Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4489/2021 16.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1500 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 10.10.2009-cu il tarixdə Abşeron rayonu Mehdiabad qəsəbəsində bələdiyyə torpağını zəbt edərək aldatma yolu ilə həmin torpaq sahəsini ona 1500 manata satmışdır. Halbuki həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olmuşdur. Onunla cavabdeh arasında razılıq əsasında tərtib edilmiş 10.10.2009-cu il tarixli iltizama əsasən cavabdeh 70 kv.m torpaq sahəsinə görə ondan 1500 manat pul vəsaiti aldığını etiraf etmişdir. Cavabdeh qanunvericiliyin tələblərini pozmaqla ona torpaq sahəsi satdığına görə məsuliyyət daşıyır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, o, traktor sürücüsü kimi ona müraciət edən şəxslərin istəklərinə uyğun olaraq nahamar olan torpaq sahələrinə torpaq tökərək hamar edilməsi işləri ilə məşğul olur. Eyni zamanda torpaq almaq istəyən şəxslərə köməklik edərək satılan torpaq yerləri olanda alınmasına onlara yardımçı olmuşdur. 2008-2009-cu illərdə iddiaçı ona yaxınlaşmış, özünün 6 sot torpaq sahəsi olduğunu, yol üçün isə 1 sot torpaq sahəsinə ehtiyacı olduğunu bildirmişdir. O, Əli, Əlövsət adlı şəxslərlə əlbir olub əldə edilmiş razılığa əsasən iddiaçıya torpaq sahəsi vermişdir. Əgər həmin torpaq sahəsi iddiaçıya verilməsə idi, o, iddiaçıdan aldığı pul vəsaitini də ona geri qaytarmalı olacaqdı. Belə ki, 10.10.2009-cu il tarixdə bağlanmış iltizama əsasən, o, 70 kv.m torpaq sahəsindən yol üçün iddiaçıya 1500 manat qarşılığında satmış və həmin iltizama satıcı qismində o, çıxış edərək imza onun tərəfindən edilmişdir. O heç kəsi aldatmamışdır və nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Torpağı alan İddiaçı qızı ilə torpağı satan Cavabdeh arasında bağlanmış, şahidlər Gülsabah Gülmalıyevanın və X1 iştirakları ilə 10.10.2009-cu il tarixdə təsdiqlənmiş iltizamın surətindən görünür ki, torpağı satan Cavabdeh torpağı alan İddiaçı 70 kv.m torpaq sahəsini yol üçün 1500 manata satmışdır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. -Abşeron RPŞ tərəfindən verilmiş 31.07.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Yarışov X2 rayonu Mehdiabad qəsəbəsi H.Cavid küçəsi 21/2 saylı evdə qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsini qanunsuz olaraq tərəflər arasında bağlanmış 10.10.2009-cu il tarixli iltizama əsasən 70 kv.m olmaqla həmin torpaq sahəsini 1500 manat qarşılığında iddiaçıya satmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 106.3. maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3. maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, Cavabdeh tərəfindən 10.10.2009-cu il tarixdə əlyazma formasında yazılaraq və imzalanaraq iddiaçıya verdiyi iltizam işin həqiqi hallarına uyğundur və tərəflərin hüquqlarını pozmur və ona görə də etiraf kimi qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1. maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3. maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 324.5. maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 325.1. maddəsinə əsasən başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur. 326 maddəsinə əsasən birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Mülki iş materiallarından göründüyü kimi, torpaq sahəsinin satılmasına görə 1500 manat pul vəsaitinin ödənilməsinə dair tərəflər iradə ifadəsi əsasında bağlanmış və onların imzaları ilə təsdiq edilmiş, cavabdehin imzanın ona məxsus olmasına dair məhkəmə iclasında etirafı ilə təsdiq edilmiş 10.10.2009-cu il tarixli iltizam birtərəfli əqd olaraq cavabdehdə iddiaçı qarşısında vəzifələr yaratmış və cavabdeh bu vəzifələrin yerinə yetirilməsi öhdəliyini daşımışdır. Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sübutlara əsasən, cavabdehin bələdiyyə mülkiyyətində olan torpaq sahəsini iddiaçıya 1500 manat qarşılığında 10.10.2009-cu il tarixdə bağlanmış iltizama əsasən sonuncuya satması cavabdehin etirafına əsasən öz təsdiqini tapdığından məhkəmə iddiaçının cavabdehdən onun xeyrinə 1500 manat pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutulmasına dair iddia tələbini əsaslı hesab edib təmin edilməsi qərarına gəlir. Mülki Prosessual Məcəllənin 77.1. maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 1500 (min beş yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat pul vəsaiti tutulsun. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4489/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4489/2021
16.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver