Məhkəmə qərarları › İş №2(012)-4596/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4596/2021

25.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4596/2021 25.08.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə 25 avqust 2021-ci il tarixdə, Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 3739,94 manat əsas, 305,71 manat faiz, 270,27 manat cərimə olmaqla, cəmi 4315,92 manat borcun və 30 manat dövlət rüsumuna görə ödənilmiş pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" İKB ASC ilə bağladığı 02.04.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankdan illik 20%-lə 48 ay müddətinə ödəmək şərtilə 5300 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilə şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. Cavabdeh 31.05.2021-ci il tarixinə kredit müqaviləsi üzrə 3739,94 manat əsas, 305,71 manat faiz, 270,27 manat cərimə olmaqla, cəmi 4315,92 manat borcu yaranmış, borcun qaytarılması barədə xəbərdar olunsa da, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X1 iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdiyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 02.04.2019-cu il tarixli kredit müqaviləsindən müəyyən edilir ki, Cavabdeh "xxxx" İKB ASC-dən illik 20%-lə 48 ay müddətinə ödəmək şərtilə 5300 manat kredit götürmüşdür Mülki işin materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Mülki işin materiallarında olan 31.05.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 31.05.2021-ci il tarixinə İddiaçı ASC-yə 02.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3739,94 manat əsas, 305,71 manat faiz, 270,27 manat cərimə olmaqla, cəmi 4315,92 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. Həmin məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə ücün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 02.04.2019-cu il tarixli müqavilə üzrə hesablanmış 270,27 manat dəbbənin məbləği azaldılmalı və 10 manat müəyyən edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC (əvvəlki “Nikoyl İKB ASC) ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmasına baxmayaraq, Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən və bununla da onun əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi müəyyən edildiyindən Cavabdeh 02.04.2019-cu il tarixli kredit müqaviləsi üzrə 3739,94 manat əsas, 305,71 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 4055,65 manat məbləğində pul alınaraq İddiaçı ASC-yə qaytarılmalı, bununla da iddia qismən təmin edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 20 manat məbləğində hissəsi Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3739,94 manat əsas, 305,71 manat faiz, 10 manat cərimə olmaqla, cəmi 4055,65 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 20 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar