ki, bu kateqoriyadan olan mübahisələrə 1 illik iddia müddəti tətbiq edilir. Mövcud mübahisə üzrə iddiaçıya işçisi tərəfindən vurulmuş zərərin mövcudluğu onun tərəfindən tərtib edilmiş xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixli aktlarla müəyyən edilmiş, yəni İddiaçı MMC artıq xx.xx.2020-ci il tarixdə ona Cavabdeh tərəfindən vurulmuş zərərdən məlumatlı olmuşdur. Həmin zərərin əvəzinin qaytarılması barədə tələb isə 1 il ərzində, yəni xx.xx.2021-ci il tarixədək qaldırıla bilərdi. Lakin İddiaçı MMC hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, bununla da qanunda nəzərdə tutulmuş iddia müddətini 15 ay ötürmüşdür. Mülki qanunvericiliyin tələbinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İşdən görünür ki, Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə vermişdir. Göründüyü kimi, İddiaçı MMC qanunla müəyyən edilmiş iddia müddətini ötürməklə məhkəməyə iddia ərizəsini təqdim etmiş, cavabdeh tərəf isə öz növbəsində haqlı olaraq iddia müddətinin ötürülməsi ilə bağlı qanunun tələblərinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Bu isə iddia tələbi əsaslı olsa belə, onun təmin edilməməsi üçün əsasdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın əvəzinin tutulması barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar