Məhkəmə qərarları › İş №2(012)-4411/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4411/2024

03.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4411/2024 03.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi ilə, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1125 manat pulun və əlavə zərərin miqdarının hesablanıb alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1125 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə xx.xx.2024-cü il tarixdə evində cam balkon düzəltdirməklə əlaqədar "Tap.az" proqramı vasitəsilə tanış olmuşdur. İlk dəfə əlaqə saxladığı gün saat 22:00 radələrində evinə gəlmiş, saatlarla danışaraq Hacıbala Abutalıbov və bir çox tanınmış şəxslərin adını çəkərək onu razı salmağa çalışmış, 15 dəqiqə ərzində balkonun ölçülərini götürərək 1700 manat məbləğ təyin etmişdir. Kartdan-karta ödəniş vasitəsilə 300 manat ilkin ödəniş alaraq 10 gün sonra materialları gətirib işə başlayacağı haqqında şifahi şəkildə razılıq əldə olunduqdan sonra saat 01:00 radələrində evini tərk etmişdir. Növbəti günlərdə hər dəfə sabah gələcəyini, lakin materiala pul çatmamasını bəhanə edərək yenidən müxtəlif məbləğlərdə, müxtəlif yalanlarla (bayramdan, övladının ad günündən, tanınmış şəxslərlə işlədikdən sonra) kartına pul göndərməyini xahiş etmişdir. Ümumilikdə, verdiyi sözlərə əməl etməyərək, dələduzluq yolu ilə 1525 manat pulunu mənimsəmiş və bundan sadəcə 400 manatı polisə şikayət etdikdən sonra karta geri qaytarmışdır. 29 fevral 2024 tarixdən sonra bir daha cavabdehi görməmişdir. Dəfələrlə sabah gələcəyini deyərək onu və ailə üzvlərini işindən etmiş və gözləmədə qoymuşdur. 25 may 2024 tarixdə polisə müraciət edərək cavabdehdən polis vasitəsilə pulunu tələb etmiş, yenə eyni bəhanələrlə pulunu sabah verəcəyini deyərək polis işçilərini də aldadaraq zamanı daha bir neçə ay uzatmışdır. Göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə izahatında iddiaçı ilə eyni məzmunlu izahat vermişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən idiaçının izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı Şəhəri Nəsimi RPİ-ni 20-ci PŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında Cavabdeh tərəfindən verilmiş izahatdan görünür ki, təxminən 18 il müddətdir ki, metal-konstruksiya işləri ilə məşğuldur. Bu fəaliyyəti dövrdə, hal-hazırki dövrədək ölkə daxilində bir çox işlər yerinə yetirmişdir. 2024cü ilin Feyral ayında Taleh onun istifadəsində olan ***-***-**-** GSM mobil nömrəsinə zəng edərək, evi üçün cam balkon düzəltməsini ondan xahiş etmişdir. O, razılaşdıqdan sonra, ölçülərin götürülməsi və qiymətin müəyyənləşdirilməsi məqsədilə onun Bakı şəhəri, Nəsimi rayonu, Azər Əliyev küçəsində yerləşən dəqiq ünvanım xatırlmadığı evinə getmişdir. O, həmin şəxsin evində olan zaman, ölçülər götürərək 1750 manata bu işi hazır vəziyyətə gətirəcəyini bildirmişdir. Taleh onunla razılaşdıqdan sonra, həmin gün 200 manat, səhərisi gün isə 325 manat pul vəsaitini onun istifadəsində olan 5213-6751-7540-5464 nömrəli AzərTürk bank plastik kartına göndərmişdir. Yerdə qalan ödənişi isə (1000 manat) müxtəlif vaxtlarda 5239-1517-8073-3930 nömrəli Kapital Bank ASC-ə məxsus olan kartına göndərmişdir. Yekunda isə, həmin şəxsin ona 200 manat borcu qalmışdır. O, həmin şəxsin ona göndərdiyi ümumilikdə 1525 manat pula lazım olan materialları almışdır. Lakin, halhazırki dövrədək, havanın qeyri-sabit olması (yağış və külək) səbəbindən işləri yekunlaşdırmaq mümkün olmamışdır. O, səbəbdən ki, həmin şüşə konstruksiyanın düzəldən zaman, yüksək dəqiqliklə ölçülərə uyğun iş aparılmalıdır. O, həmin materialların foto şəkillərini və qaimələri təhqiqata təqdim edərək, həmin pulun hansı istiqamət üzrə xərcləndiyini təhqiqata deyə bilər. Həmin cam balkonun quraşdırılmasında dəqiqlik tələb olunduğundan və iş hündürmərtəbədə aparıldığından, quraşdırma işləri yalnız sakit hava şəraitində həyata keçirilməlidir. Lakin, keçən bu dövrdə, son zamanlar havanın qeyri-stabil, küləkli yağışlı olması onların işinə əngəl törətmişdir. Beləliklə məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, İddiaçı iddiasına görə o, cavabdehlə xx.xx.2024-cü il tarixdə evində cam balkon düzəltdirməklə əlaqədar "Tap.az" sayıtı vasitəsilə tanış olmuş, həmin gün cavabdeh evinə gəlmiş, balkonun ölçülərini götürərək onunla 1700 manata danışaraq razılığa gəlmişlər. İlkin olaraq kartdan-karta 300 manat ödəniş etmiş, cavabdeh isə ödənişi alaraq 10 gün sonra materialları gətirib işə başlayacağını bildirmişdir. Vaxt keçməsinə baxmayaraq cavabdeh verdiyi sözə əməl etməmiş, materiala pul çatmamasını bəhanə edərək iddiaçıdan yenidən müxtəlif məbləğlərdə pul göndərməyini xahiş etmiş, iddiaçı müxtəlif vaxtlarda kart vasitəsilə ayrıayrılıqda cəmi 1525 manat cavabdehə pul köçürmüşdür. Lakin cavabdeh verdiyi sözlərə əməl etməyərək, görməli olduğu işləri yerinə yetirməmiş, aldığı 1525 manat pulu qaytarmamışdır. Sonradan iddiaçı Polis Şöbəsinə şikayət etdikdən sonra cavabdeh tərəfindən 400 manat iddiaçıya qaytarılımış, qalan 1125 manat borc olaraq qalmışdır. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 1125 manat pulunu cavabdehdən alınaraq ona verilməsi barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin -385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -425.1-ci maddəsinin tələbinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. -442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla isra edilməsi) başa düşülür. -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçıya məxsus evə qapıpəncərə qoymağ öhdəsinə götürmüş və iddiaçıdan buna görə 1525 manat pul almış, lakin işi tam yerinə yetirməmişdir. Cavabdeh həmin puldan 400 manat məbləğini iddiaçıya qaytarsa da, qalan 1125 manat məbləğini hələ də iddiaçıya qaytarmamışdır. Cavabdehin iddiaçıdan 1525 manat məbləğindı pul alması faktı iddiaçının izahatında göstərdikləri ilə bərabər, Bakı Şəhəri Nəsimi RPİ-ni 20-ci PŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında olan izahatı ilə də öz təsdiqini tapır. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi təmin edilməli, Cavabdeh 1125 manat pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı ödənilmiş dövlət rüsumunu tələb etmədiyindən, dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 1125 (min yüz iyirmi beş) manat pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar