Məhkəmə qərarları › İş №2(012)-4484/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4484/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4484/2021 06.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 06 oktyabr 2021-ci il tarixdə, Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 482.27 manat kredit borcu, 83.41 manat faiz borcu və 173.11 manat cərimə borcu olmaqla, ümumilikdə 738,79 manat məbləğində bоrcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 06.12.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsi əsasında 12 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 700 manat məbləğində kredit götürmüşdür. Borclu kredit müqaviləsinin tələblərini pozaraq dəfələrlə ödənişi yubatmış, kredit müqaviləsi üzrə 06.05.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 217.73 manat ödəniş etmiş və iddiaçıya olan 482.27 manat kredit borcunu qaytarmamışdır. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Mülki işin materiallarında olan 06.12.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC-dən 12 ay müddətinə aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 700 manat məbləğində kredit götürmüşdür. Mülki işin materiallarında olan 017G**********01 №-li zaminlik müqaviləsindən müəyyən edilir ki, kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 Cavabdeh1 zamin durmaqla bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Həmin zaminlik müqaviləsi kredit müqaviləsinin müddəti bitdikdən sonra 3 il ərzində qüvvədədir. Mülki işin materiallarında olan 30.04.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 İddiaçı QSC-yə 06.12.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsi üzrə olan borcu 30.04.2021-ci il tarixinə 482.27 manat kredit borcu, 83.41 manat faiz borcu və 173.11 manat cərimə borcu olmaqla, ümumilikdə 738,79 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması ücün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə hesablanmış 173.11 manat cərimənin məbləği azaldılmalı və 15 manat məbləğində müəyyən edilməlidir. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh2 borclu Cavabdeh1 ilə birlikdə İddiaçı QSC qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06.12.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsi üzrə 482.27 manat kredit borcu, 83.41 manat faiz borcu və 15 manat cərimə borcu olmaqla, ümumilikdə 580,68 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı QSC-yə verilməli, iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 06.12.2019-cu il tarixli 017A********** saylı kredit müqaviləsi üzrə 482.27 manat kredit borcu, 83.41 manat faiz borcu və 15 manat cərimə borcu olmaqla, ümumilikdə 580,68 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar