Məhkəmə qərarları › İş №2(012)-4520/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4520/2021

08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4520/2021 08.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X7 qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X7 qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onun cavabdeh X10 ilə birgə nikahlarından anadan olmuş 11.02.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün alimentin miqdarının artırılaraq 175 manat məbləğində pul vəsaitinin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək Mingəçevir şəhər Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(051)-2457/2018 saylı qətnaməsi ilə təyin olunmuş 110 manat aliment məbləğinin artırılaraq onun cavabdeh X10 ilə birgə nikahlarından anadan olmuş 11.02.2015-ci il təvəllüdlü X1 üçün hər ay 175 manat sabit pul məbləğində alimentin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, cavabdeh X10 ilə 26.12.2014-cü il tarixdə Mingəçevir şəhər Nikah evində rəsmi nikaha daxil olmuş və birgə nikahlarından 11.02.2015-ci il təvəllüdlü X12 anadan olmuşdur. Cavabdeh ilə ailə münasibətləri pozulduğu üçün Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 896/2017 saylı 12.07.2017-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuş, 11.02.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin cavabdeh X5 alınıb ona verilməsi qət edilmişdir. Cavabdeh müəyyən olmuş alimenti gecikmələr olsa da tam ödəyir. Manatın devalivasiyası, qiymətlərin qalxması ona tək ana kimi müəyyən olunmuş aliment miqdarı ilə uşağa baxmağa çətinlik törədir. Gündəlik tələbat malları və geyim əşyaları gözəçarpacaq dərəcədə demək olar ki, 100 faiz bahalaşmışdır. 2017-ci ildə müəyyən olunmuş aliment məbləği uşağın saxlanması üçün yetərli olmadığından, o, uşağının saxlanmasında çətinlik çəkir. Belə ki, birgə nikahlarından doğulmuş uşağa o, tək baxır, lakin cavabdeh uşağın saxlanmasında ona müəyyən olunmuş aliment miqdarından başqa heç bir köməklik etmir. Halbuki, cavabdeh kifayət qədər gəlirə malik olduğu halda, bu, onun uşağın saxlanması üçün kifayət qədər aliment ödəməyə maddi imkanı olduğuna əsas verir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. 20.08.2021-ci il tarixdə Abşeron rayon Məhkəməsinə izahat ilə müraciət etmiş cavabdeh X10 izahatında göstərmişdir ki, İddiaçı ona qarşı iddia etdiyi alimentin məbləğinin artırılması tələbi barədə iddia ərizəsi ilə bağlı qeyd edir ki, İddiaçı onun ikinci nikahından olan həyat yoldaşı olmuşdur. O, birinci ailəsindən olan iki övladına nikahı ləğv olunduğu üçün aliment ödəyir. Bundan sonra iddiaçı ilə münasibətləri alınmadığı üçün nikahı pozulmuşdur. Doğrudur, Mingəçevir şəhər Məhkəməsinin 2017-ci il tarixli qətnaməsinə əsasən 90 manat, sonra isə 2018-ci il tarixli qətnaməsinə əsasən 110 manat aliment qət edildiyi üçün həmin məbləğdə olan alimenti stabil şəkildə ödəyir. O, Mingəçevir şəhər 3 saylı Musiqi məktəbində qarmon müəllimi vəzifəsində çalışır, aldığı 357 manat əmək haqqından ilkin olaraq iki övladına 160 manat, sonra isə hazırkı mülki iş üzrə iddiaçıya 110 manat ödəyir. Bundan başqa, o, iddiaçı ilə birgə yaşadığı müddətdə banka krediti olduğu üçün qalan pulu da banka olan kredit borcuna tutulur. O, tək özü xəstə valideynlərinin himayəsində yaşayır. Hətta ona maddi yardımı atası öz aldığı təqaüddən edir. Bəzən isə atası onun övladlarına təqaüdündən aliment də ödəyir. O, müəllim kimi fəaliyyət göstərir, başqa sənəti, başqa işi yoxdur. Bu səbəbdən də, maddi imkanı yol vermədiyinə görə, iddiaçının iddia tələbini qəbul etmir. İddiaçı Bakı şəhərində yaşamaqla orada işləyir, birgə nikahlarından olan uşağa ata kimi o, həm də ana kimi iddiaçı baxmalıdır. Maddi imkanı olmadığı üçün Bakı şəhərinə gələ bilmir. Buna görə də, sözügedən mülki işə onun iştirakı olmadan baxıb iddianın əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Həmçinin, maddi imkanı olduğu təqdirdə özü könüllü olaraq övladının saxlanmasına maddi yardım edəcəkdir. Hazırda isə buna maddi imkanı yoxdur. Ona görə də göstərilənlərin nəzərə alınmasını xahiş edir. 03.09.2021-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edən cavabdeh X10 maddi imkanı olmadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirib, işə onun iştirakı olmadan baxılıb iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının (bundan sonra mətndə Konstitusiya adlanacaq) 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24.02.2015-ci il tarixli AZ-İİİ № 490260 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X12 11.02.2015-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 298 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası X10, anası İddiaçıdır. -Mingəçevir şəhər Qeydiyyat şöbəsi tərəfindən 19.09.2017-ci il tarixdə verilmiş AZ-İ № 272597 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X10 ilə X4 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 195 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Mustafayeva soyadı verilmişdir. -Mingəçevir şəhər Məhkəməsinin 12.07.2017-ci il tarixli 2(051)-896/2017 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin olunmuş, iddiaçı Mustafayeva (Muradova) Təranə Qurban qızı ilə cavabdeh X10 arasında 26.12.2014-cü il tarixdə Mingəçevir şəhər Nikah evində 476 nömrə ilə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş 11.02.2015-ci il təvəllüdlü X8 iddiaçı Mustafayeva (Muradova) Təranə Qurban qızının yanında qalması müəyyən edilmiş, 11.02.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat məbləğində alimentin və üç yaşına çatana kimi 20 manat məbləğində alimentin hər ay cavabdeh X5 tutulub iddiaçı Mustafayeva (Muradova) Təranə Qurban qızına verilməsi, alimentin 31.01.2017-ci il tarixdən tutulması və qətnamənin alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. -Mingəçevir şəhər Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(051)-2457/2018 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin olunması, cavabdeh X5 11 fevral 2015ci il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul miqdarında alimentin tutulub, İddiaçı verilməsi, alimentin qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan tutulması, cavabdeh X5 30 manat məbləğində dövlət rüsumunun tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. -Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X9 İdarəsinin 19.08.2021-ci il tarixli 10 saylı arayışından görünür ki, X3 Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər X11 adına Uşaq İncəsənət məktəbində qarmon ixtisası üzrə müəllim işləyir. 2020-2021-ci illər ərzində aylıq əmək haqqından aylar üzrə aliment aşağıdakı kimi tutulmuşdur. 2021-ci il yanvar ayında 160 manat, fevral ayında 160 manat, mart ayında 160 manat, aprel ayında 160 manat, may ayında 124 manat, iyun ayında 80 manat, məzuniyyətdə 160 manat, 2020-ci il sentyabr ayında 160 manat, oktyabr ayında 160 manat, noyabr ayında 160 manat, dekabr ayında 160 manat olmaqla cəmi 1644 manat aliment ödəmişdir. -Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi X9 İdarəsi Mingəçevir şəhər F.Qasımov adına Uşaq İncəsənət məktəbi tərəfindən verilmiş 18.08.2021-ci il tarixli 09 saylı arayışdan görünür ki, X3 Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Mingəçevir şəhər X11 adına Uşaq İncəsənət məktəbində qarmon ixtisası üzrə müəllim işləyir. Aylıq hesablanmış əmək haqqı 357 manatdır, ondan 80 manat aliment tutulur, digər tutumlardan sonra ələ alınan məbləğ 228 manatdır. -Qurtuluş-93 Yaşayış Kompleksi tərəfindən verilmiş 12.07.2021-ci il tarixli 527 saylı arayışından görünür ki, İddiaçı Abşeron rayonu Masazır kəndi Qurtuluş-93 X2 küçəsi 98 saylı evin 20 saylı mənzilində müqaviləyə əsasən oğlu X12 ilə birlikdə kirayə yaşayır. -AA 22880754 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1985-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X10 ilə İddiaçı birgə nikahlarından 11.02.2015-ci il təvəllüdlü X12 adlı uşaqları dünyaya gəlmişdir. Mingəçevir şəhər Məhkəməsinin 12.07.2017-ci il tarixli 2(051)-896/2017 saylı qətnaməsi ilə, tərəflər arasında 26.12.2014-cü il tarixdə qeydə alınmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan doğulmuş uşağın iddiaçının yanında qalması, X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün 90 manat və üç yaşına çatana kimi 20 manat məbləğində alimentin hər ay cavabdehdən tutulub iddiaçıya verilməsi, Mingəçevir şəhər Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(051)-2457/2018 saylı digər qətnaməsi ilə isə X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 110 manat sabit pul miqdarında alimentin tutulması qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhər Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(051)-2457/2018 saylı qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş X1 üçün müəyyən edilmiş sabit pul məbləğində 110 manat alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Mingəçevir şəhər Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(051)-2457/2018 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı olan 110 manat pul vəsaiti hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 110 manat alimentin tutulması qət ediləndən sonra yaşayış minimumu artmışdır. Hazırkı şəraitdə həmin uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 110 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini nəzərə alaraq, 11.02.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Mingəçevir şəhər Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(051)- 2457/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, cavabdeh X5 11.02.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə hər ay 175 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədə olduğundan, bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Konstitusiyanın 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 112.1.3. maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanunun: 8.1.2. maddəsinə əsasən, iddia qiyməti 500 manatdan çox olduqda, məhkəməyə verilən iddia ərizələrindən 30 manat məbləğində dövlət rüsumu tutulur. 9.1.2. maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Mingəçevir şəhər Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(051)-2457/2018 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 11.02.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh X5 İddiaçı xeyrinə hər ay üçün 175 (yüz yetmiş beş) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. X5 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar