Məhkəmə qərarları › İş №2(012)-4442/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4442/2024

26.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4442/2024 26.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 6250 manat məbləğində pulun və dövlət rüsumu qismində ödədiyi 83 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən 180 m2 torpaq sahəsini xx.xx.2015-ci il tarixli AR-İ № 432820 saylı etibarnamə əsasında almışdır. Qeyd edir ki, Cavabdeh ev tikib satmaqla məşğul idi. O da aldığı torpaq sahəsi üzərində ev tikdirmək üçün cavabdehə müraciət etmişdir. Lakin ödəniş edərkən pulunun əskik qalan 17000 manat məbləğində pulun əvəzinə torpağın 60 m2 cavabdehə vermişdir. Cavabdeh qalan 120 m2 sahədə ona ev tikmək əvəzinə 4 otaq, 1 zal, 1 dəhliz, 1 mətbəx və sanitar qovşağından ibarət, ümumi sahəsi 81.40 m2 sahədə ev tikmişdir. Hazırda inşa edilməmiş, boş qalmış 25 m2 sahənin dəyərinin, yəni 6250 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsinə zərurət vardır. Bu səbəbdən də, mövcud tələblə məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı ondan əvvəlcə ünvan 1 ünvanında yerləşən 180 kv.metr torpaq sahəsi almış və ona ev tikməyi həvalə etmişdir. Lakin pulu çatmadığına görə əvəzində torpağın 60 kv.metrini ona vermişdir. O, isə qalan 120 kv.metr torpaqda bir-birinə bitişik olan biri 3 otaqlı, digəri 2 otaqlı olmaqla 2 evi tikmiş və iddiaçıya təhvil vermişdir. Odur ki, iddiaçının tələbi tamamilə əsassızdır. Bu səbəbdən o, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilmlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Bakı Şəhər 43 saylı Notariat Kontoru tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AR-İ 432820 saylı etibarnamədən görünür ki, etibar edən X1 etibar edilən İddiaçı Abşeron rayonu, Xırdalan qəsəbəsi, Quşçuluq yaşayış massivi, 19-cu küçəsi 2-də yerləşən, yaşayış sahəsi 45.2 kv.metr 2 otaqlı yaşayış evin 340 kv.m həyətyanı sahəsindən 180 kv.m torpaq sahəsinin və üzərində tikilini sənədləşdirmə işləri aparmağı həbsdə və girovda olmaması barədə arayışı aldıqda sərəncam vermək, bank əməliyyatarını aparmağı,reyestrdən çıxarışı almağı, tikinti iş!ərini aparmağı, məhkəmədə iştirak otmək, notariat kontorunda alqı-satqı müqaviləsini rəsmiləşdirmək., bu barədə müqaviləni imzalaması, rüsüm ödənilməsi, pulu almağı və bu tapşırığı yerinə yetirilməsi ilə əlaqədər adından ərzə verməyə və digər hərəkətləri etməyi etibar etmişdir. -Azərbaycan Respublikası Daşınmaz Əmlakın İnventarlaşdırılması və Qiymətləndirilməsinə dair hesabat cədvəlindən görünür ki, tikintinin sahibi İddiaçı məxsus torpaq sahəsi 95 m2, tikinitinin ümumi sahəsi 81,40 m2 olan ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2016-cı il tarixində inventarlaşdırılmışdır. Mənzilin dəyəri 40200 manat qiymətləndirilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı İslamov X2 rayonu, Xırdalan şəhəri, Səttar Bəhlulzadə küçəsi, döngə 1, dalan 1, ev 5 ünvanında yerləşən 180 m2 torpaq sahəsini almış, lakin pulu çatmadığına görə torpağın 60 kv.metrini cavabdehə vemişdir. Qalan 120 kv.metr torpaq sahəsində isə ev tikmək bardə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın İnventarlaşdırılması və Qiymətləndirilməsinə dair hesabat cədvəlindən görünür ki, tikintinin sahibi İddiaçı məxsus torpaq sahəsi 95 m2, tikinitinin ümumi sahəsi 81,40 m2 olan ünvan 1 ünvanında yerləşən mənzil xx.xx.2016-cı il tarixində inventarlaşdırılmış, mənzilin dəyəri 40200 manat qiymətləndirilmişdir. Hazırda İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 120 kv.metr deyilı, 81,40 kv.metr ev tikdiyini göstərərək, Cavabdeh tikintidən tikilməyən qalan 25 kv-ə görə 6250 manat məbləğində pulun alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.4. maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında iddiaçıya məxsus olması deyilən evin tikilib təhvil verilməsi barədə şifahi əqd bağlanmış, tərəflərin bir-biri qarşısında öhdəlikləri yaranmışdır. Bu işin bübahisə edilməyən halıdır və hər iki tərəf bunu izahatlarında təsdiq etmişlər. Məhkəmə araşdırılması zamanı iddiaçı cavabdehin öhdəlikləri tam yerinə yetirmədiyini bildirmiş, cavabdeh isə iddiaçının dediklərini təkzib edərək öhdəliklərini tam yerinə yetirdiyini, iddiaçı qarşısında hər hansı öhdəliyinin qalmadığını qeyd etmişdir. İddiaçı iddia tələbində hazırda inşa edilməmiş boş qalmış 25 m2 sahənin dəyərinin, yəni 6250 manat məbləğində pulun cavabdehdən tutularaq ona verilməsini xahiş etsə də, məhkəmə baxış iclasında iştirak etmiş iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi həmin halı sübuta yetirə bilməmişdir. Həmçinin iddiaçı 25 m2 torpaq sahəsinin dəyərinin 6250 manat olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, məhkəmə hesab edir ki, iddia tələbli əsaslı hesab edilə bilməz, ona görə də təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar