Məhkəmə qərarları › İş №2(012)-4439/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4439/2024

17.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4439/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə 14 avqust 2002-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və nikahları Mingəçevir şəhər VVADQ Şöbəsində 202 nömrə ilə qeyd edilmişdir. Abşeron Rayon Məhkəməsinin 28 iyun 2024-cü il tarixli 2(012)-3151/ 2024 saylı qətnaməsi ilə onun iddiası təmin edilmiş, onunla Cavabdeh1 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş yetkinlik yaşına çatmayan 17 iyun 2009-cu il təvəllüdlü X6 onun yanında qalması qət edilmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X9 ilə ünvan 1 ünvanında yaşayırlar. Oğlu Raul onunla eyni otaqda qalır. Onlar artıq cavabdehlə 2 ilə yaxındır ki, evdə hər şeylərini, otaqlarını, əşyalarını və yemək-içməklərini ayırmışlar. Qızları Səmra və Ülviyyə anaları Validə ilə, oğlu Raul isə onunla bir otaqda qalır. Artıq çoxdan hiss etmişdir ki, cavabdehin psixoloji durumu yerində deyil və onun hərəkətlərinə göz yuma bilmirdi. Lakin üç övladlarının xətrinə birtəhər dözməyi qərara almışdır. Bundan əlavə 2 qızı Səmra, Ülviyyə ona bir insan kimi, Ata kimi hörmət qoymurlar, onu söyüb-təhqir edirlər, ona şər böhtan atmağa, onlara qarşı əl qaldırmağına çalışırlar. O nə qədər təmkinli olsa da, özünü onlardan qorumağa çalışsa da, artıq onlarla bir evdə qalmaq onun üçün dözülməz bir cəhənnəm əzabıdır. Cavabdeh onunla həyat yoldaşı kimi rəftar etmədiyi üçün, həmçinin 2 qızı ilə tez-tez onun və oğlunun üstünə hücum çəkdiyi üçün o və oğlu dəfələrlə aidiyyatı orqanlara Validənin hərəkətləri barədə tədbir görülməsindən ötrü müraciətlər etmişdir. Validə dəfələrlə Ailə, Qadın, Uşaq hüquqları üzrə Dövlət Komitəsinə dəvət edilərək izahatı alınmışdır. Həmçinin Validə, Səmra və Ülviyyə dəfələrlə onun üstünə hücum çəkib davadalaş salsa da, ona şər-böhtan ataraq, Abşeron Polis İdarəsinə ərizə ilə müraciət edərək onu tutdurmağa çalışmışlar. Artıq o və oğlu Raul cavabdehlərlə -Validə, Səmra və Ülviyyə ilə bir evdə qalmaqdan ehtiyat edirlər. O, artıq 2 ilə yaxındır ki, oğlunun yeməyininiçməyinin, geyiminin, təhsilinin qayğsını tək özü çəkir. Ancaq onun özünə də həyat yoldaşı, ömür-gün yoldaşı lazım olduğundan, onun bir insan, kişi kimi bir qadına ehtiyacı olduğundan o artıq çoxdan Validədən boşanıb, başqa qadınla evlənmək qərarına gəlmişdir. Artıq onun evlənmək istədiyi qadını oğluyla da tanış etmişdir. Validə və qızları onun evlənmək istədiyindən xəbərdardırlar. Cavabdehlər onun və gələcək həyat yoldaşının başına oyun açacaqlan ilə onu hədələyirlər. O isə bir insan kimi normal həyat sürmək, ailə qurmaq istəyir. Bu şəbədən də Validə və qızları ona məxsus evi tərk etməlidirlər. Qeyd edir ki, Abşeron rayonu, Xırdalan qəsəbəsi B.Səfəroğlu küçəsində yerləşən 41 saylı fərdi yaşayış evi 2010-cu ilə qədər əmisi X4 məxsus olmuşdur. 2011-ci il 13 iyul tarixdə əmisi X7 özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi B.Səfəroğlu küçəsində yerləşən 41 saylı fərdi yaşayış evini X1na bağışlamışdır. X1 16 may 2018-ci il tarixdə özünə məxsus olan Abşeron rayonu, Xırdalan qəsəbəsi B.Səfəroğlu küçəsində yerləşən 41 saylı fərdi yaşayış evini ona bağışlamışdır. İş materiallarına əlavə etdiyi sənədlərdən də göründüyü kimi mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ mövcuddur. Bu hüquq əmlaka dair maneəsiz istifadə, sahiblik və sərəncam hüquqlarımı ehtiva edir. Cavabdehlərin ona məxsus mənzilində qeydiyyatda qalması nəticəsində mülkiyyət hüquqlarının məhdudlaşdırılması, faktiki olaraq bu hüquqlardan məhrum edilməyi onun məhkəməyə müraciət etməyinə səbəb olmuşdur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərmişdir ki, o, 23 ildir ki, iddiaçıyla evli olmuşdur. Övladlarının hamısı ali təhsillidir. Biri ödənişli, digəri ödənişsiz təhsil alır. İddiaçı evin açarını dəyişmişdir və onu evə qoymur. İddiaçı içki aludəçisidir və dəfələrlə onu söymüş, təhqir etmiş və nalayiq ifadələr səsləndirmişdir. O, uşağı döyür və soyuq suda çimizdirir. İddiaçının əmisinin tikdiyi həmin evdə o, 2007-ci ildən yaşayır və 2010-cu ildə də qeydiyyata düşmüşdür. Aralarında nikah pozulmuşdur, ailə münasibətləri yoxdur. Məhkəmə iclasında Cavabdeh3 izahatında bildirmişdir ki, atası İddiaçı onun qardaşı Raulu öyrətmiş və öz tərəfinə çəkmişdir. Lakin ona, bacısına və anasına qarşı isə həmişə təzyiqlər göstərmiş və münaqişələr yaratmışdır. Onda ataya qarşı nifrət oyanmasının səbəbi odur ki, atası ona qarşı əxlaqsız hərəkətlər nümayiş etsdirmişdir. Bununla bağlı video görüntülər də vardır. Atası onları soyuqda küçəyə atmışdır. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, o, anasının və bacısının dedikləri ilə tam razıdır. Mülki Prosessual Məcəllənin: 62.1 maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. 76.1-ci və 76.2 maddələrinə əsasən işdə iştirak edən şəxslərin izahatları, eləcə də şahidlərin ifadələri sübutların bir növü kimi qəbul edilir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Hədiyyə verən X7 ilə hədiyyə alan X5 arasında bağlanmış xx.xx.2011-ci il tarixli ev bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti, dalan 3 ünvanında yerləşən 3 otaqdan ibarət 15 nömrəli fərdi yaşayış evini və torpağı hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə mənzili xüsusi mülkiyyətinə qəbul etmişdir. -Hədiyyə verən X5 ilə hədiyyə alan X8 arasında bağlanmış xx.xx.2018-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən görünür ki, hədiyyə verən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alanın mülkiyyətinə vermiş, hədiyyə alan isə mənzili xüsusi mülkiyyətinə qəbul etmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********81- 10301 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. -Asan 1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AR DİN yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı başqa ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan yoxdur. -Abşeron Rayon Məhkəməsinin 2(012)-3151/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, İddiaçı ilə Cavabdeh1 arasında 14 avqust 2002-cü ildə Mingəçevir şəhəri VVADQ Şöbəsində bağlanmış 202 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra 17 iyun 2009-cu il təvəllüdlü X6 atası İddiaçı yanında qalması qət edilmişdir. Beləliklə, işin məhkəmə iclasında araşdırılan hallarına və tədqiq edilən sənədlərə əsasən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX Seriyalı, ******* №-li çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********81-10301 reyestr nömrəsi ilə xx.xx.2018-ci il tarixində qeydiyyata alınmışdır. Cavabdehlər sonradan yaşayış yerlərini dəyişib başqa ünvana köçdüklərindən iddiaçı cavabdehlərin istifadə hüquqlarına xitam verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasındakı ailə münasibətlər 2009-cu il oktyabrın 1dən əvvəl, yəni 2002-ci ildən yarandığından həmin münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin: -228.1. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. -228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. -228.4. maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. -228.5. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə qeyd edir ki, işin araşdırılan hallarından göründüyü kimi mübahisəli evin mülkiyyətçisi iddiaçının əmisi və sonra isə bağışlama müqaviləsi əsasən atası olmuşdur. Tərəflərin verdiyi izahatdan görünür ki, tərəflər mübahisəli evə 2007-ci il tarixində köçərək yaşamışlar. Tərflər həmin evə köçənədək mənzil iddiaçının X1nun mülkiyyətində olmuşdur. Mülki Məcəllənin 228.5. maddəsindən göründüyü kimi Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin razılıq mülkiyyətçi ilə bağlanmış notarial qaydasında təsdiq edilmiş razılaşmanı nəzərdə tutur. Cavabdeh1 isə 2007-ci ldə mübahisəli evə köçərkən mülkiyyətçi ilə belə bir razılaşması olmamışdır. Hazırda isə mübahisəl ev İddiaçı mülkiyyətindədir. Tərəflər arasında nikaha xitam verilmişdir. Artıq Cavabdeh1 iddiaçının ailə üzvü sayılmır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi X5 ilə Cavabdeh1 arasında razılaşma müqaviləsi olmadığından, tərəflər arasında nikah münasibətləri ləğv edildiyindən, hazırda isə iddiaçının mübahisəli evə mülkiyyət hüququ olduğundan iddianın Cavabdeh1 ünvan 1 ünvanından istifadə hüququna xitam verilməsi hissəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

152. maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

Məhkəmə iddianın digər cavabdehlərə münasibətdə hesab edir ki, cavabdehlər olan Cavabdeh2 və Cavabdeh3 İddiaçı ailə üzvləri (övladları) olduğundan, Mülki Məcəllənin 228.5. maddəsinə əsasən Cavabdeh2 və Cavabdeh3 sözügedən evə istifadə hüquqları saxlanılmalı və iddia tələbi həmin hissələrdə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu tələb edilmədiyindən, iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar