Məhkəmə qərarları › İş №2(012)-4491/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4491/2021

05.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4491/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı və onun vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin müəyyən olunmuş məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli, 2(012)-600/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilərək Cavabdeh birgə nikahlarından doğulmuş 20.06.2014-cü il təvəllüdlü X4 və 29.05.2016-cı il təvəllüdlü X1 üçün hər bir uşağa görə 176 manat olmaqla, iki uşağa görə 352 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə ailə həyatı qurmuş, nikahlarını 25 fevral 2011-ci il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Cavabdeh ilə birgə nikahlarından 20.06.2014-cü il tarixdə Dəniz, 29.05.2016-cı il tarixdə Amin adlı iki uşaqları doğulmuşdur. Cavabdehlə nikahı Abşeron rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(012)-600/2018 saylı qətnaməsi əsasında pozulmuşdur. Abşeron rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli, 2(012)-600/2018 saylı qətnaməsi ilə birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər ay bir uşağa görə 136,60 manat, ümumilikdə 273,20 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının 2020-ci il üçün yaşayış minimumu haqqında Qanunun 1-ci maddəsinə əsasən, 2021-ci ildən uşaqların saxlanılmaları üçün 176 manat məbləğ müəyyən edilmişdir. Buna görə də cavabdehdən hər uşağa görə 176 manat aliment tutulub ona ödənilməlidir. Onun cavabdehlə ayrılıq səbəbi cavabdehin şiddət törətməsi və içkiyə qurşanması olmuşdur. Uşaqları artıq məktəbə gedir, gündəlik xərcləri artır. O, özü işləmədiyindən alimentin artırılması zəruridir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı vəkili X8 İddiaçı izahatı ilə eyni məzmunlu izahat vermişdir. 09.09.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında işlədiyi müddətdə aliment ödədiyini, lakin işdən çıxdığından ödənişlərində gecikmələrinin olduğunu bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Asan-Sumqayıt tərəfindən verilmiş 23.10.2015-ci il tarixli AZE № 10844790 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 20.06.2014-cü il tarixdə anadan olmuş, atası Cavabdeh, anası Çiçək Məmmədovadır. -Asan-Sumqayıt tərəfindən verilmiş 29.10.2018-ci il tarixli AZE № 18874249 saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 29.05.2016-cı il tarixdə anadan olmuş, atası Cavabdeh, anası Çiçək Məmmədovadır. -Abşeron Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(012)-600/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, X11 ilə Cavabdeh arasında bağlanmış və Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 25 fevral 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 276 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 20 iyun 2014-cü il təvəllüdlü X4 və 29 may 2016-cı il təvəllüdlü X6 anası X5 yanında saxlanılması, 20 iyun 2014-cü il təvəllüdlü X4 və 29 may 2016-cı il təvəllüdlü X2 üçün Cavabdeh 136.60 manat, ümumilikdə 273,20 manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşına çatanadək isə cavabdehdən 50 manat məbləğində pulun tutulub X7 verilməsi, 25 yanvar 2018-ci il tarixdən etibarən 20 iyun 2014-cü il təvəllüdlü X4 və 29 may 2016-cı il təvəllüdlü X2 üçün Cavabdeh hər ay hər uşağa görə 154 manat, ümumilikdə 308 manat sabit pul məbləğində alimentin, uşağın 3 yaşına çatanadək isə cavabdehdən 50 manat məbləğində pulun tutulub X7 verilməsi, alimentin tutulmasının əvvəlinin 13 dekabr 2017-ci il tarixdən hesablanması, qətnamənin alimentin tələbinə aid hissəsinin dərhal icra edilməsi, iş üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən iddiaçının xevrinə tutulması qət edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.06.2019-cu il tarixli AZ-İ № 324122 saylı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X5 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 174 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Bayramzadə soyadı verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Laçın şəhəri M.Əzizbəyov küçəsi 18 saylı evdə qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 30.06.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti məhəllə 30, 4 saylı evin 47 saylı mənzilində qeydiyyatdadır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş 20.06.2014-cü il təvəllüdlü X10 və 29.05.2016-cı il təvəllüdlü X12 adlı övladları iddiaçının himayəsində yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 20.06.2014-cü il təvəllüdlü X10 və 29.05.2016-cı il təvəllüdlü X12 adlı iki uşaqları dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(012)-600/2018 saylı qətnaməsinə əsasən Cavabdeh 20.06.2014-cü il təvəllüdlü X4 və 29.05.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 136 manat, cəmi 272 manat, 25 yanvar 2018-ci il tarixdən etibarən isə hər uşağa görə ayda 154 manat, cəmi 308 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 176 manat olmaqla, cəmi 352 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(012)-600/2018 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 154 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini, Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edildiyini nəzərə alaraq, iddia ərizəsinin qismən təmin edilərək, 20.06.2014-cü il təvəllüdlü X4 və 29.05.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(012)-600/2018 saylı saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 30.04.2018-ci il tarixli 2(012)-600/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 20.06.2014-cü il təvəllüdlü X4 və 29.05.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar