Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-45/2022 28.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1, ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nuriyev Nazim Böyükağa oğlunun və vəkili-nümayəndəsi X4 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi, "xxxx" MMCnin İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbləri üzrə mülki işə 28 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən onların xeyrinə 15 000 manat məbləğində pulun və mənəvi zərər kimi 10 000 manat məbləğində pulun, habelə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, 29300 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbi onunla əsaslandırmışdırlar ki, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "xxxx" MMC-nin direktoru X5 ilə aralarında 04 avqust 2017-ci il tarixdə, 06 saylı tikinti xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanılmışdır. Həmin müqaviləyə əsasən onlar bir bloklu, on altı mərtəbəli bir binanın, iki bloklu on dörd mərtəbəli iki binanın mansardında metal konstruksiya və dam örtük işlərini görməli idilər. Müqaviləyə əsasən görülmüş işlərin ümumi dəyəri 32.000 manat idi, məbləğ işi görülüb qurtardıqdan sonra verilməli idi. Lakin, fəhlələr günəmuzd işlədiyindən, onlara pul lazım olduğundan "xxxx" MMC-nin direktoru X5 onlara təxminən 9.000 manat pul vermişdir. Müqavilədə 2200 kv. m sahədə iş görülməsi göstərilirdi. Lakin faktiki görüləcək işin həcmi isə 3200 kv metr idi. Narm MMC-nin direktoru X5 ilə onların aralarında bağlanılmış müqavilədə tikinti xidmətlərinin aşağı həddə göstərilməsinin səbəbi vergidən və DSMF-dən yayınmaq idi. Müqavilədə nəzərdə tutulmuş işin 80 faizi görüldü, 20 faizi isə "xxxx" MMC-nin direktoru X3 qanunsuz hərəkətləri səbəbindən görə bilməmişlər. Metal konstruksiya işləri görüldükdən sonra onlar "xxxx" MMC-nin direktoru X5 ilə görüşmüş, ondan gördükləri işləri ölçməklə qəbul etmədiyini, pullarının qalan hissəsinin verilməsini xahiş etmişlər. "xxxx" MMC-nin direktoru X5 heç bir əsas olmadan qalan pullarını verməmiş, onları obyektə buraxmamış, işlərini tamamlamağa imkan verməmişdir. Beləliklə də "xxxx" MMC-nin direktoru X5 onlarla bağladığı müqaviləni birtərəfli qaydada pozmuş, faktiki olaraq 15.000 (on beş min) manat dəyərində görülmüş işin pulunu ödəməkdən imtina etmişdir. Halbuki, "xxxx" MMC-nin direktoru X1 borclu qaldığı 15.000 manat pul alınıb onlara verilməlidir. Qarşılıqlı iddia üzrə iddiaçı "xxxx" MMC qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə cavabdehlər arasında olan 04 avqust 2017-ci il müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-nin Abşeron şəhəri, H.Əliyev prospekti 67 ünvanında inşa etdiyi 2 (iki) ədəd 15 mərtəbəli və 2 (iki) ədəd 17 mərtəbəli binanın mansard mərtəbələrinin 2200 m2 təşkil edən sahəsinin metal konstruksiyanın yığılması və örtülməsi işlərini icra etməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında zəruri razılaşma əldə edildikdən sonra cavabdeh götürdüyü öhdəliklərin icrasına başlamışdır, cavabdehin öhdəliklərini icra etməsinin keyfiyyətini yoxlayan zaman məlum olmuşdur ki, cavabdeh öz öhdəliklərini keyfiyyətsiz, tikinti norma və tələblərinə uyğun olmayan şəkildə icra edir. Bu isə tikinti işlərinin keyfıyyətsizliyi ilə yanaşı insanların həyatı üçün böyük təhlükə yaradır. Bu səbəbdən də cavabdehin icra etdiyi işlər dayandırılmış və mütəxəssislərin iştirakı ilə cavabdehin icra etdiyi işlərə birlikdə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, cavabdehin icra etdiyi işlər keyfiyyətsiz bır çox qüsurlarla icra edilmişdir. Qüsurlarla bağlı zəruri akt tərtib edilmiş və cavabdeh də daxil olmaqla icra edilmiş xidmətlərə baxış keçirən bütün şəxslər həmin aktı imzalamışdır. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi nəticəsində "xxxx" MMC-yə külli miqdarda zərər vurulmuşdur. Belə ki, cavabdehlər işləri keyfiyyətsiz icra etdiyi üçün "xxxx" MMC əlavə olaraq işləri başqa tikinti işləri aparan şirkətə həvalə edilmiş, yenidən qüsurlarla aparılmış natamam iş normaya uyğun yenidən bərpa edilərək tikilib başa çatdırılmışdır. Cavabdehlərin öhdəliklərini lazımınca icra etməməsi nəticəsində "xxxx" MMC-yə həm cavabdehlərə əvvəlcədən ödənilmiş cəmi 15000 (on beş min) manat vəsait, həmçinin onların işi icra etməməsi nəticəsində yenidən başqa tikinti işləri aparan qrup ilə müqavilə bağlayaraq həmin qrupa ödədiyi 10000 (on min) manat vəsait və cavabdehlər tərəfindən israf olunmuş tikinti üçün metal konstruksiya üzrə 4300 (dörd min üç yüz) manat çəkdikləri xərclərə görə ümumilikdə 29300 (iyirmi doqquz min üç yüz) manat məbləğində zərər dəymişdir. Lakin "xxxx" MMCyə külli miqdarda zərər vurmasına baxmayaraq cavabdehlər vurduğu zərəri ödəmək niyyətində deyildir. Əksinə öhdəliklərini lazımi qaydada və keyfiyyətlə icra etməməsinə və "xxxx" MMC-yə külli miqdarda zərər vurmasına baxmayaraq, cavabdeh "xxxx" MMC-yə qarşı əsassız iddialarla çıxış edir. Cavabdeh öhdəliklərini lazımınca və keyfiyyətlə icra etmədiyi üçün cavabdehlərin vurduğu zərərə görə 29300 (iyirmi doqquz min üç yüz) manat məbləğində pul cavabdehdən alınaraq "xxxx" MMC-yə verilməlidir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı-iddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nazim Nuriyev, vəkilinümayəndəsi X7 məhkəmə iclasında ilkin iddia tələbinin əsassız olduğundan rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini xahiş etdilər. Digər tərəf məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Mülki işin materiallarından olan "xxxx" MMC ilə İddiaçı2 arasında 04 avqust 2017-ci il tarixli, 06 №-li Tikinti xidmətlərinin göstərilməsi (göstərilmiş xidmətlərin nəticələrinə dair mənfəətin əldə edilməsi) haqqında müqavilənin surətindən müəyyən edilir ki, 1.1. “İcraçı” müqavilənin ayrılmaz hissəsi olan əlavə № 1-də göstərilən xidmətləri “Sifarişçi”yə göstərir, “Sifarişçi” isə öz növbəsində göstərilən xidmətlərin dəyərini hazırki müqavilənin 4-cü bəndində göstərilən qaydada (müddətdə və miqdarda) “İcraçı”ya ödəyir. Həmin müqaviləyə 1 saylı əlavəyə əsasən dam işləri ümumilikdə 2245 kv.m.-dir. Mülki iş materiallarından olan 04 avqust 2017-ci il tarixli, 06 №-li Göstərilən xidmətlərin və dəyərinin razılaşdırılması Protokolundan görünür ki, İddiaçı2 öz vəsaiti hesabına "xxxx" MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında inşası davam etdirilən çoxmərtəbəli binanın blok 1-2-3-də mansardın cəmi 2245 kv.m. qurulması işlərinin görülməsi razılaşdırılmışdır. Həm müqavilə, həm də müqaviləyə 1 saylı Əlavə ilkin iddiaçılar və cavabdehqarşılıqlı iddiaçının nümayəndəsi Aslan Nuriyev tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Mülki işin materiallarında olan "xxxx" MMC-nin direktoru Aslan Nuriyev, təsisçisi Nazim Nuriyev, mühəndis Zahid Dadaşov, təhlükəsizlik Mübariz Rzayev, briqadir Elnur Nəsirov tərəfindən təsdiq edilərək imzalanmış iradlar üzrə iddiadan görünür ki, 12.04.2017-ci il briqadir adlanan İddiaçı1 Qədir oğlu adlı şəxs bundan sonra qaynaqçı 06- N-li 04.08.2017-ci ildə) müqavilə və əlavə müqavilə əsasında NARM-MMC-şirkətində fevralın 1-nə qədər metalo-konstruksiya və qaynaqçının işləri ilə fəaliyyət göstəriblər. Bu fəaliyyətlər ərəfəsində 1-2-3-cü blokların mansard yaşayış mərtəbələrində briqadir İddiaçı1 başda olmaqla işlədiyi ərəfədə ciddi iradlar yaradıb. 15.02.2018-ci-ildə İddiaçı1 və NARM MMC- arasında narazılıqla bağlı, iradlara qarşı mühəndisin iştirakı ilə buraxılan səhlənkarlıqlara qarşı Akt bağlayıb, qol çəkilib və qəbul edilib. Briqadir: İddiaçı1 qaynaqçı lisenziyası olan qaynaqçısı X6 bu şəxslər NARM MMC-şirkətinə bu ərəfədə vurduğu zərərlərin miqdarı metalo konstruksiya üzrə 4300 manat təşkil edib, bundan əlavə 9.000 manat briqadalara tikinti şirkəti sərf edib və bundan əlavə İddiaçı1 şəxsi olaraq 6.000 manat şirkətdən maliyə götürülərək Sumqayıta başqa başqa şəxslərə çatdırıb. Bu iradlara əsaslanaraq NARM MMC-nin rəhbərliyi İddiaçı1 və onun qaynaqçıları tam işlərini dayandırmaqla işdən kənarlaşdırıblar. Mülki iş materialların olan 12.04.2017-ci il tarixli qəbzdən görünür ki, İddiaçı1 NARM MMC-dən 6000 manat görüləcək işin əvəzində götürüb və hesabından çıxılacaqdır. Mülki iş materiallarından olan 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan və Hüquqi şəxsin Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surətindən görünür ki, "xxxx" MMC 18 oktyabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Mülki iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2021-ci il tarixli 4/1084-10/3937 nömrəli rəyindən aşağıdakılar müəyyən edilir: Abşeron şəhəri, H.Əliyev prospekti 67 ünvanında inşa edilən 2 ədəd 15 mərtəbəli və 2 ədəd 17 mərtəbəli binanın blok 1,2, 3-də mansardın qurulması işləri Blok 1 - 31,5 x 19,3 = 608 kv.m; Blok 2 - 18,1 x 19=344 kv.m; Blok 3 - 31, 5 x 19,3 = 608 kv.m; dam işləri 1497 kv.m + 748, 5 kv.m = 2245 kv.m.x 10 man. - 22 000 manat olmaqla mansardın qurulması işlərinin görülməsi zamanı işin materiallarında səh. 46 da olan aktın məlumatlarında qüsurlu aparılan işlərinin (həcmi, sahəsi, ədədi və s..) ölçü vahidi göstərilmədiyindən və faktiki olaraq dam örtüyündə akta göstərilən qüsurlar olmadığından, iddiaçılar tərəfindən görülmüş işlərin dəyərini və həmin nöqsanların aradan qaldırılması üçün nə qədər pul vəsaitinin sərf olunmasını müəyyən etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş, "xxxx" MMC ilə İddiaçı1 adlarından olan 12 aprel 2017ci il tarixli qəbzdə “NARM MMC-dən 6000 manat görüləcək işin əvəzində götürüb və hesabından çıxılacaq İddiaçı1” yazıları qarşısındakı imza - İddiaçı1 tərəfindən icra olunmuşdur. Mülki iş materiallarında olan Bərdə Rayon Məhkəməsinin qərardadının surətindən görünür ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı1 qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşin araşdırılan hallarından müəyyən edilir ki, Abşeron rayonunun Xırdalan şəhərində yerləşən "xxxx" MMC-nin direktoru X5 ilə İddiaçı2 aralarında 04 avqust 2017-ci il tarixdə, 06 saylı tikinti xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlanılmış, həmin müqavilə tərəflərdən başqa İddiaçı1 tərəfindən də təsdiq olunmuş, həmin müqaviləyə əsasən onlar Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında inşa edilən 2 ədəd 15 mərtəbəli və 2 ədəd 17 mərtəbəli binanın blok 1,2, 3-də mansardın qurulması işləri Blok 1 - 31,5 x 19,3 = 608 kv.m; Blok 2 - 18,1 x 19=344 kv.m; Blok 3 - 31, 5 x 19,3 = 608 kv.m; dam işləri 1497 kv.m + 748, 5 kv.m = 2245 kv.m.x 10 man. - 22 000 manat olmaqla mansardda metal konstruksiya və dam örtük işləri görməli idi. "xxxx" MMC-nin direktoru X5 iddiaçılara 9.000 manat pul vermiş, bundan əlavə görüləcək işin hesabından 6000 manat İddiaçı1 verilməklə, MMC tərəfindən iddiaçılara razılaşdırılmış işin yerinə yetirilməsinə görə cəmi 15 000 manat pul verilmişdir. Hər iki iddia ərizəsindən, tərəflərin izahatlarından və işin materiallarından müəyyən edilir ki, tərəflər arasında zəruri razılaşma əldə edildikdən sonra ilkin iddiaçılar götürdüyü öhdəliklərin icrasına başlamış, cavabdeh-qarşılıqlı iddiaçı öhdəliklərini icra etməsinin keyfiyyətini yoxlayan zaman məlum olmuşdur ki, ilkin iddiaçılar öz öhdəliklərini keyfiyyətsiz, tikinti norma və tələblərinə uyğun olmayan şəkildə icra etmiş, qüsurlarla bağlı zəruri akt tərtib edilmiş və icra edilmiş xidmətlərə baxış keçirən bütün şəxslər həmin aktı imzalamışdır. İlkin iddiaçıların öhdəliklərini lazımınca icra etməməsi nəticəsində "xxxx" MMC-yə ziyan vurulmuşdur. İşin müəyyən edilən faktiki hallarına hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan podrat müqaviləsi ilkin iddiaçılar tərəfindən qismən icra edilmiş, işin tam icra edilməsi və qüsurların aradan qaldırılması üçün cavabdeh qarşılıqlı iddiaçı əlavə xərc çəkməli olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28.12.2021-ci il tarixli 4/1084-10/3937 nömrəli rəyindən göründüyü kimi Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti 67 ünvanında inşa edilən 2 ədəd 15 mərtəbəli və 2 ədəd 17 mərtəbəli binanın blok 1,2, 3-də mansardın qurulması işləri Blok 1 - 31,5 x 19,3 = 608 kv.m; Blok 2 - 18,1 x 19=344 kv.m; Blok 3 - 31, 5 x 19,3 = 608 kv.m; dam işləri 1497 kv.m + 748, 5 kv.m = 2245 kv.m.x 10 man. - 22 000 manat olmaqla mansardın qurulması işlərinin görülməsi zamanı işin materiallarında səh. 46 da olan aktın məlumatlarında qüsurlu aparılan işlərinin (həcmi, sahəsi, ədədi və s..) ölçü vahidi göstərilmədiyindən və faktiki olaraq dam örtüyündə akta göstərilən qüsurlar olmadığından, iddiaçılar tərəfindən görülmüş işlərin dəyərini və həmin nöqsanların aradan qaldırılması üçün nə qədər pul vəsaitinin sərf olunmasını müəyyən etmək mümkün olmadı. Bununla belə iş materiallarında olan 15.02.2018-ci-il tarixdə İddiaçı1 və NARM MMC arasında narazılıqla bağlı, iradlara qarşı mühəndisin iştirakı ilə buraxılan səhlənkarlıqlara qarşı Aktla briqadir: İddiaçı1 qaynaqçı lisenziyası olan qaynaqçısı X6 bu şəxslər NARM MMC-şirkətinə bu ərəfədə vurduğu zərərlərin miqdarı metalo konstruksiya üzrə 4300 manat təşkil edib, bundan əlavə 9.000 manat briqadalara metal-konstruksiya qaynaqçısına tikinti şirkəti sərf etdi, habelə cavabdeh-qarşılıqlı iddiaçının təqdim etdiyi və işin materiallarında olan 18 fevral 2018-ci il tarixli, 06 saylı müqavilə və həmin müqaviləyə 1 saylı əlavədən göründüyü kimi NARM MMC qeyd edilən nöqsanların aradan qaldırılması və işin tamamlanması üçün 10 000 manat müqabilində S.B.Mehdiyev adlı şəxslə razılaşmışdır. Bu isə belə qənaətə gəlməyə əsas verir ki, ümumilikdə 22 000 manatlıq razılaşdırılmış işin 15 000 manatı cavabdeh tərəfindən ilkin iddiaçılara ödənilsə də, ilkin iddiaçıların cavabdeh-qarşılıqlı iddiaçıya vurduqları zərər metalo konstruksiya üzrə 4300 manat təşkil etməsi tərəflərin iştirakı ilə 15.02.2018-ci il tarixli Aktla mübahisəsiz qaydada müəyyən edildiyindən qarşılıqlı iddia 4300 manat ziyan tələbi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Qarşılıqlı iddia tələbinin 10000 manat pul tələbi isə müqavilədə nəzərdə tutulan, lakin ilkin iddiaçıların icra etmədiyi və bu öhdəliyin 3-cü şəxs tərəfindən icra edilməsi ilə bağlı olduğundan, bu ziyan kimi qiymətləndirilə bilməz, qarşılıqlı iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin 15 000 manat hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasındakı razılaşma ilə 2245 kv.m-lik metal konstruksiya və dam örtük işlərinin razılaşdırılmış 22 450 manatlıq ümumilikdə işin görülməsi üçün tələb olunan puldan cavabdeh-qarşılıqlı iddiaçının əlavə işlərin görülməsi üçün 3-cü şəxsə 10 000 manatlıq xərc çəkməsi və metalo konstruksiya üzrə 4300 manat hissədə qarşılıqlı iddianın təmin edildiyi nəzərə alınarsa, bu hissədə qarşılıqlı iddia əsassızdır və təmin edilməməlidir. Eyni zamanda, yuxarıda qeyd edilənlərdən göründüyü kimi ilkin iddia tələbinin dəlilləri qarşılıqlı iddia tələbinin dəlilləri ilə təkzib edildiyindən ilkin iddia tələbi qeyd edilən əsaslarla əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə görə müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 424.5-ci maddəsinə görə, əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilkin iddia tələbi əsassız hesab edilib təmin edilməməli, "xxxx" MMC-nin İddiaçı1 və İddiaçı2 qarşı pul tələbinə dair qarşılıqlı iddia tələbi qismən təmin edilməli, onlardan müştərək qaydada 4300 manat ziyana görə pul tutulub cavabdeh-qarşılıqlı iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə qeyd edir ki, əsas iddia tələbi rədd edildiyindən bundan törəmə olan qeyd edilən iddia tələbləri də elə həmin əsasla təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Mənəvi zərərin ödənilməsi barədə qanunverciliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilməlidir. Həmçinin, iş üzrə 126 manat məhkəmə ekspertizası xərci vardır ki, həmin məbləğin 84 manatı İddiaçı1 və İddiaçı2, 42 manatı isə "xxxx" MMC-yə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair ilkin iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat iddiaçılar İddiaçı1 və İddiaçı2 aid edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Cavabdehlər İddiaçı1 və İddiaçı2 müştərək qaydada 4300 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilsin. İddiaçı1 və İddiaçı2 84 manat, "xxxx" MMC-dən isə 42 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-45/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-45/2022
28.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver