Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4438/2024 24.12.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Həsənova Elnurə Eynur qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus əmlaka vurulmuş 30000 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən fərdi yaşayış evi var. Həmin fərdi yaşayış evinin **********43-05101-093001 reyestr nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışı var. Həmin fərdi yaşayış evi ümumi sahəsi 75,0 kv.m olan bir mərtəbəli fərdi yaşayiş evindən, həmin evin həyətyanı sahəsində yerləşən 4.2 m x 12 m ölçüdə yardımçı tikilidən və digər təyinatlı tikililərdən ibarətdir. Fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən ona məxsus 4.2 m x 12 m ölçüdə yardımçı tikili 24 dekabr 2023-cü il tarixdə saat- 12 radələrində "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülərək məhv edilmişdir. O, əməkdaşların qanunsuz hərəkətlərinin qarşısını almağa çalişsa da orada olan Yasamal rayon Polis İdarəsinin əməkdaşları onu oradan uzaqlaşdıraraq, tikilinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülməsinə şərait yaratmışlar. "xxxx" ASC-nin əməkdaşlarından ona məxsus həmin yardımçı tikilini hansı əsasla sökmələrini soruşsa da, heç bir əsas göstərmədilər və rəsmi sənət təqdim etməkdən imtina etmişlər. "xxxx" ASC qeyd edilən hüquqa zidd fəaliyyəti nətəcəsində ona məxsus əmlaka 30000 manat məbləğində zərər vurulmuşdur. Bu tamamilə qanuna ziddir və burada əmlakın qəsdən məhv edilməsi və digər cinayətlərin əlamətləri var. O, "xxxx" ASC-nin əməkdaşları ilə görüşüb əmlakına vurulmuş maddi ziyanı tələb edərkən, ASC-nin rəhbər şəxsi kimi özünü təqdim edən İbrahim adlı şəxs ona demişdir ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən ona məxsus əmlaka vurulmuş maddi ziyan ASC tərəfindən tam olaraq ödəniləcəkdir, heç bir yerə şikayət etməyin. O da sözlərə inanaraq bu barədə hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət etməmişdir. Sonradan maddi ziyanın ödənişinin kecikdirilməsini görüb hər dəfə "xxxx" ASC-nin əməkdaşları, o cümlədən İbrahim müəllimlə görüşüb vurulmuş maddi ziyanı tələb edərkən, İbrahim müəllim onlara vaxt verilməsini, vurulmuş maddi ziyanı tam olaraq ödəyəcəklərini bildirmişdir. Lakin artıq hazırda ona məlum olmuşdur ki, "xxxx" ASC onun əmlakına vurduqları maddi ziyanı qəsdən ödəmir. Ona görə də bununla bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. "xxxx" ASC tərəfindən ona məxsus Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən 4.2 m x 12 m ölçüdə yardımçı tikilinin qəsdən sökülərək məhv edilməsini təsdiq edən şahidlər, fofoşəkillər və videogörüntü vardır. Onun tərəfindən yardımçı tikili tikilərkən müafiq icra hakimiyyətinə məlumat verilməyib və həmin tikilinin layihəsi olmayıb. Evin yerləşdiyi və faktiki istifadə etdiyi torpaq sahəsi onun mülkiyyətində deyildir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddiaçının izahatına uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, o, iddia tələbini qəbul etmir. Belə ki, iddiaçı ərizəsində qeyd edilən sahənin "xxxx" ASC tərəfindən sökülməsini bildirmiş və bununla da sübutetmə vəzifəsi onun üzərinə düşmüşdür. Lakin iddiaçı ərizəsində göstərilənləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən ,fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən 4.2 m x 12 m ölçüdə yardımçı tikili "xxxx" ASC tərəfindən sökülməmişdir. Fotoşəkildə və video görüntüdə "xxxx"ASC-nin əməkdaşları deyildir, orada MİS-in işçiləri və polislər görsənir. Bu səbəbdən də o, iddia tələbinin təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili ünvanında yerləşən 41 saylı ev xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********43-05101- 093001 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışdan göründüyü kimi Bakı şəhəri,Yasamal rayonu, Qanlı Gölün qərb sahili 41 ünvanında yerləşən xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına ********** qeydiyyat nömrəsi, **********43-05101-093001 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddia ərizəsində göstərilənlərə əsasən, sözügedən fərdi yaşayış evi ümumi sahəsi 75,0 kv.m olan bir mərtəbəli fərdi yaşayiş evindən, həmin evin həyətyanı sahəsində yerləşən 4.2 m x 12 m ölçüdə yardımçı tikilidən və digər təyinatlı tikililərdən ibarətdir, fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən iddiaçıya məxsus 4.2 m x 12 m ölçüdə yardımçı tikili 24 dekabr 2023-cü il tarixdə saat-12 radələrində "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülərək məhv edilmişdir. Bu səbəbdən iddiaçı hazırda məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus əmlaka vurulmuş 30000 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində Bakı şəhəri, Yasamal rayonu, Qanlı Gölün qərb sahili ünvanında yerləşən 41 saylı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən iddiaçıya məxsus 4.2 m x 12 m ölçüdə yardımçı tikilinin "xxxx" ASC-nin əməkdaşları tərəfindən sökülərək məhv edildiyini bildirərək, cavabdeh "xxxx" ASC tərəfindən ona məxsus əmlaka vurulmuş 30000 manat məbləğində zərərin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etsə də, məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirə bilməmiş, dəymiş zərərin 30000 manat olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddiaçı izahatından əlavə məhkəməyə təqdim etdiyi və məhkəmə iclasında tədqiq olunmuş fotoşəkillər və videoçəkilişdə olan şəxlərin "xxxx" ASC-nin əməkdaşları olduğunu göstərsə də, digər tərəf bunları inkar etmiş və bununla da həmin şəxslərin həqiqətən də ASC-nin işçiləri olması öz təsdiqini tapmamışdır. Eyni zamanda Məhkəmə qeyd edir ki, mülkiyyətdə olan evə dair yardımşı tikili tikildiyi halda həmin tikilinin layihəsi tərtib edilərək müafiq qaydada təsdiq olunmalıdır. Azərbaycan Respublikasının şəhərsalma və tikinti məcəlləsinin; 47.1. maddəsinə əsasən bu Məcəllənin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, habelə reklam qurğuları istisna olmaqla sifarişçi tikinti obyekti üzrə layihəçini və podratçını müəyyənləşdirir. 48.1. maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektlərinin, habelə məlumatlandırma icraatı qaydasında tikilməsi nəzərdə tutulan tikinti obyektlərinin layihələri layihəçi tərəfindən hazırlanır. Yalnız Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və layihələndirmə fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) almış hüquqi və ya fiziki şəxslər layihəçi ola bilərlər. 75.1. maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. 75.2. maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. 75.3. maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Qanunun tələblərindən göründüyü kimi iddiaçı yardımçı tikili ilə əlaqədar tikiliyə dair layhə sifariş etməmiş və eyni zamanda müafiq icra hakimiyyəti məlumatlandırılmamışdır. Eyni zamanda yardımçı tikilinin tikildiyi torpaq sahəsi iddiaçının mülkiyyətində deyildir. Göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi əsasssızdır və təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4438/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4438/2024
24.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver