Məhkəmə qərarları › İş №2(012)-4658/2020

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4658/2020

02.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4658/2020 02.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abaszadə Sevda Nizami qıznın katibliyi, İddiaçı vəkili və nümayəndəsi X3, Cavabdeh vəkili və nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin miqdarının artırılması tələbinə dair» iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X2 tutulan alimentin miqdarının artılırması, alimentin sabit pul məbləğində - 170 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı vəkili və nümayəndəsi X7 ərizə təqdim edərək, Cavabdeh tutulan alimentin miqdarının artılırması, alimentin sabit pul məbləğində - 170 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, Xəzər Rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli 2(003)- 1198/2015 saylı qətnaməsi ilə xx.xx.2015-ci il tarixdən başlayaraq, Cavabdeh hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birgə nikahdan doğulmuş uşağın artıq 6 yaşı olacaqdır. Uşağın təlabatları gün-gündən artır. Cavabdehdən isə iddiaçıya hər ay 100 manat aliment tutulması qət edilmişdir. Uşağın inkişafı, onun saxlanmasında iddiaçının tək iştirak etməyi, habelə yaşayış minimumunun hazırda 170 manat müəyyən olunması nəzərə alınaraq cavabdehdən tutulmalı olan alimentin məbləği artırılmalı və 170 manat müəyyən olunmalıdır. Bir valideyn kimi cavabdeh də uşağın saxlanılmasında ona köməklik göstərməlidir. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən iddiasının təmin olunmasını xahiş edir. Cavabdeh vəkili və nümayəndəsi X6 məhkəmə iclasında bildirdi ki, iddia tələbini qəbul etmir. İddiaçı ikinci nikaha daxil olmuşdur, cavabdeh isə nikaha daxil olmamışdır, öz valideynlərinə baxır. İddiaçının ikici dəfə nikaha daxil olmağını nəzərə almaqla alimentin əvvəlki məbləğdə saxlanılmasını xahiş etdi. Məhkəmə, ptoses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını və işin faktiki hallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi Abşeron rayon Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2020-ci il tarixli 591 nömrəli aratyışdan görünür ki, İddiaçı Ağdam rayonundan məcburi köçkün kimi Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni ünvan 1 ünvanında məskunlaşmışdır. -Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş AZ-İ № 324049 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Cavabdeh ilə X9 arasında olan nikah pozulmuş, qadına Cəfərova soyadı verilmişdir. -Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(003)-1198/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 atası olması müəyyən edilmiş, xx.xx.20158-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində və uşağın 3 yaşına çatadək saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinin tələbində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Eyni zamanda, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1. maddəsinin tələbində göstərilir ki, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı faktiki nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X8 adlı uşaqları dünyaya gəlmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(003)-1198/2015 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X4 atası olması müəyyən edilmiş, xx.xx.20158-ci il tarixdən başlayaraq Cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 108 (bir yüz səkkiz) manat sabit pul məbləğində və uşağın 3 yaşına çatadək saxlanması üçün hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tutulan alimentin miqdarının artılırması, alimentin sabit pul məbləğində - 170 manat miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericilklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Cavabdehin alimentin artırılması tələbinin rədd edilməsini iddiaçının yenidən ailə qurması ilə əsaslandırması uşağın dolanacaq xərclərinin əvvəlki səviyyədə saxlanılması üçün əsas ola bilməz. Belə ki, uşaq qanunla nəzərdə tutulan hər il üzrə müəyyən edilən yaşayış minimumu məbləğində maddi təminatını almalıdır və bu valideyinin üzərinə düşən vəzifədir. Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(003)-1198/2015 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı 108 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 108 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu bir neçə dəfə artmışdır. Hazırkı şəraitdə həmin uşağın yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 108 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşağın saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının ikinci dəfə ailə həyatı qurması uşağının minimum dolanışıq xərcinin ödənilməsinə mane ola bilməz. Lakin cavabdehin də həmin məbləği ödəmək imkanının olması barədə iddiaçı tərəfindən yetərli sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, iddia tələbinin əsaslığının sübut edilməsi qanunla nəzərdə tutulmuş qaydada iddiaçının üzərinə düşür. Ona görə də məhkəmə cavabdeh tərəfindən ödəniləcək alimentin miqdarının 150 (yüz əlli) manat olmasını işin ədalətli həlli hesab edir. Qanunvericilik uşağın dolanışıq xərcinin ödənilməsini valideyinin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx xxxx 2016-cı il tarixli, qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahından olan uşağın mənafeyini nəzərə alaraq, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(003)- 1198/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin xx xxxx 1992-ci il tarixli, 236 saylı qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin xx xxxxxx 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx xxxx 2015-ci il tarixli, 2(003)-1198/2015 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar