Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4409/2024 02.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona gördürdüyü işə görə 1100 manat qalıq borcunu, 3 il ərzində hissə-hissə pulu verməsindən və qalığının da indiyə kimi vermədiyindən işlərini normal görə bilmədiyindən ən azı 300 manat maddi və mənəvi ziyan çəkməyini və 35 manat ödədiyi dövlət rüsumunun, ümumilikdə 1435 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, cavabdeh X4 mərhum atası Ağsu rayon Polis Şöbəsində axtarış üzrə inspektor olmuş, qardaşı Ağsu rayon Qaz istismarı İdarəsində mühəndis vəzifəsində işləyir, özünü də o, üzdən tanıyır, qonşu məhlədə yaşamışdır. O, Ağsu şəhərində plastik qapı-pəncərə hazırlanması və quraşdırılması ilə məşğul olur, sex yaşadığı küçədə yerləşir. Materialları nəğd aldığından müştərilərlə də danışığı belə olur ki, hazırladığı işi aparıb quraşdırandan sonra nəğd olaraq pulunu verməlidir. 2021-ci ilin oktyabr ayında cavabdeh X1 yanına gəlib Ağsu şəhərindən 3 km aralıda yerləşən Pirhəsənli kəndində ev tikdirdiyini, qapı-pəncərələrini plastik materialdan düzəltdirmək istədiyini bildirmişdir. O, cavabdehə bütün materialları göstərib qiymətlərini izah etmişdir. Cavabdeh ağ materialdan istəmişdir. Sonra da cavabdeh onu evinə aparıb evin bütün qapı- pəncərələrini, şəbəkəsini, evin damında olan olan yeri ölçdürmüş və o, hesablayıb bildirmişdir ki. cəmi məbləğ 3500 manat edir. Orada iş çox olmuşdur. O da cavabdehin dediyi işi tam hazırlayıb 13 sentyabr 2021-ci ildə aparıb quraşdırmış, lakin pulunu işi qurtarandan sonra tam almamışdır. Sonradan 2023-cü ilədək o, cavabdehdən hisə-hissə puldan almışdır, 1100 manat pulu isə indiyədək verməmişdir. Cavabdeh hər telefon zəngində qalıq borcunu verəcəyini bildirmiş, lakin hələ də borcunu ödəməmişdir. Cavabdeh borcu vaxtı-vaxtında vermədiyindən, o da ziyan çəkir, nağd olaraq material ala bilmir. Məsələ burasındadır ki, 3 ildir o, pulu tam ala bilmir. O, cavabdehin pulun qalığını verəcəyi barədə danışıqları və evində gördüyü işlərin şəklini çəkib diskə köçürtmüşdür. Cavabdeh ona gördürdüyü işdən qalan pulu vermədiyindən və pulun qalığını ödətdirmək üçün Ağsu rayon PŞ-ə şikayət ərizəsi ilə müraciət etmişdir. Lakin oradan ona verilən 3-13 64/2-X-8443/H/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubda göstərilir ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterlidir, məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Odur ki, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, o, iddia ərizəsini qismən qəbul edir. Belə ki, ona məxsus evə qapı-pəncərə qoyulması məqsədilə İddiaçı müraciət etmişdir. Onlar bu işlərin görülməsi müqabilində İddiaçı 3500 manat pul verəcəyini danışmışlar. Həmin puldan ödənişlər etmiş və onun iddiaçıya 1100 manat borcu qalmışdır. O, həmin borcu hissə-hissə qaytara bilər. Lakin iddia tələbinin digər hissəsi ilə razı deyildir. Məhkəmə tərəflərin izahatını dinləyib, cavabdehin qismən etirafını, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Ağsu rayon Polis Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində vətəndaşa verilmiş cavab məktubundan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, müraciətdə göstərdilən xüsusatlar məhkəmə predmeti olmaqla həlli məhkəmə orqanlarının səlahiyyətindədir. Göstərilənlərə əsasən tələbi lə bağlı mülki qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Eyni zamanda aparılmış araşdırmadan narazı qaldığı halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququ vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İddiaçı Ağsu rayonu, Ağsu şəhəri, 3-cü məhəllə, Cavabdeh isə ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında işin görülməsi müqabilində cavabdehin iddiaçıya pul verməsi barədə razılıq olmuşdur. Lakin cavabdeh gördüyü iş müqabilində iddiaçıya verməli olduğu puldan 1100 manat məbləğində pulu hələ də qaytarmamışdır. Ona görə də iddiaçı hazırda məhkəməyə müraciət edərək, pulun qaytarılmasını tələb etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə tədqiq olunmuş sübutlar əsasında iddiaçıya 1100 manat borcunun qalmasına dair cavabdehin etirafını, tərəflərin razılığını qəbul edərək, həmin etirafın qanuna zidd olmadığı və ya başqa şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı qənaətinə gəldiyindən, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də qismən təmin edilməli, Cavabdeh 1100 manat pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı tələbində 3 il ərzində hissə-hissə pulu verməsindən və qalığının da indiyə kimi vermədiyindən işlərini normal görə bilmədiyindən ən azı 300 manat maddi ziyan çəkməyinin əvəzini cavabdehdən tutulmasını xahiş etsə də, qeyd edilənləri təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, iddia həmin hissələrdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə iddia tələbində mənəvi ziyan tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Eyni zamanda, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 №-li Qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, iddiaçı keçirdiyi mənəvi iztirabların məhz cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində yaranmasını (səbəbli əlaqə) sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin:
107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 35 manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 150 və 216-236cı maddələrinə əsaslanaraq, məhkəmə
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 1100 (min yüz) manat pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumuna görə 35 (otuz beş) manat pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov