Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 2(012)-4649/2022 17.08.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Abbasova Məlahət Aslan qızı, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı pulun və dəymiş maddi ziyanın əvəzinin qaytarılması tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏNETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı pulun və dəymiş maddi ziyanın əvəzinin qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən torpaq sahəsinin ayrılması ilə bağlı ödənilən 800 manat məbləğində pulun İddiaçı1, 800 manat məbləğində pulun İddiaçı2, 800 manat pulun İddiaçı3 xeyrinə, vurulmuş maddi ziyana görə 1656,70 manat pulun İddiaçı1, 1656,70 manat pulun İddiaçı2 və 1656,70 manat pulun İddiaçı3 xeyrinə, mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş 200 manat pulun 66,70 manat hissəsinin İddiaçı1, 66,70 manat hissəsinin İddiaçı2 və 66,70 manat hissəsinin İddiaçı3 xeyrinə, həmçinin iddia ərizəsinin verilməsi ilə bağlı ödənilmiş 93 manat dövlət rüsumunun əvəzinin İddiaçı1 xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsinin qəbulundan imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında münasibətlər Qobu Bələdiyyəsinin 10 yanvar 2007-ci il tarixli, 01 saylı qərarına əsasən yaranmışdır. Bu qərar Qobu Bələdiyyəsi tərəfindən verilmişdir və inzibati aktdır, çünki Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”na (İV fəsil) görə bələdiyyələr inzibati orqandır. Qüvvədə olan qanunvericiliyə görə inzibati orqanın ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurduğu ziyana görə kompensasiya mülki deyil, inzibati icraat qaydasında tələb edilməlidir. Bu cür tələblərin mülki məhkəmə icraatı qaydasında araşdırılması və həll edilməsi qadağandır. Halbuki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 məhkəmə aidiyyətini pozmuş, hazırki tələblə Abşeron Rayon Məhkəməsinə müraciət etmişlər. Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə görə ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Bundan başqa, işdən görünür ki, İddiaçı1 hazırki iddia ərizəsini verərkən "xxxx" ASCnin ödəniş sistemi vasitəsilə ********* saylı qəbzlə Abşeron Rayon Məhkəməsinə iddia ərizəsinin verilməsi üçün 93 manat məbləğində dövlət rüsumunu xx.xx.2022-ci ildə saat 12:45-də ödəmişdir. Mülki Prosessual Məcəllənin 114.1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, dövlət rüsumu geri qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən, bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən, hazırki iddia ərizəsinin qəbulundan imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara, habelə iş üzrə ödənilən 93 manat dövlət rüsumu İddiaçı1 qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARAALDİM: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh Abşeron rayonu Qobu Bələdiyyəsinə qarşı pulun və dəymiş maddi ziyanın əvəzinin qaytarılması barədə iddia ərizəsinin qəbulundan imtina edilsin və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçı1 hazırki mülki iş (2(012)-4649/2022 saylı mülki iş) üzrə ödəmiş olduğu 93 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı1 qaytarılsın. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4649/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №2(012)-4649/2022
17.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver