Məhkəmə qərarları › İş №2(012)-4446/2022

Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-4446/2022

21.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4446/2022 21.11.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X3 2000 manat məbləğində pulumun və iş üzrə ödənilmiş 40 manat dövlət rüsumunun tutularaq, mənim nəfımə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsində cavabdehin adı yanlışlıqla “Cavabdeh” əvəzinə “X6” olaraq göstərilmişdir. Odur ki, qeyd edilən düzəlişin nəzərə alınmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi ərazisində Qala qorodok adlanan yerdə 3 sot torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində ev tikmək qərarına gəlmişdir. Bunun üçün instagram adlı sosial şəbəkdə tikinti şirkətləri ilə maraqlanmışdır. Elanların birində “Xudatoğlu inşaat” tərəfindən yerləşdirilmiş elan onun diqqətini cəlb etdiyindən, şirkətin elanında kampaniya keçirildiyini, 30% ilkin ödəniş etməklə, qalan məbləğin hissə-hissə ödənilmə imkanı olması barədə məlumat qeyd edilmişdir. Həmin şirkətin elanından qeyd olunan mobil nömrə vastəsi ilə əlaqə saxlamışdır. Ona özünü Afgan kimi təqdim edən şəxs şirkətin işçisi olduğunu bildirmişdir. Onlar 18 aprel 2022-ci il tarixdə Qala qəsəbəsində yerləşən torpaq sahəsində görüşməyə razılaşmışlar. Təyin edilmiş gün 14:00 radələrində cavabdehlə torpaq sahəsinin olduğu yerdə görüşmüşlər. Cavabdeh torpaq sahəsinə baxdıqdan sonra o həmin torpaq sahəsində tikiləcək evin lahiyəsini və formasını cavabdehə göstərmişdir. Cavabdeh ona lahiyənin üzərində işləyib yeni formasını göstərəcəyini bildirmişdir. Həmin gündən sonrakı gün yəni 19 aprel 2022-ci il tarixdə cavabdeh saat 12:00 radələrində istifadəsində olan mobil nömrənin “Whatsapp” sosial şəbəkəsi vastəsi ilə evin lahiyəsini göndərmişdir. Göndərdiyi lahiyəyə əsasən həmin tikinti şirkəti orada bir mərtəbəli 100 m2 ev tikib təmir işləri görəcəklər. Daha sonra cavabdeh həmin lahiyə əsasında onun torpaq sahəsində evin tikilməsi üçün ondan 40000 manat pul istəmişdir. Lakin o, cavabdehə evin qapılarını, oboylarını və sanuzelin kafel metlaxını istəmədiyini bildirmişdir. Cavabdeh də həmin işlərə görə hesablanan pulu həmin məbləğdən çıxdıqdan sonra tikinti üçün 37000 manat və əlavə olaraq 1000 manat endirim edəcəyini demişdir. Həmin məbləğ onu qane etdiyi üçün cavabdehlə razılaşmışdır. Cavabdeh ilkin ödəniş kimi 9000 manat pul istəmiş, o da cavabdehə ona vaxt verməsini, avtomobilini satıb pulu düzəldəcəyini bildirmişdir. İlkin ödəniş olaraq əlində olan 2000 manat pulu cavabdehə verməyə, qalan 7000 manat pulu isə 20-25 gün ərzində ödəməyə razılaşmışlar. Cavabdeh də onunla razılaşaraq həmin gün görüşüb pulu götürməyi təklif etmişdir. Onlar danışdıqları gün 14:00 radələrində cavabdehlə Qala qəsəbəsində yerləşən torpaq sahəsində görüşmüşlər. Cavabdeh iki nəfər adını bilmədiyi şəxslərlə oraya gəlmişdir. Həmin şəxslərdən biri özünü usta kimi təqdim etmişdir. Əfqan torpaq sahəsinin ölçülərini götürərək ustaya lahiyə barədə izah vermiş və daha sonra həmin gündən növbəti gün tikinti işlərinin başlayacağını bildirmişdir. Həmin vaxt onunla “Xudatoğlu İnşaat” şirkəti arasında müqavilə imzalanmışdır. Həmin müqavilənin bir nüsxəsi ona verilmişdir. Onu da qeyd edir ki, o, daha sonra cavabdeh barəsində polisə şikayət etdiyi zaman həmin müqaviləni araşdırma aparan polisə təqdim etmişdir. Cavabdehin bu hərəkətləri onda etibar və inam yaratdığı üçün inanaraq 2000 manat pulu cavabdehə vermişdir. Cavabdeh onu inandırmışdır ki, tikinti işləri səhərdən başlayacaqdır. Bütün bu söhbətlər əsnasında cavabdehin də əvvəlcədən məlumatı olaraq aralarında olan danışıqlar telefon vastəsi ilə səs yazı olaraq qeyd edilmişdir. Həmin gün axşam evə getdikdən sonra cavabdehin ona verdiyi təklifin onu qane etmədiyini və evin tikintisindən imtina etmək istədiyini düşünmüşdür. Bundan sonra həmin günün axşamı cavabdehə zəng etmiş, lakin cavabdeh onun zənglərinə cavab verməmişdir. Həmin gündən sonrakı gün cavabdehə yenidən zəng vuraraq ev tikintisindən imtina etdiyini və pulun geri qaytarılmasını tələb etmiş, lakin cavabdeh müxtəlif bəhanələr gətirərək 2000 manat pulu geri qaytarmaqdan boyun qaçırmışdır. Belə ki, cavabdeh pulu geri qaytaracağını vəd etsə də, vədinə əməl etməmişdir. Bununla bağlı o, 2022-ci ilin may ayında 102 xidmətinə zəng edərək şikayət ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 cavabdehi PB-nə dəvət edərək izahatını almışdır. Cavabdeh izahatından da açıq aydın görünür ki, cavabdeh istifadəsində olan Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən torpaq sahəsində tikinti işləri aparmaq üçün ondan 2000 manat pul vəsaitini almış və geri qaytarmamışdır. Cavabdeh tərəfindən həmin torpaq sahəsində heç bir tikinti işləri aparılmamışdır. Dəfələrlə pulunun geri qaytarılmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınır. O, tənha ana kimi övladlarını böyütmək və qayğısına qalmaq üçün gecə-gündüz çalışır. Bir neçə il ərzində çox çətinliklərlə qazanıb topladığı 2000 manat pulu itirmək istəmir. Həmin pul onun övladlarının haqqıdır. Qeyd etmək istəyir ki, cavabdeh Gürcüstan Respublikasının vətəndaşıdır. Lakin Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə vərəqəsi almışdır. Həmin icazə vərəqəsinin surətini iş materiallarına əlavə etmişdir. Eyni zamanda vəkil tərəfindən müvafiq sorğu göndərilmiş və sorğuya cavab da iş materiallarına əlavə edilmişdir. X4 müvəqqəti qeydiyyat ünvanı ünvan 1həri Xəzər rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X1 tərəfindən araşdırma aparılmış, xx.xx.2022-ci il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan Xəzər Rayon Polis İdarəsinin 04 iyun 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında göstərilən Cavabdeh tərəfindən imzalanaraq tərtib edilmiş izahatdan görünür ki, təxminən 2014-cü ildə «Xudatoğlu» şirkətini yaratmış, lakin təsisçi tanış X2r. Şirkət rəsmi olaraq qeydiyyatdan keçməmiş, lakin Məhəmməd Həsənovun adına fiziki şəxs kimi Vergilər nazirliyindən VÖEN açılmışdır. Ofisləri Bakı şəhəri, Binəqədi rayonu ərazisində Ayna Sultanova heykəlinin yaxınlığında yerləşir. İnstaqram sosial şəbəkəsi vasitəsilə fərdi evlərin tikilməsi ilə bağlı elanlar yerləşdirilmişdir. Həmin elanda onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi qeyd edilmişdir. Təxminən xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefona Arzu adlı qadın zəng vuraraq ev tikdirmək istədiyini demiş, o, da ona qiyməti demiş, bundan sonra onlar razılaşmışlar ki, evin tikiləcəyi yerə baxsınlar. Təxminən 2 gün sonra xx.xx.2022-ci il tarixdə Arzu adlı qadına məxsus Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində yerləşən 2 sot torpaq sahəsinə baxmış, həmin vaxt Arzu ilə razılaşmışlar ki, o evi 36000 manata tikəcəkdir. Arzu evin proyektini hazırlamağını bildirmiş, onlar da evin proyektini hazırladlıqdan sonra müqaviləni tərtib etmişlər. xx.xx.2022-ci il tarixdə Arzu ilə torpağın yerləşdiyi yerdə Məhəmməd Həsənovla və ustlarla görüşmüşlər. Həmin vaxt evin lahiyəsini Arzuya göstərmiş, lahiyə Arzunun xoşuna gəlmiş və ilkin ödəniş kimi Arzu ona 2000 manat pul vermiş, lakin onlar razılaşmışlar ki, Arzu ona 7000 manat pul verməlidir. 2000 manat pulu alanda buna görə qəbz verməmiş, Arzu demiş ki, pulun qalanını bir həftə ərzində verəcəkdir. Bundan sonra usta torpağı ölçüb tikiləcək evin yerini müəyyənləşdirmişdir. Səhərisi gün Arzu ona zəng vuraraq demiş ki, ev tikdirmək fikrindən daşınıb ev tikdirmək istəmir və ona verdiyi 2000 manat pulu geri tələb etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, Cavabdeh İddiaçı 2000 manat pul almışdır. Sonradan tərəflər arasındakı razılıq pozulmuş və iddiaçı ev tikintisindən imtina etmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən ödənilən 2000 manat məbləği bügunədək qaytarmamışdır. Qeyd edilən hallar Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin 11 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarında cavabdehin özünün verdiyi izahatı ilə təsdiqini tapır. Odur ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, Cavabdeh 2000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, dövlət rüsumuna görə ödənilmiş 40 manat cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2000 manat məbləğində pul və 40 manat dövlət rüsumu tutularaq İddiaçı verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar