Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4568/2021 10.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyeva Arzu Siyavuş qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə 10 noyabr 2021-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 12 mart 2020-ci il tarixli kredit müqaviləsi üzrə 3966.72 manat əsas borc, 244.56 manat faiz borcu və 139.46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4350.74 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 mart 2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 mart 2020-ci il tarixli kredit müqaviləsinə əsasən «Yelo Bank” ASC-dən illik 14.8 faizlə 24 ay müddətinə 6000 manat kredit götürmüşdür. Lakin, borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 11 iyun 2021-ci il tarixədək Cavabdeh banka 12 mart 2020-ci il kredit müqaviləsi üzrə 3966.72 manat əsas borc, 244.56 manat faiz borcu və 139.46 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 4350.74 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclaslarında iddia tələbini qismən qəbul etdiyini, hazırda işsiz olduğundan ödəniş edə bilmədiyini, lakin ödəniş etməkdən boyun qaçırmadığını bildirərək, nəzərə alınmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan İddiaçı ASC və Cavabdeh arasında bağlanmış 12.03.2020-ci il tarixli 4-Y-2-00-635-20 saylı kredit müqaviləsindən və ödəniş qrafikdən görünür ki, bank borcalana 24 ay müddətinə illik 14.8 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 6000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Mülki işin materiallarında olan məxaric qəbzin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh həmin tarixdə İddiaçı ASC-dən 6000 manat məbləğində vəsait götürmüşdür. Mülki işin materiallarında olan 03.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan və poçt qaiməsindən görünür ki, Cavabdeh borcun ödənilməsi barədə İddiaçı ASC tərəfindən xəbərdar olunmuşdur. Mülki işin materiallarında olan maliyyə arayışından görünür ki Cavabdeh 12.03.2020-ci il tarixli kredit müqaviləsi üzrə 11.06.2021-ci il tarixə İddiaçı ASC-yə 3966.72 manat əsas borc, 244.56 manat faiz borcu və 139.46 manat cərimə borcu olmaqla, cəmi 4350.74 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar olaraq 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, «Yelo Bank” ASC və Cavabdeh arasında bağlanmış 12.03.2020-ci il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən borcalana 24 ay müddətinə illik 14.8 faiz dərəcəsi ilə istehlak məqsədi ilə 6000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka 11.06.2021-ci il tarixə 3966.72 manat əsas borc, 244.56 manat faiz borcu və 139.46 manat cərimə borcu yaranmışdır. Məhkəmə iddia tələbinin cərimə borcunun ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 39 manat məbləğinədək azaldılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, «Yelo Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 12.03.2020-ci il tarixli 4-Y-2-00-635-20 saylı kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə Cavabdeh 3966.72 manat əsas borc, 244.56 manat faiz borcu, 39 manat cərimə borcu olmaqla, ümumilikdə 4250.28 manat borc pul məbləği alınaraq alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Məhkəmə iddia tələbinin müqavilənin ləğvi hissəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə): - 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda (1) və ya bu Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan digər hallarda (3) dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.- 421.3-ci maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Sadalanmış maddələrin tələblərindən göründüyü kimi, müqavilənin ləğv edilməsi tərəflərin razılaşması ilə, tərəflərdən birinin tələbi ilə və yaxud həmin müqavilənin ləğv olunmuş sayılması ilə mümkündür.Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız üç şərtdən birinin mövcud olduğu halda ləğv oluna bilər. Onlara aiddir: müqaviləni əhəmiyyətli dərəcədə pozulması (1), Məcəllədə (2) və ya müqavilədə nəzərdə tutulan (3) hallar. Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. İşin hallarına münasibətdə bu müddəaların tələbləri tətbiq edilərkən belə müəyyən olunmuşdur ki, müqavilənin ləğvinə dair tərəflər arasında razılaşma olmamış, müqavilədə onun ləğv edilməsi halları nəzərdə tutulmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflərdən birinin tələbi ilə müqavilə yalnız o halda ləğv oluna bilər ki, əgər digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur və yaxud Məcəllədə nəzərdə tutulmuş qaydada. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi müqavilənin şərtləri cavabdeh tərəfindən pozulmuşdur.Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi müqavilənin ləğvi hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddia qismən təmin edildiyindən, 30 manat dövlət rüsumunun 20 manatı Cavabdeh tutularaq İddiaçı ASCnə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 284-1 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. «Yelo Bank” ASC ilə Cavabdeh arasında bağlanmış 12.03.2020-ci il tarixli 4-Y-2-00- 635-20 saylı kredit müqaviləsi ləğv edilsin, həmin müqavilə üzrə Cavabdeh 3966.72 manat əsas borc, 244.56 manat faiz borcu, 39 manat cərimə borcu olmaqla, ümumilikdə 4250.28 manat borc və 20 manat rüsuma görə pul məbləği alınaraq alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-4568/2021
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4568/2021
10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver