Məhkəmə qərarları › İş №2(012)-4658/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4658/2021

29.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4658/2021 29.09.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 6112/2017 saylı, 19 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş 24 iyun 2009-cu il təvəllüdlü X4 və 10 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanmasına görə hər ay bir uşağa görə 136 manat, cəmi 272 manat məbləğində alimentin miqdarının artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, Cavabdeh ilə 16 dekabr 2011-ci il tarixdə Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən 921 saylı nikah qeydi ilə nikaha daxil olmuş, birgə nikahlarından 24 iyun 2009-cu il təvəllüdlü X7 və 10 iyun 2012-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Belə ki,, ər-arvad münasibətləri əvvəllər yaxşı olsa da, sonradan pisləşmiş, ailə faktiki dağılmış, birgə təsərrüfat aparmamışlar. Buna görə də o, 2017-ci ildə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında olan rəsmi nikahın pozulması, uşaqların onun himayəsinə verilməsi və aliment tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Abşeron rayon Məhkəməsinin 2(012)-6112/2017 saylı, 19 dekabr 2017-ci il tarixli qətnaməsinə əsasən, iddia tələbi təmin edilərək, onunla cavabdeh arasında Abşeron rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 dekabr 2011-ci il tarixdə 921 saylı qeydə alınmış nikahın pozulması, 24 iyun 2009-cu il təvəllüdlü X4 və 10 iyun 2012-ci il təvəllüdlü X5 onun yanında qalmasının müəyyən edilməsi, Cavabdeh Vaqif oğlundan 31 iyul 2017-ci il tarixdən başlayaraq 24 iyun 2009-cu il təvəllüdlü X4 və 10 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün ayda 136 manat olmaqla ümumillikdə 272 manat sabit pul məbləğində alimentin tutularaq onun xeyrinə ödənilməsi və aliment tələbinin dərhal icra edilməsi qət edilmişdir. Cavabdehlə birgə nikahından dünyaya gəlmiş 24 iyun 2009-cu il təvəllüdlü X7 və 10 iyun 2012-ci il təvəllüdlü X8 onun yanında qalırlar. Nikahı pozulduqdan sonra cavabdeh uşaqları ilə maraqlanmır, birbaşa valideynlik vəzifə və öhdəliklərini yerinə yetirmir, uşaqlarının tərbiyə və təhsilində, həmçinin onların istirahət məsələlərində iştirak etmir. Ümumiyyətlə cavabdehin onlarla heç bir əlaqəsi yoxdur. Qohum-əqrəbadan eşitdiyi məlumata görə cavabdeh 2019-cu ildən Rusiya Federasiyasındadır və bir başqa xanımla ailəlidir. Cavabdeh bilir ki, onun heç bir yerdən gəliri yoxdur. Övladlarına cavabdehin ona ödədiyi aliment pulu ilə baxır və tələbatlarını ödəməyə çalışır. Onun valideynləri də xarici ölkədədir. Hər zaman onun köməyinə çata bilmirlər. Məlumdur ki, 272 manat pulla bu zamanda iki yetkinlik yaşına çatmaqda olan uşaqların tələbatı ödənilə bilməz. Ona ən böyük köməkliyi valideynləri edir. Cavabdehin maddi imkanı hələ onunla danışdığı, övladları ilə əlaqədə olduğu zamanda belə çox yaxşı idi. Cavabdeh ona kinli olduğu üçün özü qəsdən övladlarına 272 manatdan əlavə pul ödəmir. Ona görə də o, məcbur qalıb, hazırkı iddia tələbi ilə bağlı məhkəməyə müraciət edir. O, özü təmizlik işi ilə məşğul olur. Cavabdeh isə illərdir ki, ona cəmi iki uşaq üçün 272 manat aliment ödəyir. Öz istəyi ilə alimenti artırmaq niyyətində deyil. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.02.2012-ci il tarixli AZ-İİ № 799997 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 24.06.2009-cu il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 8221 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 11.08.2012-ci il tarixli AZ-İİ № 916692 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 10.06.2012-ci il tarixdə anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 1496 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuş, atası Cavabdeh, anası X2r. -Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-6112/2017 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Cavabdeh Vaqif oğlu ilə X6 arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 16 dekabr 2011-ci il tarixdə 021 sayla qeydə alınmış nikahın pozulması, 24 iyun 2009-cu il təvəllüdlü X4 və 10 iyun 2012-ci təvəllüdlü X5 anaları X1 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh Vaqif oğlundan 31 iyul 2017-ci il tarixdən başlayaraq 24 iyun 2009-cu təvəllüdlü X4 və 10 iyun 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşaq üçün ayda 136 manat olmaqla ümumilikdə 272 manat sabit pul məbləğində alimentin tutularaq X3 ödənilməsi və aliment tələbinin dərhal icra edilməsi qət edilmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21.08.2019-cu il tarixli AZ-İ № 333570 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X1 nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 125 nömrəsi ilə qeyd edilmiş, nikah ləğv olunandan sonra qadına Məmmədova soyadı verilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 11.06.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 612 saylı evdə qeydiyyatdadır. -AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1981-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən, cavabdeh ilə birgə nikahlarından anadan olmuş 24.06.2009-cu il təvəllüdlü X7 və 10.06.2012-ci il təvəllüdlü X8 adlı övladları iddiaçının himayəsində yaşayır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 75.1. və 75.4. maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1. maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa və ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2. maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya alimenti ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər üz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından anadan olmuş 24.06.2009-cu il təvəllüdlü X7 və 10.06.2012-ci il təvəllüdlü X8 adlı iki uşaqları dünyaya gəlmişdir. Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-6112/2017 saylı qətnaməsinə əsasən Cavabdeh 24.06.2009-cu il təvəllüdlü X4 və 10.06.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa görə ayda 136 manat, cəmi 272 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qətnamə ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məhkəmədən xahiş etmişdir. İşin hallarını araşdıraraq məhkəmə qeyd edir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutaraq qeyd edir ki, Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-6112/2017 saylı qətnaməsi ilə tutulmuş alimentin miqdarı olan 136 manat hazırkı gün üçün yaşayış minimumundan azdır və məlum olduğu kimi qeyd olunan məhkəmə qətnaməsi ilə uşağın saxlanması üçün 136 manat aliment tutulması qət ediləndən sonra yaşayış minimumu xeyli artmışdır. Hazırkı şəraitdə həmin uşaqların yaşını, qida və digər zəruri xərclərə tələbatını nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, 136 manat aliment məbləği müəyyən edilmiş yaşayış minimumundan aşağı olduğundan uşaqların saxlanması üçün yetərli hesab edilə bilməz. Eyni zamanda, məhkəmə qeyd edir ki, qanunvericilik uşağın həmin minimum dolanışıq xərcinin ödənilməsini valideynin üzərinə vəzifə kimi qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Beləliklə, məhkəmə, qanunun qeyd edilən tələbini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, həmçinin, tərəflərin birgə nikahlarından olan uşaqların mənafeyini nəzərə alaraq, 24.06.2009-cu il təvəllüdlü X4 və 10.06.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-6112/2017 saylı saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 175 manat olmaqla cəmi 350 manat sabit pul məbləğində alimentin tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Hazırki iddia tələbi isə alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması barədədir. Bu səbəbdən də məhkəmə hesab edir ki, artırılmış alimentin tutulmasının vaxtı Ailə Məcəlləsinin 100.2-ci maddəsinin təsiri altına düşə bilməz. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 №-li Qərarında da məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Ona görə də, məhkəmə qeyd edir ki, hazırki halda alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Milli Məclisinin 21 iyul 1992-ci il tarixli, 236 saylı Qərarı ilə Azərbaycan Respublikasının qoşulduğu, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə əsasən, uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 19.12.2017-ci il tarixli 2(012)-6112/2017 saylı qətnaməsi ilə müəyyən olunan alimentin miqdarı dəyişdirilərək, 24.06.2009-cu il təvəllüdlü X4 və 10.06.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər bir uşaq üçün 175 (yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Alimentin dəyişdirilmiş miqdarı qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar