Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4536/2021 05.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi ilə, İddiaçı RabitəBank Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı RabitəBank Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı RabitəBank ASC ilə Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli NSNPU-2009 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 3528,67 manat, faiz borcuna görə 252,06 manat olmaqla cəmi 3780,73 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq RabitəBank Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, NSNPU-2009 saylı kredit müqaviləsinə əsasən illik 24 % dərəcəsi olmaqla 36 ay müddətinə 7000 manat cavabdehə kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə borcalan kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 14 iyun 2019-cu il tarixli, NSNPU-2009 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 14-dən gec olmayaraq hər ay 274,63 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 14 iyun 2019-cu il tarixli. NSNPU-2009 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3528,67 manat, faiz borcuna görə 252,06 manat, dəbbə borcuna görə 0 manat, cəmi 3780,73 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilir. Rabitəbank ASC-nin nümayəndəsi Xəyalə Məmmədovanın məhkəməyə təqdim etdiyi 05.10.2021-ci il tarixli RB-05/PX-8083 saylı ərizəsinə əsasən, iddiaçı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Kredit verən RabitəBank Açıq Səhmdar Cəmiyyəti ilə kredit alan Cavabdeh arasında bağlanmış 14.06.2019-cu il tarixli NSNPU-2009 saylı kredit müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən bank tərəfindən borcalana 36 ay müddətinə, illik 24% hesabı ilə 7000 manat məbləğində kredit verilmişdir. -14.06.2019-cu il tarixli kassa məxaric orderlərindən görünür ki, bank tərəfindən kredit alan Cavabdeh 7000 manat kredit vəsaiti verilmiş və 107 manat komisyon xərci tutulmuşdur. -14.06.2019-cu il tarixli NSNPU-2009 saylı kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcunu bir ay sonradan, yəni 14.07.2019-cu il tarixdən başlayaraq, 14.06.2022-ci il tarixinədək hər ay banka 274.63 (sonuncu ay 274.55 manat) ödəməklə qaytarmalıdır. -RabitəBank ASC-nin 01.07.2021-ci il tarixli RB-02/PK-5927 saylı maliyyə arayışından görünür ki, Cavabdeh 14.06.2019-cu il tarixli NSNPU-2009 saylı kredit müqaviləsi üzrə 30.06.2021-ci il tarixinə banka əsas borca görə 3528,67 manat, faiz borcuna görə 252,06 manat, cəriməyə görə 0.00 manat olmaqla cəmi 3780,73 manat borcu vardır. -RabitəBank ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış 16.06.2021-ci il tarixli 05-02/205 saylı bildirişdən görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 3 iş gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 06.11.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səfərov X1 rayonu Masazır kəndi İstiqlaliyyət küçəsi 27 saylı evin 33 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin tam şəkildə və vaxtında yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə, iddiaçının kredit müqaviləsi üzrə əsas borca görə 3528,67 manat, faiz borcuna görə 252,06 manat olmaqla cəmi 3780,73 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi təmin edilsin. Cavabdeh 14.06.2019-cu il tarixli NSNPU-2009 saylı kredit müqaviləsi üzrə əsas borca görə 3528,67 (üç min beş yüz iyirmi səkkiz manat altmış yeddi qəpik) manat, faiz borcuna görə 252,06 (iki yüz əlli iki manat altı qəpik) manat olmaqla cəmi 3780,73 (üç min yeddi yüz səksən manat yetmiş üç qəpik) borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat RabitəBank Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Habil Əhmədov