Məhkəmə qərarları › İş №2(012)-4415/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4415/2023

22.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4415/2023 22.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, övladı xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 16 iyun 2020-ci il tarixində Sumqayıt “ASAN XİDMƏT” X3 Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan xx.xx.2021-ci il tarixində oğlu X8 dünyaya gəlmişdir. Xasiyyətləri düz gəlmədiyindən nikahları Masallı rayon Məhkəməsi vasitə ilə xx.xx.2022-ci il, 2(050)-1806/2022 tarixində ləğv edilmişdir. Məhkəmə Qətnaməsində xx.xx.2022-ci il tarixindən başlayaraq Cavabdeh Murməmməd oğlundan xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər aylıq qazancın və başqa gəlirlərin ¼ hissəsi miqdarında və əlavə olaraq 65 manat (altmış beş) sabit pul məbləğində aliment tutulub İddiaçı verilməsi qət edilmişdir. Həmin tarixdən cavabdeh 140 manat (yüz qırx) ödəməli idi. Son 2 aydır ki, cavabdeh alimentin yarısınıda ödəmir. Əlində müharibə iştirakçısını bayraq edərək alimenti tam ödəmək istəmir. Cavabeh özü tam sağlamdır, və hər yerdə işləyə bilər. Vətən borcunu yerinə yetirmək o demək deyil ki, övladına aliment ödəməsin. Övladları anadangəlmə xəstədir və onun müalicəsini “Narınc uşaq psixologiya mərkəzi” və “LOR” Hospitalda aparılır. Bununla əlaqədar olaraq iddiaçı məhkəmədən öncə Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Cavabdeh qismində olan Cavabdeh öz razılığı ilə alimentin artırılması 220 manat (iki yüz iyirmi) razı olmasını istəmişdir. Lakin onun təklifini qarşı tərəf qəbul etməmişdir. iddiaçının nümayəndəsinin iştirakı ilə keçirilən Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru X1 mediasiya sessiyasnda qarşı tərəfin heç bir razılığa gəlmədiyinə görə Abşeron Rayon Məhkəməsinə müraciət etmək üçün ona arayış vermişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması məhkəmədən xahiş olunmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməklə, iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində qeyd etmişdir ki, İddia tələbini qəbul etmir. Uşaq anadan olanda heç bir xəstəliyi olmamışdır. Bir ata kimi övladının həmişə qayğısına qalmağa hazırdır. Sadəcə olaraq iddia ərizəsində tələb olunan alimentin məbləği həddən artıq yüksəkdir. Belə ki, o “Kristal Abşeron”da fəhlə işləyir. Aylıq 430 (dörd yüz otuz) manat məbləğində gəlirə malikdir. Səhhətində olan problemlərlə əlaqədar olaraq başqa işdə işləyə bilmir. O bir Azərbaycanlı olaraq ərazi bütövlüyünü qorumaq üçün Qarabağ müharibəsində iştirak etmişdir. Bunu özünə borc bilmiş, bununla şərəf duymuşdur. Səhhətində nə qədər problemləri yaransa da, heç vaxt heç hara müraciət etməmişdir. Çünki Qarabağ döyüşlərinə iştirak etdiyini əlində bayraq etməmiş, öz vətən borcunu yerinə yetirmişdir. İddia ərizəsində bu cür yanaşma həqiqətən də düzgün deyil, qərəzli mövqedir. Qanunvericiliyin tələblərinə uyğun olaraq onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Aylıq gəlirik 430 manat qeyd edilsə də əmək haqqından müəyyən tutulmalar da olur. Digər tərəfdən də uşağı saxlamaq hər iki valideynin borcudur. İddiaçı özü də hal-hazırda Masallı rayonu “Fatimə” mebel evində satıcı işləyir, aylıq gəlirə malikdir və yaşayışını təmin etmək iqtidarındadır. Birgə nikahdan olan uşağın maddi təminatının qarşılanmasında o, öz köməkliyini də göstərə bilər. Odur ki, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. 34-cü maddəsinin İV bəndinə əsasən, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Sumqayıt Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AZ-T № 176173 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 954 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası İddiaçıdır. -Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsindən görünür ki, iddia təmin olunmuş, Cavabdeh ilə İddiaçı arasında Sumqayıt Asan Xidmət X3 xx.xx.2020-ci il tarixdə 960 nömə ilə bağlanmış nikah pozulmuş, nikah pozularkən tərəflərin birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılması, uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2022-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin 1/4 hissəsi miqdarında və əlavə olaraq 65 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. -Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ № 437498 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 24 nömrəsi ilə qeyd edilmişdir. -X4 verdiyi xx.xx.2023-cü il tarixli diaqnostikadan görünür ki, X6 Psixi və nitq inkişaf ləngiməsi, stereotip əlamətlər müşahidə olunmuşdur. -X4 verdiyi xx.xx.2023-cü il tarixli diaqnostikadan görünür ki, X6 təkrar müayinə zamanı Psixi-nitq inkişaf ləngiməsi, nitq yoxdur, komandalar var, üfürmə var müşahidə olunmuşdur. -Lor Hospital tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X2 və sağ qulaqları testdən keçirilmiş və aparılan audioloji müayinələrin nəticəsinə əsasən normal eşitmə təsdiqlənmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh tikintidə ixtisassız fəhlə kimi işləməklə aylıq əmək haqqısı 430 manat təşkil edir və Müharibə veteran kimi ayda 80 manat pensiya alır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın verdiyi xx.xx.2022-ci il tarixli M/V 105458 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh müharibə veteranıdır. -İ-15855 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2712 saylı Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. -İ-19279 saylı Azərbaycan Respublikası Medalı vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2714 saylı Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. -İ-59389 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s saylı Sərəncamına əsasən “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X8 iddiaçının himayəsində yaşayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından xx.xx.2021-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsinə əsasən, Cavabdeh azyaşlının yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin tutulması qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, azyaşlının yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanunu”na əsasən, 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi, qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə uşağın yaşını, qida, təhsil və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsi ilə qət edilmiş aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Beləliklə, məhkəmə qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirib, həmçinin, tərəflərin birgə nikahlarından olan azyaşlının mənafeyini nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi təmin edilməli, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 220 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Masallı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(050)-1806/2022 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar