Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4432/2021 09.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsinə 09 avqust 2021-ci il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə LGS000010 saylı, 06.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 535 manat əsas borc, 80,25 manat cərimə borcunun, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pulun və 0,40 manat dövlət rüsumunun ödənilməsi ilə bağlı bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, fiziki şəxs “X1” ilə Cavabdeh arasında bağlanmış LGS000010 saylı, 06.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh 1.215 manat dəyərində nisyə aldığı malın 100 manatını ilkin ödəniş olaraq ödəmiş, qalıq 1.115 manatını müqaviləyə əlavə olan ödəniş cədvəlinə uyğun olaraq hər ay ödəmək şərtilə 12 ay müddətində ödəməyi üzərinə götürmüşdü. İddiaçı MMC ilə fiziki şəxs “X1” arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən fiziki şəxs “X1”-nin Cavabdeh qarşı olan 1.115 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmiş və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. İddiaçı MMC 18.11.2020-ci il tarixində hüquqi formasını dəyişərək QSC-yə çevrilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödənişləri etməmiş, üzərinə düşən öhdəliyi lazımınca icra etməmişdir. Belə ki, sonuncu dəfə 25.03.2021-ci ildə ödəniş etmişdir. Cavabdehin bugünə 535 manat əsas borc, 80,25 manat cərimə borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 09 iyul 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və 13 iyul 2021-ci il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizəyə əlavə edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən sadələşdirilmiş icraat qaydasında qətnamə qəbul edilməlidir. İşin faktiki hallarından və tərəfin verdikləri mübahisə edilməyən izahatından müəyyən olunur ki, tərəflər arasında nisyə alqı-satqı müqaviləsindən irəli gələn mübahisə mövcud olmuşdur. Mülki işin materiallarında olan 06.07.2020-ci il tarixli, LGS000010 saylı nisyə alqısatqı müqaviləsindən və həmin müqaviləyə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh fiziki şəxs “X1”-dən 1.215 manat dəyərində aldığı malı ilkin olaraq 100 manat ödəniş etməklə, qalıq 1.115 manatı isə 12 ay müddətinə hər ay 92,92 manat ödəmək şərtilə əldə etmişdir. Mülki işin materiallarında olan fiziki şəxs “X1” ilə İddiaçı MMC arasında imzalanan 26 sentyabr 2019-cu il tarixli R-173/19 saylı faktorinq müqaviləsi, həmin müqaviləyə əlavə olunan Sazişdən və bildirişdən müəyyən edilir ki, fiziki şəxs “X1” Cavabdeh qarşı olan 1.115 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmiş və bu barədə alıcıya müvafiq bildiriş təqdim edilmişdir. Mülki işin materiallarında olan 18.06.2021-ci il tarixli maliyyə arayışından və 18.06.2021-ci il tarixli hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh 06.07.2020-ci il tarixli, LGS000010 saylı nisyə alqı-satqı müqaviləsi üzrə İddiaçı QSC-yə 535 manat əsas borc, 80,25 manat cərimə borcu olmaqla, cəmi 615,25 manat borcu vardır. İş materiallarında olan 17.06.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə İddiaçı QSC tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan 30.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı QSC tərəfindən hazırki iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu və həmin dövlət rüsumunun ödənilməsi ilə bağlı 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Fiziki şəxs “X1” ilə Cavabdeh arasında 06.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi bağlanmasına baxmayaraq, cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən, Fiziki şəxs “X1” ilə iddiaçı arasında imzalanan faktorinq müqaviləsi və həmin müqaviləyə əlavə olunan Sazişə əsasən Fiziki şəxs “X1”-nin cavabdehə qarşı olan 1.115 manat məbləğindəki tələb hüququ iddiaçıya keçdiyindən, cavabdehdən 535 manat əsas borc, 80,25 manat cərimə borcu olmaqla, cəmi 615,25 manat borc alınaraq iddiaçıya qaytarılmalı, bununla da iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, iddia təmin edildiyindən 30 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 535 manat əsas borc, 80,25 manat cərimə borcu olmaqla, cəmi 615,25 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul, həmçinin 0,40 manat bank xidmət haqqı tutulub İddiaçı QSC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səfiyeva Cəmilə İbrahim qızı
Məhkəmə qərarları › İş №2(012)-4432/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4432/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver