Məhkəmə qərarları › İş №2(012)-4506/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4506/2021

06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4506/2021 06.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1986.75 manat əsas, 772.36 manat faiz, 121.14 manat cərimə olmaqla, cəmi 2880.25 manat borcun və 30 manat ödənilən dövlət rüsumunun iddiaçı Bank olmayan Kredit Təşkilatı İDK MMC-nin xeyrinə tutulması və həmin borcun girov predmeti olan istilik sistemi Baymak 31KV və aksesuarlarına yönəldilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 17 dekabr 2019-cu il tarixli 05545 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətli 2300 manat məbləğində aylıq 3 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı 17 dekabr 2019-cu il tarixli girov müqaviləsinə əsasən istifadəsində olan istilik sistemi Baymak 31KV və aksesuarları girov qoyulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş ödəniş müddətinin keçməsinə və ödəniş barədə dəfələrlə şifahi, o cümlədən 27.04.2021-ci il tarixli yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, ödəniş cədvəlinə uyğun olaraq kredit borcu ödənilməmişdir. Hazırda cavabdehin, 1986.75 manat əsas, 772.36 manat faiz, 121.14 manat cərimə olmaqla, cəmi 2880.25 manat borcu vardır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı 17 dekabr 2019-cu il tarixli 05545 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətli 2300 manat məbləğində aylıq 3 faiz olmaqla kredit verilmişdir. Kredit müqaviləsi ilə yanaşı 17 dekabr 2019-cu il tarixli girov müqaviləsinə əsasən o, istifadəsində olan istilik sistemi Baymak 31KV və aksesuarlarını girov qoymuşdur. Kredit müqaviləsi üzrə öhdəliklərini əvvəllər vaxtlı-vaxtında icra etsə də, sonradan maddi vəziyyətində yaranmış çətinliklər ucbatından ödənişlərini gecikdirmişdir. Hazırda, iddiaçının iddia tələblərini kredit müqaviləsi üzrə 1986.75 manat əsas, 772.36 manat faiz borcunun tutulması hissəsində qəbul edir, lakin cərimə borcu yüksək hesablandığından 121.14 manat cərimə borcu ilə razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -X6 Kredit Təşkilatı İDK MMC ilə borcalan Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli 05545 saylı kredit müqaviləsindən görünür ki, bank borcalana 18 ay müddətinə, illik 3%-lə 2300 manat kredit verməyi öhdəsinə götürmüşdür. -17.12.2019-cu il tarixli ərizədən görünür ki, borcalan Cavabdeh 2300 manat kredit məbləğinin nağdlaşdırılması üçün bir ədəd əvvəlcədən ödənilmiş CO-Brend kartın verilməsini xahiş etmiş və həmin kart borcalan tərəfindən imza edilərək təhvil alınmışdır. -17.12.2019-cu il tarixli 05545 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borclarını bir ay sonradan, yəni 17.01.2020-ci il tarixdən başlayaraq, 17.06.2021-ci il tarixinədək hər ay banka 167.23 (sonuncu ay 167.24 manat) ödəməklə qaytarmalıdır. -X4 Kredit Təşkilatı İDK MMC ilə girovqoyan Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli 05545 saylı girov müqaviləsindən görünür ki, bu müqavilənin məqsədi 17 dekabr 2019-cu il tarixində BOKT İDK MMC-nin Cavabdeh 18 ay müddətinə vermiş olduğu 2300 manat məbləğində kreditin və kredit faizlərinin ödənilməsinə əminlik yaratmaq üçün girov qoyulmuşdur. Bu müqaviləsinin predmeti Cavabdeh məxsus olan aşağıdakı əşya olmuşdur: dəyəri 1250 manat olan istilik sistemi Baymak 31KV, dəyəri 1050 manat olan aksesuarlar. -Bank Olmayan Kredit Təşkilatı İDK Məhdud Məsuliyyətli Cəmiyyətinin 27.04.2021-ci il tarixli 01/27 saylı bildirişindən görünür ki, bank tərəfindən borcalan Cavabdeh banka olan borc 3 gün müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Ödənişlər üzrə çıxarışdan görünür ki, borcalan Cavabdeh kredit müqaviləsi üzrə borcundan 19.08.2020-ci il tarixdə sonuncu dəfə 170 manat ödəniş etmişdir. -Bank Olmayan Kredit Təşkilatı İDK MMC-nin 11.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 17.12.2019-cu il tarixli 05545 saylı kredit müqaviləsi üzrə 1986.75 manat əsas, 772.36 manat faiz, 121.14 manat cərimə olmaqla, cəmi 2880.25 manat borcu vardır. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il təvəllüdlü Cavabdeh Azərbaycan Respublikasının vətəndaşıdır. -10.06.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq): 295-ci maddəsinə əsasən, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya, borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 297-ci maddəsinə əsasən, girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). 298-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilə üzrə Cavabdeh bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müyyən olunmuşdur ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK MMC ilə Cavabdeh arasında bağlanmış 17.12.2019-cu il tarixli 05545 saylı kredit müqaviləsinə əsasən 18 ay müddətinə, illik 3%-lə 2300 manat kredit verilmiş, kredit müqaviləsinin təminatı olaraq, cavabdehə məxsus olan istilik sistemi Baymak 31KV və aksesuarlar girova qoyulması məqsədilə 17.12.2019-cu il tarixli 05545 saylı girov müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçı kredit müqaviləsi üzrə borcun tutulmasına və tələbin girov predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə əlavə olunmuş arayışdan, həmçinin, işin digər materiallarından görünür ki, kredit borcu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun banka 1986.75 manat əsas, 772.36 manat faiz, 121.14 manat cərimə olmaqla, cəmi 2880.25 manat borcu yaranmışdır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 121.14 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 17.12.2019-cu il tarixli 05545 saylı kredit müqaviləsi üzrə 1986.75 manat əsas borc üzrə hesablanmış 121.14 manat məbləğində cərimənin azaldılaraq 5,00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Beləliklə, işin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK MMC ilə bağladığı 17.12.2019-cu il tarixli 05545 saylı kredit müqaviləsi üzrə öhdəliklərini müqavilə üzrə müəyyən edilmiş qaydada yerinə yetirməməsi nəticəsində banka 1986.75 manat əsas, 772.36 manat faiz, 5.00 manat cərimə olmaqla, cəmi 2764.11 manat borcunun yaranması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapdığından məhkəmə iddia ərizəsinin qismən təmin edilərək həmin borc məbləğinin cavabdehdən tutulması, tutmanın girov predmeti olan istilik sistemi Baymak 31KV və aksesuarlara yönəldilməsinə dair əsaslı hesab edib təmin edir. Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi qismən təmin edildiyindən, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya verilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənləri nəzərə alaraq və Mülki-Prosessual Məcəllənin 119, 216-220, 222.2, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 17.12.2019-cu il tarixli 05545 saylı kredit müqaviləsi üzrə 1986.75 (min doqquz yüz səksən altı manat yetmiş beş qəpik) manat əsas, 772.36 (yeddi yüz yetmiş iki manat otuz altı qəpik) manat faiz, 5.00 (beş) manat cərimə olmaqla, cəmi 2764.11 (iki min yeddi yüz altmış dörd manat on bir qəpik) manat borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Tələb iddiaçı Bank Olmayan Kredit Təşkilatı İDK Məhdud Məsuliyyətli Cəmiyyətinə girov qismində qoyulmuş girov predmeti olan istilik sistemi Baymak 31KV və aksesuarlara yönəldilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar