Məhkəmə qərarları › İş №2(012)-4495/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4495/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4495/2025 13.11.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7900 manat məbləğində pulun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 99 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 10331 manat məbləğində pulun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10331 manat məbləğində pulun, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 144 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh onun tanışıdır. Bu səbəbdən də cavabdeh ilə zaman keçdikcə münasibətləri yaranmışdır. Onun Sumqayıt şəhəri, Novxanı bağlar ərazisində fərdi yaşayış evi vardır. 2020-ci ilin avqust ayında o, həmin evdə təmir işləri gördürmək istəmiş, bu zaman Abşeron rayonu, Novxanı kəndində yaşayan X1 ilə tanış olmuşdur. Həmin vaxtdan başlayaraq Ceyhun Səmədov onun evində müəyyən təmir işləri görməyə başlamış, o da Ceyhun Səmədovun gördüyü işin müqabilində ödəniş etmişdir. 2021-ci ilin iyun ayında bu səbəbdən də yenidən Ceyhun Səmədov ilə görüşüb söhbət əsnasında razılığa gəldikdən sonra Ceyhun Səmədov ondan 1971 manat avans almışdır. X1 aldığı pulun müqabilində heç bir iş görməmiş və Moskva şəhərinə getmişdir. 2020-ci ildə Ceyhun Səmədov onun evində işləyən zaman onu xalası oğlu olan Cavabdeh ilə tanış etmişdir. Cavabdeh Ceyhun Səmədov ilə birlikdə onun evində təmir işləri ilə məşğul olmuş, X2 getdikdən sonra o, Cavabdeh ilə təmir işlərinin davam etdirilməsi ilə bağlı razılaşmışdır. Cavabdeh bir müddət işlədikdən sonra işləri yarımçıq saxlamışdır. Cavabdeh 6 ay ərzində ondan, ümumilikdə, 4215 manat pul almış, lakin həmin pulun müqabilində onun evində heç bir iş görməmişdir. xx.xx.2022-ci il tarixdən Cavabdeh da işə gəlməmiş və cavabdeh barəsində heç bir məlumat ala bilməmişdir. Daha sonra o, cavabdeh ilə işləyən işçilər ilə birlikdə evə baxış keçirən zaman evindən 4640 manat dəyərində tikinti materialları oğurlandığı aşkar olunmuşdur. Cavabdehin ona vurduğu ziyan, ümumilikdə, 8855 manat olsa da sonradan cavabdeh özü polis idarəsində izahat verən zaman etiraf etmişdir ki, ona vurduğu zərər 7900 manat təşkil edir. Həmçinin məhkəmə gedişatı zamanı cavabdeh ona əlavə zərər vurmuşdur və həmin zərərin məbləği 2431 manat təşkil edir. Odur ki, göstərilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində qeyd edilənləri təsdiq edərək bildirdi ki, Cavabdeh alaq otlarını təmizləməklə məşğul olsa da o, cavabdehə həyətdəki sanitar qovşağı düzəltdirmək istəmiş, bu səbəbdən cavabdehə 7900 manat pul vermişdir. Buna baxmayaraq cavabdeh evdə heç bir iş görməmişdir. O, cavabdehə ödədiyi 7900 manat məbləğində pulun 4900 manat hissəsini nağd olaraq vermiş, əlavə olaraq cavabdeh evdən 3000 manat dəyərində olan tikinti materiallarını oğurlamışdır. Hətta Cavabdeh özü ondan 7900 manat məbləğində pulu qəbul etməsinə dair sənəd tərtib etmişdir. Cavabdeh ödənilmiş pula görə ona cəmi bir ay 300 manat pul vermiş, lakin sonra ona ödəniş etməmişdir. Cavabdeh ona məxsus evə “çerepitsa” dam örtüyünü 1 metr məsafə ilə vurmalı olduğu halda, 2 metr aralıdan vurmuş, həmçinin cavabdehin düzəltdiyi şifer də uçmuşdur. O, cavabdehi sonuncu dəfə 3 il əvvəl görmüşdür. Belə ki, məhkəmə iclasları ilə bağlı cavabdeh, onun valideynləri, hətta qardaşı və bacısına da məlumat versə də cavabdeh ona vaxtilə polis şöbəsində verdiyi ifadəsində pul aldığını etiraf etdiyindən məhkəməyə gəlməyəcəyini bildirmişdir. Əlavə olaraq bildirdi ki, cavabdehin anası ona cavabdehə məxsus 5000 manat dəyəri olan torpaq sahəsini borcun əvəzinə vermələrini təklif etmişdir. Qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Heydərova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, Cavabdeh 2020-ci ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək olan müddətdə İddiaçı məxsus olan Sumqayıt şəhəri Corat bağlarında yerləşən fərdi yaşayış evində işlədiyi zaman İddiaçı ona evində iş görməsi üçün müxtəlif vaxtlarda, ümumilikdə, cəmi 7900 manat pul verdiyini, lakin onun həmin pulun müqabilində hər hansı bir iş görmədiyini, həmin pulu İddiaçı 2022-ci ilin iyun ayından başlayaraq ayda 300 manat olmaq şərti ilə verəcəyinə dair öhdəlik götürdüyünü, əks təqdirdə məsuliyyət daşıyacağı ona izah edilməklə, İddiaçı ona qarşı olan iddiasını qəbul etdiyini bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddia tələbinin həcminin artırılmasına dair xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ərizələrdə nöqsanlar aşkar edildiyindən həmin ərizələr baxılmamış saxlanılmalı və bu barədə ayrıca qərardad qəbul edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh arasında iddiaçıya məxsus fərdi yaşayış evində təmir işlərinin davam etdirilməsi ilə bağlı razılıq əldə edilmiş, şifahi razılaşma əsasında iddiaçı evin təmiri üçün cavabdehə, ümumilikdə, 7900 manat məbləğində pul vermiş, lakin cavabdeh bir müddət işlədikdən sonra işləri yarımçıq saxlamış və qeyd edilən məbləğdə pul müqabilində evdə heç bir iş görməmişdir. Cavabdeh İddiaçı, ümumilikdə, 7900 manat məbləğində pul alması faktı iddiaçının izahatı ilə yanaşı, iş materiallarında olan Cavabdeh tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Heydərova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizə ilə tam təsdiq olunur. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Sadiq Heydərova ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədə cavabdeh 2020ci ilin noyabr ayından 2022-ci ilin aprel ayınadək olan müddətdə İddiaçı məxsus olan Sumqayıt şəhəri Corat bağlarında yerləşən fərdi yaşayış evində işlədiyi zaman İddiaçı ona evində iş görməsi üçün müxtəlif vaxtlarda, ümumilikdə, cəmi 7900 manat pul verdiyini, lakin onun həmin pulun müqabilində hər hansı bir iş görmədiyini etiraf etmiş və həmin pulu İddiaçı 2022-ci ilin iyun ayından başlayaraq ayda 300 manat olmaq şərti ilə verəcəyinə dair öhdəlik götürdüyünü bildirmiş, lakin xeyli müddət keçməsinə baxmayaraq pulu indiyədək qaytarmamışdır. Hazırkı mübahisənin həlli ilə bağlı cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq cavabdeh ödəməli olduğu 7900 manat pulu iddiaçıya geri qaytarmamış və heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlanmışdır. Beləliklə, Cavabdeh İddiaçı qaytarmalı olduğu 7900 manat məbləğində pulu indiyədək iddiaçıya geri qaytarmadığından məhkəmə hesab edir ki, Cavabdeh 7900 manat pul vəsaiti alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə qeyd edir ki, iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2-ci, 21.3-cü, 1091.1-ci, 1091.2-ci və 1092.1-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 99 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 7900 manat pul və 99 manat dövlət rüsumu olmaqla, cəmi 7999 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar