Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4567/2021 14.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İlk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin nümayəndəsi X2 qızının, İlk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilk, iddiaçı Cavabdeh1 cavabdeh Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinə qarşı təminat predmeti olan mənzilə dair bütün hüquqların Azərbaycan Beynəlxalq Bankı ASC-yə ötürülməklə əvəzləşdirilməsi, hüquqlar ötürüldükdən sonra zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Beynəlxalq X10 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair ilk iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 7951 nömrəli 14.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 24846.52 manat, faiz borcu üzrə 177.62 manat, olmaqla cəmi 25024.14 manat kredit borcunun, həmçinin, iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 öz növbəsində, cavabdeh Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinə qarşı təminat predmeti olan mənzilə dair bütün hüquqların Azərbaycan Beynəlxalq Bankı ASC-yə ötürülməklə əvəzləşdirilməsi, hüquqlar ötürüldükdən sonra zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 14.01.2014-cü il tarixli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş 25024.14 manat borcun müqabilində 08.01.2014-cü il tarixli ABB/048 nömrəli müqavilə üzrə təminat predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 3, ümumi sahəsi 76.1 kv.m-dən ibarət 2 otaqlı 17 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi, həmin mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürüldükdən sonra "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 14.01.2014-cü il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Azərbaycan Beynəlxalq X10 Cəmiyyəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 və "xxxx" MMC-dən müştərək qaydada "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 23426.93 manat əsas, 361.36 manat faiz borcu olmaqla, ümumilikdə 23788.29 manat kredit borcunun tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun, 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin nümayəndəsi X2 qızı ilk iddia ərizəsini müdafiə edib, qarşılıqlı iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 7951 nömrəli 14.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh2 120 ay müddətinə illik 12 faiz olmaqla 38811 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin borcalanın kreditor qarşısında öhdəliyin icra edilməməsinə görə borcalanla birlikdə məsuliyyət daşıyır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Lakin cavabdehlər müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. 7951 nömrəli 14.01.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 08.06.2021-ci il tarixinə Cavabdeh2 əsas borc üzrə 24846.52 manat, faiz borcu üzrə 177.62 manat, cəmi 25024.14 manat borcu mövcuddur. Məhkəmə prosesinin gedişatı zamanı cavabdehlər qalıq borcdan ödənişlər etmişdir. Hazırda borcalanın banka kredit müqaviləsi üzrə 23426.93 manat əsas, 361.36 manat faiz borcu olmaqla, ümumilikdə 23788.29 manat borcu mövcuddur. Hazırki iş üzrə "xxxx" MMC banka kredit müqaviləsi üzrə borc müqabilində mənzilin təhvil verilməsini və həmin mənzilə dair hüquqların banka ötürülməsini xahiş etsə də, bank bununla razı deyildir. Belə ki, kredit müqaviləsi üzrə borc müqabilində mənzilin banka təhvil verilməsi bankın mənafeyinə uyğun deyildir. Ona görə də göstərilənlərə əsasən ilk iddia ərizəsinin təmin, qarşılıqlı iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi X4 qarşılıqlı iddia ərizəsini müdafiə edib, ilk iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nin iddia tələbinin əsasını Cavabdeh2 14.01.2014-cü il tarixli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə illik 12 faiz dərəcəsi ilə 120 ay müddətinə verilmiş 38811 manat kredit vəsaiti təşkil edir. Həmin kredit vəsaiti “AAAF-İnşaat" MMC ilə Cavabdeh2 arasında bağlanmış 08.01.2014-cü il tarixli ABB/048 nömrəli Torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqı müqaviləsi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 3, ümumi sahəsi 76.1 kv.m ibarət 2 otaqlı 17 nömrəli mənzilin alınması üçün verilmişdir. 14.01.2014-cü il tarixli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.1-ci bəndinə görə, bu Müqavilə ilə müəyyən edilən kredit öhdəliklərin icrasının təminat üsulu müqavilənin 4.3-cü maddəsində göstərilən qaydada ipoteka predmeti və 14.01.2014-cü il tarixli zaminlik müqaviləsindən irəli gələn zaminlikdir. 14.01.2014-cü il tarixli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 4.3-cü bəndinə görə, kredit müqaviləsi üzrə təminat kimi çıxış edən "xxxx" MMC ilə Cavabdeh2 arasında imzalanmış müqavilənin predmeti olan mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış alındıqdan sonra ipoteka kimi rəsmiləşdirməlidir. 14.01.2014-cü il tarixli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin 12.7-ci bəndinə görə, borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcalan müqavilənin predmeti olan mənzili boşaltmalıdır. Həmin müqavilənin 13.8-ci bəndinə əsasən, borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən 08.01.2014-cü il tarixli ABB/048 nömrəli müqavilənin predmeti olan mənzili boşaldılmasını tələb edir, borcalan isə qeyd-şərtsiz olaraq həmin sahəni boşaldır. Şərh olunan müddəalardan göründüyü kimi kredit öhdəliyi vaxtında və lazımi qaydada icra olunmadıqda kredit vəsaitinin təminatı olan daşınmaz əmlak əldə olunur. Hazırki daşınmaz əmlak tam olaraq borclu/Cavabdeh2 istifadəsində və sərəncamındadır. Cavabdeh2 kredit öhdəliklərini icra etməməsi tələbin daşınmaz əmlaka yönəltmək üçün əsas yaranır. Həmin müqavilənin 15.8-ci bəndinə görə, borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda, yaranmış borc tələblərinin ödənilməsi üçün Cavabdeh2 və "xxxx" MMC arasında 08.01.2014-cü il tarixli ABB/048 nömrəli müqavilənin predmeti olan mənzil üzərində olan hüquqlar borc verənə keçir. Beləliklə, iddiaçı "xxxx" ASC-nin cəmi 25024,14 manat məbləğindən ibarət iddia tələbinin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 3, ümumi sahəsi 76,1 kv.m ibarət 2 otaqlı 17 nömrəli mənzilə dair bütün hüquqları Azərbaycan Beynəlxalq Bank ASC-yə ötürülməsi ilə əvəzləşdirilməsi daha ədalətli olardı. Çünki 14.01.2014-cü il tarixli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsinin təyinatı adından göründüyü kimi daxili ipoteka krediti olaraq mənzilin alınmasına yönəlmiş vəsaitdir. Ayrılmış kredit vəsaitinin geri qaytarılması mümkün olmadıqda həmin kredit vəsaitinə alınmış daşınmaz əmlak hesabına realizə olunması daha məqsədəmüvafiqdir. Bu səbəbdən də, sözügedən 17 nömrəli mənzilə dair bütün hüquqların ilkin iddiaçı/cavabdeh "xxxx" ASC-yə ötürülməsi daha düzgündür. Ona görə də göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin təmin, ilk iddia ərizəsinin isə təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilk iddia ərizəsi təmin, qarşılıqlı iddia ərizəsi isə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Satıcı AAAF-İnşaat MMC ilə alıcı Cavabdeh2 arasında bağlanmış 08.01.2014-cü il tarixli ABB/048 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı barədə müqavilədən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti AAAF- Park yaşayış massivindəki 12 saylı küçə 3 saylı 6 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan iki otaqdan ibarət 17 saylı mənzili alıcıya satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı vahid əmlakının dəyərini (qiymətini) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən qeyd edilən dəyəri (qiyməti) tərəflərin razılığı ilə 45660 manat təşkil edir. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 14.01.2014-cü il tarixli 7951 saylı kredit müqaviləsindən görünür ki, borcverən borcalana 120 ay müddətinə illik 12 faiz hesablanmaqla 38811 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 12 faizlə hesablanır. Kredit müqaviləsinin 11.6-cı bəndinə əsasən kredit müqaviləsi üzrə təminat kimi çıxış edən ABB/048 saylı 14.01.2014-cü il tarixli müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti AAAF-Park yaşayış massivindəki 12 saylı küçə 3 saylı 6 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan iki otaqdan ibarət 17 saylı mənzil üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış alındıqda bu barədə 10 iş günü ərzində borcverənə məlumat verməli, 30 iş günündən gec olmayaraq qeyd olunan yaşayış sahəsini qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada rəsmiləşdirməlidir. Kredit müqaviləsinin 11.7-ci bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcalan borcverənin ilkin tələbi ilə kredit müqaviləsi üzrə təminat kimi çıxış edən ABB/048 saylı 14.01.2014-cü il tarixli müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti AAAF-Park yaşayış massivindəki 12 saylı küçə 3 saylı 6 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan iki otaqdan ibarət 17 saylı mənzili boşaltmalıdır. Kredit müqaviləsinin 12.9-cu bəndinə əsasən borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverən borcalandan kredit müqaviləsi üzrə təminat kimi çıxış edən ABB/048 saylı 14.01.2014-cü il tarixli müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti AAAF-Park yaşayış massivindəki 12 saylı küçə 3 saylı 6 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan iki otaqdan ibarət 17 saylı mənzilin boşaldılmasını tələb edir, borcalan isə qeydşərtsiz olaraq həmin sahəni boşaldır. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 14.02.2014-cü il tarixdən başlayaraq, 14.01.2024-cü il tarixinə kimi hər ay banka 557 manat ödəməklə qaytarmalıdır. -14.01.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, borcalan Cavabdeh2 kredit müqaviləsi üzrə 45660 manat pul vəsaitini imza edərək təhvil almışdır. -Borcverən Azərbaycan Beynəlxalq Bankı ASC, borcalan Cavabdeh2, zamin AAAF- İnşaat MMC arasında bağlanmış 14.01.2014-cü il tarixli 944 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Cavabdeh2 və Cavabdeh1nə ünvanlanmış bildirişdən görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -Xızı RPŞ tərəfindən verilmiş 14.08.2012-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 12.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh2 Xızı rayonu Şuraabad qəsəbəsində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh2 bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh2 bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zamin Cavabdeh1 bank qarşısında, digər borclu Cavabdeh2 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh2 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Cavabdeh1 təminat predmeti olan mənzilə dair bütün hüquqların Azərbaycan Beynəlxalq Bankı ASC-yə ötürülməklə əvəzləşdirilməsi, hüquqlar ötürüldükdən sonra zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, alıcı kredit müqaviləsi üzrə təminat qismində çıxış edən daşınmaz əmlakı AAAF-İnşaat MMC ilə 08.01.2014-cü il tarixdə bağladığı ABB/048 saylı torpaq sahəsinin və fərdi yaşayış evinin alqı-satqısı barədə müqaviləyə əsasən almış və həmin müqavilə borcalanın Azərbaycan Beynəlxalq Bankı ASC ilə bağladığı 14.01.2014cü il tarixli 7951 saylı kredit müqaviləsinə əsasən 120 ay müddətinə illik 12 faiz hesablanmaqla götürülmüş 38811 manat kreditin təminatı qismində çıxış etmişdir. Göründüyü kimi, mübahisəli kredit müqaviləsi üzrə tərəf qismində çıxış edən subyektlər borcverən Azərbaycan Beynəlxalq Bankı ASC ilə borcalan Cavabdeh2 çıxış edir. Həmin tərəflər iradə ifadələrinə uyğun olaraq qanunvericiliyin tələblərinə riayət etməklə 14.01.2014-cü il tarixli 7951 saylı kredit müqaviləsi bağlamışlar. Məlum olduğu kimi, həmin müqavilə üzrə öhdəliklərin icrasının təmin edilməsi məqsədilə zamin qismində çıxış edən qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı AAAF-İnşaat MMC 14.01.2014-cü il tarixli Təminatlı Kredit (daxili ipoteka krediti üçün) müqaviləsi üzrə ödənilməmiş 25024.14 manat borcun müqabilində 08.01.2014-cü il tarixli ABB/048 nömrəli müqavilə üzrə təminat predmeti olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167, “AAAF Park” yaşayış massivinin 12 saylı küçəsində inşa edilmiş bina 3, ümumi sahəsi 76.1 kv.m-dən ibarət 2 otaqlı 17 nömrəli mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürülməklə əvəzləşdirilməsi, həmin mənzilə dair bütün hüquqların "xxxx" ASC-yə ötürüldükdən sonra "xxxx" ASC və "xxxx" MMC arasında bağlanmış 14.01.2014-cü il tarixli zaminlik müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflər arasında bağlanmış kredit müqaviləsinin 11.7-ci və 12.9-cu bəndlərinə istinad edərək qeyd edir ki, borcalan tərəfindən müqavilənin 7.3-cü bəndində nəzərdə tutulan qrafik üzrə ödənişlər 3 ay müddətində aparılmadıqda borcverənin ilkin tələbi ilə kredit müqaviləsi üzrə təminat kimi çıxış edən ABB/048 saylı 14.01.2014-cü il tarixli müqavilənin predmeti olan Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti AAAF-Park yaşayış massivindəki 12 saylı küçə 3 saylı 6 mərtəbəli yaşayış binasında 76.1 kv.m olan iki otaqdan ibarət 17 saylı mənzili boşaltmaq borcalanın vəzifəsi, həmin mənzilin boşaldılmasını tələb etmək isə borcverənin hüququdur. Göründüyü kimi, həmin müqaviləyə zamin qismində dayanmış AAAF-İnşaat MMC müqavilə tərəfi olmadığı halda müqavilə şərtlərinin yerinə yetirilməsinin bank üzərinə öhdəlik kimi qoyulmasını məhkəmədən xahiş etmişdir. Mülki Məcəllənin: 324.1 maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdırlar. Göründüyü kimi, AAAF-İnşaat MMC mənzilə dair hüquqların banka ötürülməsini və zaminlik müqaviləsinin ləğv edilməsini tələb etmək hüququna malik deyildir. Məhkəmə qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı AAAF-İnşaat MMC-nin zaminlik müqaviləsinin ləğvinə dair tələbinə münasibət bildirərək qeyd edir ki, zaminlik müqaviləsinin şərtlərinə əsasən bu müqavilə kredit müqaviləsi üzrə öhdəliklər icra edilənə qədər qüvvədə olduğundan, kredit müqaviləsinin şərtlərinə əsasən isə həmin müqavilə öhdəliklər tam həcmdə və ya vaxtından əvvəl tam həcmdə icra edildiyi təqdirdə xitam olunduğundan, həmçinin, müqavilənin ləğv edilməsini tələb etmək hüququna malik oldan subyekt bank olduğundan qarşılıqlı iddia ərizəsi bu hissədə də təmin edilə bilməz. Göründüyü kimi, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçı AAAF-İnşaat MMC həmin tələbi iəli sürməyə subyektiv hüququ olmadığından qarşılıqlı iddia ərizəsi təmin edilə bilməz. Beləliklə, məhkəmə, ilkin və qarşılıqlı iddia tələblərində göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ilk iddia ərizəsi təmin edilməli, Azərbaycan Beynəlxalq Bankı ASC ilə Cavabdeh2 arasında bağlanmış 14.01.2014-cü il tarixli 7951 saylı kredit müqaviləsi üzrə borclular tərəfindən müqavilə öhdəliklərinin vaxtında və lazımınca yerinə yetirilməməsi və qanunvericiliyin tələbləri nəzərə alınaraq Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 23426.93 manat əsas və 361.36 manat faiz borcu olmaqla cəmi 23788.29 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30.40 manat Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalı, qarşılıqlı iddia ərizəsi isə əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İlk iddia ərizəsi təmin edilsin. Cavabdeh2 və Cavabdeh1ndən müştərək qaydada 14.01.2014-cü il tarixli 7951 saylı kredit müqaviləsi üzrə 23426.93 (iyirmi üç min dörd yüz iyirmi altı manat doxsan üç qəpik) manat əsas və 361.36 (üç yüz altmış bir manat otuz altı qəpik) manat faiz borcu olmaqla cəmi 23788.29 (iyirmi üç min yeddi yüz səksən səkkiz manat iyirmi doqquz qəpik) manat borc və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh1 Azərbaycan Beynəlxalq X10 Cəmiyyətinə qarşı təminat predmeti olan mənzilə dair bütün hüquqların Azərbaycan Beynəlxalq Bankı ASC-yə ötürülməklə əvəzləşdirilməsi, hüquqlar ötürüldükdən sonra zaminlik müqaviləsinin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4567/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4567/2021
14.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver