Məhkəmə qərarları › İş №2(012)-4403/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4403/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4403/2021 09.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Cəmilə Səfiyeva İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki işə 09 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc pul tələbinə dair sadələşdirilmiş iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 452,74 manat, faiz borcuna görə 5,86 manat və dəbbə borcuna görə 37,45 manat olmaqla, cəmi 496,05 manat və 20 manat dövlət rüsumuna görə ödənmiş pulun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə cavabdeh- Cavabdeh arasında bağlanmış 27 may 2019-cu il tarixli, NSNPU-0187_KMP saylı kredit müqaviləsinə əsasən illik 1% faiz dərəcəsi olmaqla 60 ay müddətinə 462,36 manat məbləğində cavabdehə kredit verilmişdir. Lakin borclu Cavabdeh müqavilə şərtlərini pozmuş, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. Tərtib olunan cədvələ görə borclunun banka olan borcu əsas borc üzrə 452,74 manat faiz borcuna görə 5,86 manat və dəbbə borcuna görə 37,45 manat olmaqla, cəmi 496,05 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 08 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə cavabdehlər Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. Belə ki, işin materiallarında olan 27 may 2019-cu il tarixli, NSNPU-0187_KMP saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh İddiaçı ASC-dən 1 %-lə 60 ay müddətinə, hər ayın 27-dən gec olmayaraq hər ay 7,91 manat ödəmək şərtiylə 462,36 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 07.06.2021-ci il tarixli, RB-02/PK-5385 saylı arayışdan müəyyən edilir ki, borclu Cavabdeh 01 iyun 2021-ci il tarixinə İddiaçı ASC-yə 27 may 2019cu il tarixli, NSNPU-0187_KMP saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 452,74 manat faiz borcuna görə 5,86 manat və dəbbə borcuna görə 37,45 manat olmaqla, cəmi 496,05 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında etibarlı kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən 27 may 2019-cu il tarixli, NSNPU-0187_KMP saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 452,74 manat, faiz borcuna görə 5,86 manat və dəbbə borcuna görə 37,45 manat olmaqla, cəmi 496,05 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı təşkilata ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 27 may 2019-cu il tarixli, NSNPU-0187_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 452,74 manat faiz borcuna görə 5,86 manat və dəbbə borcuna görə 37,45 manat olmaqla, cəmi 496,05 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar