Məhkəmə qərarları › İş №2(012)-464/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-464/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-464/2021 01.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 və onların vəkili-nümayəndəsi Vəkil, Cavabdeh1 Nüxrət oğlunun və onun vəkili X3, Cavabdeh2 və onun vəkili-nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Nüxrət oğlu və Cavabdeh2 qarşı «pul» tələbi barədə iddiası üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 Nüxrət oğlundan 15000 manat məbləğində pulun alınıb İddiaçı1 və 30500 manat məbləğində pulun alınıb İddiaçı2 verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil məhkəməyə Cavabdeh2 əlavə cavabdeh qismində cəlb olunması barədə ərizə ünvanlayaraq iddia tələbinin hər iki cavabdehə yönəlməklə borcun müştərək qaydada cavabdehlər Cavabdeh1 Nüxrət oğlu və Cavabdeh2 tutularaq iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, digər İddiaçı2 ilə birlikdə poçt idarəsində işləmiş və Firuzə adlı xanım da həmin idarədə xadimə olaraq çalışmışdır. Firuzə iş üzrə Cavabdeh1 onlara həyat yoldaşı olaraq tanıtmışdır və Elçin ilə 2018-ci il tarixdə Firuzənin vasitəçiliyi ilə tanış olmuşdur. O həmin ərəfədə ailə qurmaq istədiyini və bu səbəblə də ev almaq istədiyini Firuzə ilə danışmışdır. Təxminən bir ay sonra Firuzə həyat yoldaşı Elçinin maşın almaq istədiyini və mümkündürsə Elçinə məsləhət verməyini xahiş etmiş, elə bu səbəbdən də Elçin ilə ilk telefon danışıqları olmuş və bir müddət sonra Elçin işlədikləri yerə polis formasında gəlmişdir. Firuzə yoldaşının sistem işçisi olduğunu, təzəlikcə obyekt aldığını, lakin 5000 manat vəsaitin çatmadığını bildirmiş, Elçinə 5000 manat pul verdiyi təqdirdə Elçinin ona maaş kartını verəcəyini demişdir. İlk öncə razılaşmaq istəməsə də, sonradan razılaşmış və 5000 manat pulu Elçinə verməsi üçün Firuzəyə vermişdir. O, pulun müqabilində Elçinin maaş kartını götürmüş və ilk ay maaş kartından 1136 manat çıxardaraq 136 manatını isə Elçinə verməsi üçün Firuzəyə vermişdir. Firuzə bir müddət sonra yenə ona müraciət edərək Məhiyyədin adlı qohumunun işinin məhkəmədə olduğunu, pul lazım olduğunu bildirmiş, eyni zamanda Firuzə ona demişdir ki, Elçinin maaş kartı da ondadır və Məhiyyədin isə evini 3 ay sonra satdıqdan sonra borcunu artıqlaması ilə qaytaracaqdır. O isə yenə Firuzəyə inanaraq, 3000 manat pul borc vermiş və Firuzə dəfələrlə ondan müxtəlif bəhanələrlə pul almağa başlamışdır. Uzun illərdir eyni iş yerində işlədiyi üçün və yoldaşının polis işçisi olduğunu bildiyi üçün o Firuzəyə inanaraq pulları vermişdir. Belə ki, Firuzə qohumunun xəstə olduğunu və İrana aparmaq üçün isə 1000 manat pula ehtiyacı olduğunu və 2 ay sonra isə Elçinin dəmir biznesi ilə məşğul olduğunu və 10000 manat pul lazım olduğunu bildirmişdir. Beləliklə ümumilikdə 19000 manat borca pul vermiş, verdiyi pulların müqabilində Elçin ona Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsinə dair torpağın sənədini vermişdir. Adıçəkilən pulların bir qismini şəxsən Elçinə, bir qismini isə Elçinə verməsi üçü Firuzəyə vermişdir. Eyni zamanda bu müddət ərzində Elçinin maaş kartından 3000 manat pul çıxartmış, dəmir biznesi üçün verdiyi pula görə isə ilk ay Elçin ona 1700 manat qaytarmış və ondan maaş kartını almışdır. Lakin borc niyyəti ilə ondan alınan pulların hamısı ona qaytarılmamışdır. Belə ki, cavabdeh dələduzluq edərək 4 ay müddətində restoran və dəmir biznesi açmaq bəhanəsi ilə onda külli miqdarda pul alaraq qaytarmamışdır. O, pulları iş yerində Firuzə vasitəsilə Elçinə vermişdir. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini, 15000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmədə izahatında bildirdi ki, o, 10 ildir ki, Firuzə ilə eyni iş yerində işləyir. Firuzə Binəqədi rayon Polis İdarəsinin polis mayoru olmuş Cavabdeh1 Nüxrət oğlu tərəfindən aldanılaraq cəmi 30500 (otuz min beş yüz) manat pulunu mənimsəmişdir. Belə ki, Firuzə ona yaxınlaşaraq, Elçinin təzə vəzifəyə keçdiyini və pul lazım olduğunu bildirmiş və o, 2018-ci ilin yanvar ayında Elçin ilə şəxsən görüşərək 5000 manat pul vermiş, Elçin isə təminat olaraq özünün maaş kartını ona vermişdir. Beləliklə 2018-ci ilin avqust ayına qədər Elçinin maaş kartından 600-700 manat çıxararaq qalan məbləği Elçinə qaytarmış və 2018-ci ilin avqust ayında Elçinin borcu bağlandığına görə maaş kartını qaytarmışdır. Maaş kartını qaytardıqdan bir neçə gün sonra Elçin ona zəng edərək dostunun obyektində həyətdə quşlar olduğunu, sahibinin həmin quşları satdığını bildirərək ondan 5000 manat pul istəmişdir. O, 5000 manatın müqabilində 1000 qazanc almalı olduğundan, bundan şirnikləşərək və Elçinin əvvəl verdiyi borcun bağlandığını nəzərə alaraq Elçinə 5000 manat pul vermişdir. Firuzə daha sonra yenidən ona müraciət edərək polis mayoru olan yoldaşı Cavabdeh1 dəmir biznesi ilə məşğul olduğunu, artıq qazanc əldə etmək istəyirsə Elçinə borc pul verməsini və müqabilində isə ona artıqlaması ilə pul qaytaracaqlarını demişdir. Beləliklə 2018-ci ilin sentyabr ayında əvvəlcə 2 dəfəyə 10000 manat pul vermiş, Elçin ilə aralarında 2018-ci ilin noyabr ayında borcun tam bağlanması və ona 25000 manat pul ödənilməsi barədə razılığa gəlmişlər. İlkin olaraq ilk 10000 manatı verən kimi Elçin ona 2018-ci ilin sentyabr ayında qazanc olaraq 2000 manat pul vermiş, lakin noyabr ayında gətirilən dəmirlər keyfiyyətsiz olduğuna görə ondan yenə 10000 manat istəmiş, Elçin sistem işçisi olduğu üçün o Elçinə yenə də inanmış və 2018-ci ilin noyabr ayında 10000 manat pulu Elçinə vermişdir. Sonra isə Firuzə evinin sənədləşməsi üçün ondan 5000 manat pul istədiyindən, o, iki dəfəyə 2000 və 3000 manat olmaqla Firuzəyə pul vermişdir. Firuzə ona müxtəlif vədlər vermiş və o, sonda Firuzəyə inanmışdır. Sonradan isə o, təsadüfən biləndə ki, onun iş yoldaşı olan İddiaçı1 da bu Firuzə tora salıb, 15000 manat pulunu polis Elçinlə alıb mənimsəyiblər, o, şoka düşmüşdür. İndi ona pul əvəzi vəd verdikləri kiməsə məxsus evin də sənədinin düzəlmədiyinə görə onu da vermirlər. Bir sözlə, Elşəni və onu da bu dələduz dəstə əvvəlcədən planlı surətdə pullarını etimadlarından sui-istifadə edərək aldadıb alıblar və dələduzluq ediblər. Elçin sonda ona demişdir ki, bir polis olaraq onları şərləyə və tutdura bilər, ona heçnə edə bilməzlər, digər tərəfdən səslərini çıxaracaqları halda Elşənlə onu işdən qovduracağı ilə də hədələmişlər. Polis forması geyinən bu cavabdeh onlara qarşı bütün yaramaz hərəkətlərə əl atmışıdır. Bütün bunlara baxmayaraq o və Eşən cavabdehin əməllərində prokurorluğa şikayət etmiş, həmçinin BMCMİ-də və 43-cü Polis Bölməsində araşdırma aparılmış və nəticədə cavabdeh E.X8 Nazirliyi orqanlarından qovulmuşdur. Qeyd olunanlara əsasən, o, iddianın təmin edilməsini, 30500 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili-nümayəndəsi Vəkil məhkəmədə iddia tələbini müdafiə edərək, iddiaçıların izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxslərin müraciəti əsasında BMCMİ-də və 43-cü Polis Bölməsində araşdırma aparılmış, qərarda da borcun bir hissəsinin qaytarılmaması göstərilmişdir. Məhkəmə iclaslarında cavabdehlər həqiqətən pul aldıqlarını etiraf etsələr də, onların qaytarılmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişlər. Cavabdeh1 Nüxrət oğlu polis orqanlarından iddiaçıların əsaslı şikayəti əsasında xaric olunması isə cavabdehin günahkar olmasının sübutudur.Polis orqanları tərəfindən mülki qaydada məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh2 məhkəmədə iddiaçılardan aldığı pulların bir hissəsini digər cavabdeh olan tanışı Cavabdeh1 Nüxrət oğluna verdiyini göstərmişdir.Hər iki cavabdeh pulları aldığını etiraf etsələr də,onların qaytarılmasına dair məhkəməyə sübut edən sənədlər təqdim edə bilməmişlər, izahatları özlərini müdafiə xarakteri daşımış və məsuliyyətdən yaxa yayınmağa çalışmışlar.Göstərilənləri nəzərə alıb, məhkəmədən İddiaçı1 və İddiaçı2 müraciətləri əsasında Cavabdeh1 Nüxrət oğlu və Cavabdeh2 borcun müştərək qaydada iki cavabdehdın tutularaq,iddiaçılara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh1 Nüxrət oğlu məhkəmədə izahatında bildirdi ki, hazırki işdə adı hallanan Firuzə adlı qadın onun həyat yoldaşı deyildir. Belə ki, Firuzənin qardaşı Ayazla yaxın dostdur və mütəmadi olaraq, görüşmüşlər. Onun oğlu Mehrəliyev Vüsal anadangəlmə “Psixofiziki inkişaf geriliyi ilə gedən perinetal ensefalopatiya (mülayim hodrosefal fonda formalaşan atonik formal uşaq serebral iflici) diaqnozu ilə xəstədir. Vüsalın xəstəliyi ilə bağlı mütəmadi müalicələr aparılır və bu məsələdə dost kimi Ayaz ona dayaq durmuş, təmənnasız köməkliklər göstərmiş, bəzən Ayazdan borca pul götürmüşdür. 2017-ci ilin dekabr ayında Ayazgildə oturub söhbət etdikləri zaman o, Ayaza uşağın müalicəsi ilə bağlı pula ehtiyacının olduğunu və borca 5000 manat pul götürmək istədiyini bildirmişdir. Orada olan Firuzə (Ayazın bacısı) demişdir ki, iş yerində Zaur və Elşən adlı şəxslər girov qoymaqla 15%-ə sələmə pul verirlər və o istəsə borca pul götürə bilər. Onun girov qoymağa bir şeyi olmadığı üçün maaş kartını girov qoya biləcəyini bildirmişdir. Firuzə Zaurdan deyil, Zaurun Reyhan adlı tanışından 5000 manat pulu gətirib ona vermiş və maaş kartını aparıb Reyhana vermişdir. Firuzənin dediyinə görə Zaur hər ay onun maaş kartından pulu çıxararaq, 750 manatını özündə saxlamış, qalan hissəsini Firuzə vasitəsilə ona göndərmişdir. Beləliklə, o həmin məbləğin faizi olaraq 6000 manat və yeri olaraq 5000 manat pulu kart və Firuzə vasitəsi ilə tam ödəmişdir. Zaur sələmə verdiyi pulların hesabatını hər ay Firuzəyə təqdim etdiyi siyahıda aparmış və həmin siyahılardan birində, ondan Reyhan və Firuzə vasitəsi ilə götürdüyü 5000 manat pulun qaytarılması səbəbindən üstündən xətt çəkməklə silmişdir. Bu fakt Zaurun anası ilə onun arasında baş tutmuş telefon danışığının audioyazısı ilə təsdiqlənir. İddiaçı2 onunla “metal işinə baxması” iddiasının da heç bir əsası yoxdur. Ramil təkbaşına metal işinə baxmış, onun Ramillə tanışlığı polisin post-patrul xidmətində işlədiyi zaman xidməti ərazisində Ramilin metal qəbulu məntəqəsində işlədiyi 2002-2003-cü illər dövrünə təsadüf edir ki, sonradan bu münasibətlər ailəvi dostluq münasibətlərinə çevrilmişdir. Onlar birlikdə çörək yedikləri zaman Ramil mal ala bilmədiyi, hansı şərtlə olursa-olsun 3000 manat pula ehtiyacı olduğunu bildirmiş və o, Ramilə Zaur adlı şəxsin sələmə pul verdiyini demişdir. Ramil adlı şəxs 20.02.2018-ci tarixdə Zaurdan Firuzə vasitəsi ilə 2000 man pul götürmüş, hər ay Zaura % olaraq 600 manat ödəmiş, son nəticədə iyul ayında 2000 (borcun yeri)+3000 (%)=5000 manat ödəniş etmişdir. Ramilin 2018-ci ilin aprel ayında Zaurdan borca 10000 manat götürmüş, hər ayın 15 və 30-cu günlərində hər dəfə 2000 manat ödəmiş, avqust ayında Zaur borca verdiyi pulu geriyə tələb edib almış, bir gün sonra təkrar həmin pulu yenidən Ramilə vermişdir. Ramil yenə də, dekabr ayınadək, ayda iki dəfə 2000+2000 ödəmiş, 2 dəfə ödənişi gecikdirdiyinə görə bir dəfə 700, bir dəfə də 500 manat əlavə ödəniş etmişdir. Beləliklə, Ramil Zaura borca vediyi 10000 manatın qarşılığında 33.200 manat pul ödəmişdir. Zaur özünə “X14” markalı ** FE *** dövlət nişan nömrəli bahalı avtomobil almış, iş yoldaşlarının yanında həmin avtomaşının pulunu Firuzə və onun tərəfindən qazandırdıqlarına görə, maşının nömrə seriyasında F hərfini Firuzənin, E hərfini isə Elçinin adına aldığını demişdir. Zaurun avtomaşınının nömrəsi belə X5 məxsus “Mersedes ML" markalı ** SM *** dövlət nömrə nişanının rəqəmlərinin eynisidir. O, İddiaçı1 Firuzə vasitəsi ilə özü üçün 15 %- lə sələmə maaş kartını girov qoyaraq 6000 manat, torpaq sənədini girov qoyaraq bir dəfə 4000, ikinci dəfə 5000 manat pul götürmüş, götürdüyü pulları və sələmin faizini ödəyərək qoyduğu girovları geri almışdır. O, borcun ödənilməsi üçün həm də 17.12.2018-ci il tarixdə X2 kirayəçisinin əmisi X1 adına 5000 manat pul götürüb Firuzə vasitəsi ilə Elşənə vermişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin ona aid hissədə rədd edilməsini xahiş edir. Cavabdeh2 məhkəmədə izahatında bildirdi ki, o, iddiaçıları 6 ildir ki, tanıyır. Belə ki, o, poçtda xadimə işləmiş, iddiaçılardan biri kuryer digər isə qəbul otağında işləmişdir. Belə ki, o, ilkin olaraq Zaurdan qızı dişindən əməliyyat olunduğu zaman 100 manat borca pul götürmüş və pulu da tezliklə qaytarmışdır. Bundan sonra Zaurdan tez-tez borca pul götürmüş, belə ki, Zaur sələmə pul vermiş və Zaurdan müəyyən aralıqlarla 2000, 3000 və 10000 manat sələmə pul götürmüşdür. Belə ki, o, sələmə götürdüyü pulları müxtəlif şəxslərə vermiş və faizləri də vaxtında qaytarmışdır. O, hər dəfə faizi və ana məbləği qaytaranda Zaur özünə məxsus vərəqdə qaytarılan məbləğin üzərindən xətt çəkərək qeydlər aparmışdır. O, sələmə götürdüyü pulları Zaurdan götürsə də, pulları ona Reyhan adlı şəxs vermiş və o, pulu Zaurdan götürdüyü üçün də faizləri məhz Zaurun özünə qaytarmışdır. İş üzrə Cavabdeh1 ilə qardaşı Ayaz dost olmuş, Elçinin uşağı xəstə olduğu üçün 5000 manat pul lazım olmuş, o, da Elçinə Zaur adlı iş yoldaşının sələmə pul verdiyini və istəsə sələmə pul götürə biləcəyini bildirmişdir. Zaura pul almaq üçün müraciət edəndə, Zaur Reyhan “xala” nın pul verə biləcəyini və lakin girov lazım olduğunu demişdir. Beləliklə 2017-ci ilin avqust ayında Elçinin maaş kartını girov qoyaraq Zaurdan 5000 manat pul almış və 2018-ci ilin dekabr ayına qədər kart Zaurda olmuşdur. Elçin 5000 manat borcu faizi ilə birlikdə qaytarmışdır. Onun ancaq Elçinə verilən 5000 manat barədə məlumatı vardır. 2018-ci ilin avqust və ya sentyabr aylarında Elşən ona 15000 manat pulu 10 faizə vermişdir. O, bu puldan 11000 manatı Elşənə digər 4000 manatını isə Məhiyyəddin adlı şəxsə vermişdir. Elçinə verdiyi 11000 manat pulu Elçin başqa şəxsə vermişdir. Belə ki, Elçin maaş kartını Elşənə vermişdir və Elşən maaş kartından 5000 manat çıxarmışdır. Qalan məbləği isə Elçin onun vasitəçiliyi ilə qaytarmışdır. Eyni zamanda, pulun müqabilində Məhiyyədin adlı şəxsin də maaş kartı Elşən də olmuşdur.Elşəndən alinan pullar faizləri ilə birlikdə qaytarılmış və onun ümumilikdə İddiaçı1 1500 manat məbləğində borcu qalmışdır. Reyhan adlı şəxs ona hissə-hissə müxtəlif vaxtlarda illik 15 faizə olmaqla 24500 manat əlbəəl pul vermişdir. 24500 manat puldan 5000 manatı Elçinə, digər hissəsini isə başqa şəxslərə vermişdir. Aralarındakı razılaşmaya əsasən pulu 1 il yarıma qaytarmalı idi. O, 24500 manat pulu başqa şəxslərə verərək, vasitəçilik etmişdir. Belə ki, o, 24500 manat əsas pulu və hesablanan 43500 məbləğində faizi qaytarmışdır. Məlumat üçün bildirir ki, əsas borca hesablanmış faiz borcunu iş yerində və şəhərdə şəxsən Zaura vermiş və pulun qaytarılması ilə bağlı heç bir qeyd aparmamışdır. Cavabdeh2 vəkili-nümayəndəsi X7 məhkəmədə Cavabdeh2 izahatına uyğun izahat verdi. Məhkəmə iclasında şahid qismində çıxış edən X4 ifadəsində bildirdi ki, Cavabdeh1 onun əmisi oğludur. 2018-ci ilin sentyabr ayında həyat yoldaşı xəstə olduğu üçün pula ehtiyacı var idi. O, Elçindən 4000 manat borca pul götürmüş və 6-7 aya hissə-hissə qaytarmışdır. O, 250 manat pensiya və 250 manat isə maaş alır. O, maaşından borcu ödəmiş və borcun müqabilində evinin sənədlərini girov qoymuşdur. Borcu tam ödəyib bitirdikdən sonra evinin sənədləri ona qaytarılmışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən X6 ifadəsində bildirdi ki, o, Cavabdeh1 20 ildir ki, tanıyır və Firuzə ilə də Elçin vasitəsilə tanış olmuşdur. O, 2018-2019-cu illərdə işiylə əlaqədar Firuzədən borc pul almışdır. O, dəmir işi ilə məşğuldur və 2019-cu ilin aprel ayında işiylə əlaqədar pul lazım olanda Firuzədən pul istəmiş, Firuzə isə ona Zaur adlı tanışının sələmə pul verdiyini bildirmişdir. Beləliklə o, Firuzə vasitəsilə Zaurdan 10 00 manat pul almış və pulu isə tam qaytarmışdır. O, şəxsən Zaurdan pul almamış və 2019-cu ilin dekabr ayında borcunu tam qaytararaq pulu Firuzəyə əlbəəl vermişdir. Məhkəmə işdə iştirak edən şəxsləri, şahidləri dinləyib, iş materiallarını tədqiq edərək belə hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranması üçün rəsmi qaydada hər hansı bir müqavilə bağlanmamış,müqavilənin bağlanmasını təstiq edən hər hansı bir hal məhkəmədə müəyyən ediılməmiş, tərəflərin özü də bu halı təstiq etmiş və beləliklə tərəflər arasında müqavilənin bağlanmadığı şəksizdir.Məhkəmə hesab edir ki, pul ödəmək vəzifəsi öhdəlik hüquq münasibətlərinin tərkib hissəsi olduğundan öhdəlik hüquq münasibəti yaranmadan pul ödəmək vəzifəsi yarana bilməz.Mülki Məcəllənin “öhdəliklərin əmələ gəlmə əsasları”adlı 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması,əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla,öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. AR Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.Lakin, yuxarıda qeyd olunduğu kimi, tərəflər qanunun bu maddəsinin tələblərinə zidd olaraq borc müqaviləsi bağlamamışlar. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təstiq edilməli olan işin halları başqa sübutlarla təstiq oluna bilməz. Bundan başqa məhkəmədə süburların tədqiqatı zamanı cavabdehlərin iddiaçıların iddia etdiyi məbləğdə əsassız varlanması barədə də kifayət qədər mötəbər sübutlar müəyyən edilməmiş,halbuki həmin sübutları AR MPM-in 77.1-ci maddəsinin tələbinə görə təqdim etmək vəzifəsini iddia edən tərəf daşımış, pulun verilib-alınması hallarında məhkəmədə çoxsaylı ziddiyətlər müəyyən edilmiş, iddiaçıların özlərinin də etiraf etdiyi kimi pulların ayrı–ayrı vaxtlarda hissə-hissə verildiyi halda əvvəlki verilmiş pulların qaytarılmadan yenidən sələmə pulların verilməsi məhkəmədə kifayət qədər şübhələr yaratmış, həmin ziddiyyətləri və şübhələri aradan qaldırılması üçün iddiaçıların izahatından başqa hər hansı bir digər mötəbər sübut müəyyən edilməmiş,həmçinin iddiaçıların əvvəlcə Cavabdeh1, sonradan isə Cavabdeh2 da cavabdeh qismində cəlb edilməklə pulun cavabdehlərdən müştərək qaydada tələb etməklə özlərinin də qeyri müəyyənlikdə olmalarına məhkəməyə əsas verdiyindən məhkəmə iddiaçıların izahatına tənqidi yanaşmışdır. Eyni zamanda məhkəmədə sübutların tədqiqatı zamanı cavabdehlərdən Cavabdeh2 İddiaçı1 1500 manat məbləğində pulun qaytarmaq öhdəliyinin olmasını özünün izahatında etiraf etmiş və bu səbəbdən də məhkəmə hesab edir ki, Cavabdeh2 1500 manat tutularaq İddiaçı1 verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.2-ci maddəsinə əsssən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərəkən bir qayda olaraq, affırmanti, non neganti incumbiti probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biribirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə görəişdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 1500 manat tutularaq İddiaçı1 verilsin. İddia tələbi digər hissələrdə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar