Məhkəmə qərarları › İş №2(012)-4595/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4595/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4595/2021 21.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hаkim Əhmədоv Hаbil Yunis оğlunun sədrliyi, X2 kаtibliyi, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, TBC Kredit BOKT ilə Cavabdeh arasında bağlanmış 04.10.2019-cu il tarixli Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh əsas borca görə 1292 manat, faiz borcuna görə 228.18 manat olmaqla cəmi 1520.18 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq YeloBank Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, Cavabdeh 04.10.2019-cu il tarixli Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsinə əsasən TBC Kredit Bank olmayan Kredit təşkilatından illik 27%-lə 24 ay müddətinə 1935 manat kredit götürmüşdür. TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Nikoyl İKB ASC arasında bağlanmış tələbin güzəşti barədə müqaviləyə əsasən cavabdeh ilə TBC Kredit Bank olmayan Kredit təşkilatı arasında bağlanmış Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsinə əsasən borcu tələb etmək hüququ Nikoyl İKB ASC-yə ötürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 27.05.2021-ci il tarixədək cavabdehin banka kredit müqaviləsi üzrə əsas borca görə 1292 manat, faiz borcuna görə 228.18 manat olmaqla cəmi 1520.18 manat borcu vardır. Bank tərəfindən cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq isə o, borcu ödəməkdən yayınmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul edərək izahatında göstərmişdir ki, YeloBank ASC ilə bağladığı 04.10.2019-cu il tarixli Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsinə əsasən TBC Kredit Bank olmayan Kredit təşkilatından o, illik 27%-lə 24 ay müddətinə 1935 manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə ödənişlərini əvvəllər vaxtlı-vaxtında icra etsə də, sonradan iş yeri bağlandığından və bu səbəbdən də maddi çətinliyi yarandığından ödəniş edə bilməmiş, hətta bu barədə banka müraciət edərək yeni ödəniş qrafikinin açılmasını xahiş etmişdir. Hazırda, iddiaçı YeloBank Açıq Səhmdar Cəmiyyətinin iddia tələblərini qəbul edir, ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 04.10.2019-cu il tarixli Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsindən görünür ki, bu müqavilə TBC Kredit BOKT tərəfindən ödəniş kartları, kredit və digər xidmətlərin göstərilməsi üzrə münasibətləri tənzimləyir, bu şərtləri təklif edən və qəbul edən tərəflərin hüquq və öhdəliklərini müəyyən edir. -TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 06.11.2019-cu il tarixli razılaşmadan görünür ki, kredit verən və borcalan 04.10.2019-cu il tarixli Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsi (bundan sonra kredit müqaviləsi adlandırılacaq) əsasında kredit münasibətlərinə daxil olmuşlar və bu razılaşma həmin kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olmaqla bu Razılaşma əsasında 04.10.2019-cu il tarixində verilmiş kreditin məbləğini, illik faiz dərəcəsini, müddətini, məqsədli təyinatını və digər zəruri şərtləri əks etdirir. 2. Bu Razılaşmaya əsasən Borcalan illik 27% faizlə 24 ay müddətinə 2000 manat məbləğində kredit "Borcalan"ın istifadəçisi eyniləşdirilmiş yüklənə bilən əvvəlcədən ödənilmiş kart"ına yüklənmək üçün "xxxx" ASC-də tranzit hesab köçürülməklə verilmişdir.

3. Bu Razılaşma ilə verilən kreditin faktiki illik faiz dərəcəsi illik 27 % faiz təşkil edir. 4. Kredit verən və "Borcalan" razılaşırlar ki, borcalan tərəfindən bu Razılaşmanın imzalandığı tarixədək ödəniş həyata keçirilmişsə, qaytarılmış məbləğ bu Razılaşmanın əlavəsində nəzərdə tutulmuş ödəniş cədvəlinə əsasən silinmişdir. 5. Bu Razılaşmaya əsasən "Borcalan"a verilmiş kreditin məqsədli təyinatı şəxsi istehlak kimi müəyyən edilir. 6. Bu Razılaşmaya əsasən "Kredit alan"a verilmiş kreditin "Kredit verən"ə qaytarılması bu Razılaşmaya əlavə olunan Ödəniş Qrafiki üzrə aparılır. -TBC Kredit Bokt ilə Yelo Bank ASC arasında bağlanmış 30.01.2020-ci il tarixli tələbin güzəşti barədə müqavilədən görünür ki, TBC ilə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilən borclular arasında Əlavə 1-də qeyd edilən tarixli və nömrəli kredit müqavilələri bağlanmışdır; Qeyd edilən kredit müqavilələri üzrə borcluların öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Əlavə 1-də qeyd edilən təminat müqavilələri rəsmiləşdirilmişdir; kredit müqavilələri üzrə borcluların 30.01.2020-ci il tarixinə TBC-yə olan cəmi borcları 1000014,50 manat, o cümlədən əsas borcu 990 023,68 manat, faiz borcu 9990,82 manat təşkil edir. -04.10.2019-cu il tarixli Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, Cavabdeh ona verilmiş kredit üzrə əsas və faiz borcları bir ay sonradan, yəni 04.11.2019cu il tarixdən başlayaraq, 04.10.2021-ci il tarixinədək hər ay banka 108.76 (sonuncu ay 108.78 manat) ödəməklə qaytarmalıdır. -YeloBank ASC-nin 27.05.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 04.10.2019-cu il tarixli Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsi üzrə banka əsas borca görə 1292 manat, faiz borcuna görə 228.18 manat olmaqla cəmi 1520.18 manat borcu vardır. -YeloBank ASC tərəfindən kredit alan Cavabdeh ünvanlanmış 08.05.2021-ci il tarixli 7648 saylı xəbərdarlıqdan görünür ki, bank borcalana kredit müqaviləsi üzrə borc 5 gün müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyə uyğun olaraq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq etmişdir. -Abşeron RPŞ tərəfindən verilmiş 25.01.2014-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİnin Maps şöbəsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri 28-ci məhəllə 16 saylı evin 29 saylı mənzilində qeydiyyatdadır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. İşin araşdırılan hallarından və tədqiq edilmiş sübutlardan göründüyü kimi borclu Cavabdeh bankdan kredit müqaviləsi üzrə borc götürmüş və kredit götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 385.1. maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

442. maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 445.1. maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin araşdırılan hallarını və tədqiq edilmiş sübutları qiymətləndirib hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər. (Mülki Məcəllənin 421.1.,421.2.,422.2.-ci maddələri.) İddia ərizəsində tərəflər arasında müqavilənin ləğv edilməsi tələbi ilə bağlı məhkəmə qeyd edir ki, müqavilənin vaxtından əvvəl ləğvi cavabdehin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməməsi səbəbindən irəli gəlir və bu, müqavilənin şərtlərinə uyğundur. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin tam şəkildə və vaxtında yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından məhkəmə iddiaçının kredit müqaviləsinin ləğv edilməsi və kredit müqaviləsi üzrə əsas borca görə 1292 manat, faiz borcuna görə 228.18 manat olmaqla cəmi 1520.18 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması tələbinə dair iddia ərizəsini əsaslı hesab edib təmin edilməsi qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

İddia ərizəsi təmin edilsin. TBC Kredit Bank olmayan Kredit təşkilatı ilə Cavabdeh arasında bağlanmış 04.10.2019-cu il tarixli Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 04.10.2019-cu il tarixli Fiziki şəxslərə ödəniş kartlarının və kreditlərin verilməsi üzrə Standart Şərtlər kredit müqaviləsi üzrə əsas borca görə 1292 (min iki yüz doxsan iki manat) manat, faiz borcuna görə 228.18 (iki yüz iyirmi səkkiz manat on səkkiz qəpik) manat olmaqla cəmi 1520.18 (min beş yüz iyirmi manat on səkkiz qəpik) manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat YeloBank Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar