Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4487/2021 16.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi Süleymanov Ramil Bahadin oğlunun iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMCdən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 28804.77 manat, faiz borcu üzrə 8277.60 manat, olmaqla cəmi 37082.37 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyəti iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 23.02.2015-ci il tarixli 9147 nömrəli kredit müqaviləsinə əsasən 06.10.2021-ci il tarixinə əsas borc üzrə 28804.77 manat, faiz borcu üzrə 9205.75 manat, olmaqla cəmi 38010.52 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30.40 (otuz manat 40 qəpik) manat dövlət rüsumu və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Beynəlxalq X7 Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edib izahatında göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 9147 nömrəli 23.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə illik 10 faiz olmaqla 35496 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi kreditor "xxxx" MMC arasında 1306 nömrəli 23.02.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Qeyd olunan müqavilələr üzrə öhdəliklər yerinə yetirilməmişdir. 9147 nömrəli 23.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən 06.10.2021-ci il tarixinə Cavabdeh2 əsas borc üzrə 28804.77 manat, faiz borcu üzrə 9205.75 manat, cəmi 38010.52 manat borcu mövcuddur. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Digər Cavabdeh1 nümayəndəsi iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 23.02.2015-ci il tarixli 9147 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 120 ay müddətinə illik 10 faiz hesablanmaqla 35496 (otuz beş min dörd yüz doxsan altı) manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 10 faizlə hesablanır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 23.02.2015-ci il tarixdən başlayaraq, 10.06.2021-ci il tarixinə kimi hər ay banka 469 manat ödəməklə qaytarmalıdır. -23.02.2015-ci il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə 39440 (otuz doqquz min dörd yüz qırx) manat pul vəsaitini imza edərək təhvil almışdır. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh2, zamin AAAF- İnşaat MMC arasında bağlanmış 23.02.2015-ci il tarixli 1306 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1nə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -10.06.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 28804.77 manat, faiz borcu üzrə 8277.60 manat, olmaqla cəmi 37082.37 manat kredit borcu vardır. -07.10.2021-ci il tarixli Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh2 həmin tarixə əsas borc üzrə 28804.77 manat, faiz borcu üzrə 9205.75 manat, olmaqla cəmi 38010.52 manat kredit borcu vardır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh2 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər borclu Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi əsaslı olmaqla təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.02.2015-ci il tarixli 9147 saylı kredit müqaviləsi üzrə borclular tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 28804.7 manat əsas və 9205.75 manat faiz borcu olmaqla cəmi 38010.52 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 23.02.2015-ci il tarixli 9147 saylı kredit müqaviləsi üzrə 28804.7 manat əsas və 9205.75 manat faiz borcu olmaqla cəmi 38010.52 manat borc və 30.40 manat dövlət rüsumu Azərbaycan Beynəlxalq X7 Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4487/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4487/2021
16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver