Məhkəmə qərarları › İş №2(012)-469/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-469/2024

18.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-469/2024 18.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı1, Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, evin alınmasına görə ödənilmiş ümumilikdə 48268 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 234,80 manat pulun cavabdehlər Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızından tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, İddiaçı1 İddiaçı2 ilə 1988-ci ildə ailə qurmuşdur. Birgə nikahdan 2 oğlu - hazırki iş üzrə cavabdeh xx.xx.1989-cu il təvəllüdlü Cavabdeh1 və iş üzrə iddiaçı xx.xx.1991-ci il təvəllüdlü İddiaçı1 doğulmuşlar. 25 sentyabr 2015-ci il tarixdə Cəfərov X3 (Cəfərova) Səbinə Hikmət qızı ilə nikaha daxil olaraq ailə qurmuş, 01 oktyabr 2020-ci ildə isə rəsmi qaydada boşanmışlar. 27 iyul 2017-ci il tarixdə Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə 1 A ünvanında yerləşən 263 saylı mənzilin sahibi ilə 87500 manata razılaşaraq alqı-satqı yolu ilə 37500 manat hissəsi ona ödənilmiş, qalan 40000 manat pulun isə Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızı tərəfindən ödənilməsinə razılıq əldə edilmişdir. O, uzun illər yaşadığı Zəyəm kəndində poçt müdiri, yoldaşı isə məktəbdə müəllimə işləmişdir. Bundan başqa, geniş torpaq sahələri vardır ki, təsərrüfatla da məşğul olaraq uşaqlarını böyütmüşdür. Yaxın qohumları Bakı şəhərində yaşadıqlarından, ümumiyyətlə hər hansı bir işə görə Bakıya gedəndə qohum evində qalmağa məcbur olurdu, sıxıntı yaşayırdı və buna görə də həyat yoldaşı ilə qərara gəlmişdir ki, qənaətcillik edib pul toplasınlar və Bakıdan özlərinə ev alsınlar. 2014-cü ilin martında televiziyada “Sevil” massivində ilkin ödəniş olmadan evlərin tikintisinə başlandığını eşitmişlər. Həmin vaxt onların 21000 manata yaxın pulu var idi. Yoldaşı ilə "Sevil" massivinə getmiş, şərtlərlə tanış olduqdan sonra onlara deyilmişdir ki, 3 otaqlı mənzilin 1 il müddətində təhvil verilməsinə zəmanət verirlər. İlkin ödəniş kimi 850 manat ödəmək, sonra 10 il müddətinə hər ay 850 manat ödəmək şərtləri olmuşdur. Yoldaşı ilə qərara gəlib razılaşmışlar ki, pulu özlərində saxlasınlar, elə bu şərtlə, ayda 850 manat ödəməklə evi alsınlar. 850 manat ilkin ödəniş edilmiş, sonra 5 ay kredit ödənişindən sonra sosial şəbəkələrdə məlumat yayılmışdır ki, "Sevil" massivində tikinti işləri dayandırılıb. Menecerə zəng edərək məsələni dəqiqləşdirmiş və elə həmin axşam ora gedib 5 ay ərzində etdiyi ödənişlərin taleyi ilə maraqlanmışlar. Bir müddət sonra onları Hökməli bələdiyyəsindən zəng edərək ora dəvət etmişlər və dədiyi pulun qəbzlərini də götürüb Baş Prokuror yanında Korrupsiyaya qarşi Mübarizə İdarəsinə gedib orada izahat yazmalı olmuşlar. Korrupsiyaya qarşi Mübarizə İdarəsində izahat verdikdən sonra müstəntiq demişdir ki, narahat olma ödədiyin pul yaxın vaxtda qaytarılacaq, amma dəqiq vaxtı deyə bilmərik. Nəhayət bir gün onu Xırdalan İcra Nümayəndəliyinə dəvət edərək 5 ay ərzində ödəmiş olduğu 4250 manat (5 ay x 850 manat) məbləğində pulu qaytarmışlar. 850 manat etdiyi ilkin ödənişi isə ala bilməmişdir. Cavabdeh1 2013-cü ildən Vergilər Nazirliyində işləməyə başlamış, həmin ildən 2019-cu ilin avqust ayınadək aylıq maaşı 250-380 manat, 2019-cu ilin avqustundan 2020-ci ilin avqust ayınadək 480-500 manat civarında olmuşdur. Cavabdeh2 2016-cı ilin başlanğıcından 2018-ci ilin iyun ayınadək qəsəbədə orta məktəbdə laborant işinə düzəlmiş, ayda 120-130 manat, 2018-ci ilin iyun ayından 2019-cu ilin sonlarınadək 206 manat civarında, 2020-ci ilin başlanğıcından 2020-ci ilin iyul ayınadək təxminən 390 manat civarında maaş almışdır. Digər oğlu Vahid Cafərov isə 2015-ci ildən 2016-cı ilədək Kapital Bankda işə düzəlmiş, ayda 600 manat civarında, 2016-cı ildən isə Vergilər Nazirliyində işləməyə başlamış, həmin ildən 2019-cu ilin avqust ayınadək aylıq maaşı 290-380 manat, 2019-cu ilin avqustundan 2020-ci ilin avqust ayınadək 480-500 manat civarında olmuşdur. İddiaçı2 1988-ci ildən kəndin orta məktəbində müəllimə işləyir. O, 2013-cü ildən hazırki vaxtadək müxtəlif ölkələrə kənd təsərrüfatı məhsullarının göndərilməsində vasitəçilik edərək orta hesabla ayda 500-600 manat civarında gəlir əldə edir, habelə ailənin birgə təsərrüfatını başçı kimi idarə edirdi. Keçmiş gəlini Cavabdeh2 da daxil olmaqla bütün ailə işə düzələn gündən aldıqları maaş kartları ona vermişlər. Ümumi ailənin pulunun bir hissəsini dolanışığa, bir hissəsini isə Bakıda ev almaq üçün yığmışdır. 2017-ci ilin əvvəllərində "Kristal Abşeron" massivində hazır evlərin olduğunu öyrənmiş, həmin vaxt təxminən 40000 manat pul toplamışdır. Kiçik oğlu əvvəllər Kapital Bankda işlədiyindən bildirdi ki, Abid yeni ailə qurduğundan əlində olan pulu ödəniş edib, evi ipotekaya yüklü etsələr, çox az faizlə aylıq kredit ödəməklə yaxşı, geniş ev ala bilərlər. Bir neçə gün sonra yoldaşı ilə "Kristal Abşeron”a getmiş, lakin orada evlərin qiyməti çox baha olduğuna görə ev ala bilmədiyindən, Nizami metrosu yaxınlığında olan "xxxx" ASC-nin C.Cabbarlı filalına gəlmiş, orada ipoteka ilə məşğul olan əməkdaş Vüsal Haşimovla söhbət aparmış və şərtləri izah edərək, bildirmişdir ki, 80000 manat civarında çıxarışı olan ev tapıb satıcı ilə razılaşsa, əvvəlcə illik 8, sonra isə 4 faizli ipoteka ilə pul vermək mümkündür. Xırdalanda şəhərində 18 mərtəbəli binanın 9-cu mərtəbəsində 3 otaqlı təmirsiz mənzili bəyənmiş və ipoteka ilə 77 500 manata almağa razılaşmışlar. Notariusa gedərək evi tapan dəllala 2000 manat beh vermişdir. İpoteka məsələsini kiçik oğlu Vahidlə birlikdə həll etmişdir. Bankdan 40000 manatı 360 ay müdddətinə almağa razılaşmışlar. Abid yalnız ipoteka müqaviləsi bağlananda iştirak etmişdir. Bundan bir neçə gün əvvəl Abid arvadını notariusa apararaq razılıq kağızı almışdır. 35000 manatı evin yiyəsinə ödəmiş və Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə 1A ünvanında yerləşən 263 saylı mənzili almışdır. Göstərilən tarixdə müqavilə bağlanan zaman yalnız formal razılıq verən Cavabdeh2 bütün baş verənlərdən, yəni evin necə axtarılıb-tapılmasından, hansı məbləğə danışılmasından, necə təmir edilməsindən xəbəri olmamışdır. Cavabdeh1 və Cavabdeh2 boşanmaya qədər ipotekanın aylıq ödənişini gah Abid, gah da Vahid etmişdir. Cavabdehlər 01 oktyabr 2020-ci ildə boşandıqdan hazırki vaxtadək ipotekanı hər ay İddiaçı3 39 ay x 212 manat=8268 manat ödəmişdir. 5 il müddətində cavabdehlərin təxminən ümumi maaşı 8097 manatdır. 5 il müddətində hər ikisinin yeməyi, içməyi, geyməyi, müalicə xərcləri ödənildiyi təqdirdə 5000 manat toplana bilməzdi. Evin sahibinə nağd olaraq 37500 manat pul verilmişdir. Əlavə olaraq, notariusun alqı-satqı əməliyyatı, taksi xidməti və s. demək olar ki, həmin günlərdə 2500 manat olmaqla, ümumilikdə yığılan 40000 manat tam xərclənmişdir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında iddiaçı, həmçinin digər iddiaçıların nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Digər iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirak etdikləri məhkəmə iclasında iddianı müdafiə etmiş və onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini qəbul etdiyini və təmin edilməsinə etiraz etmədiyini bildirdi. Digər cavabdeh Sadıqova (Cəfərova) Səbinə Hikmət qızının nümayəndəsi-vəkili Vəkil məhkəməyə ərizə ünvanlayaraq mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. İşdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, Cavabdeh1 ilə Sadıqova (Cəfərova) Səbinə Hikmət qızı arasında 29 sentyabr 2015-ci ildə Şəmkir Rayon Qeydiyyat Şöbəsində bağlanmış və 318 nömrə ilə qeydə alınmış rəsmi nikah pozulmuşdur. İşdə olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən müəyyən olunur ki, iddianın qismən təmin edilməsi, iddiaçı Sadıqova (Cəfərova) Səbinə Himət qızının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1A ünvanında yerləşən 263 saylı mənzilə küçürülməsi, Sadıqova (Cəfərova) Səbinə Hikmət qızının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1A ünvanında yerləşən 263 saylı mənzilin 2/3 hissəsinə payının müəyyən olunması və mənzilin həmin hissəsinin onun sahibliyinə verilməsi hissəsində iddianın rədd edilməsi, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə , 1A ünvanında yerləşən 263 saylı mənzillə bağlı birgə nikah və birgə təsərrüfat hesabına ödənilmiş pul məbləğin bölünməsi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması tərəflərin nəzərinə çatdırılması qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən edilir ki, iddiaçı Sadıqova (Cəfərova) Səbinə Hikmət qızının apelyasiya şikayəti qismən təmin edilmiş, onun Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə 1 A ünvanında yerləşən 263 saylı mənzilin ½ hissəsinə payının müəyyən olunması və sahibliyinə verilməsi qət edilmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Cavabdeh1 kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2148/2022 nömrəli, 16 dekabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, apellyasiya şikayəti qismən təmin olunmuş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-2310/2021 nömrəli qətnaməsi qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçı Sadıqova (Cəfərova) Səbinə Hikmət qızının Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə 1A ünvanında yerləşən 263 saylı mənzil üzərində payının ½ hissədə müəyyən edilməsi, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2017-ci il tarixli, 195 nömrəli kredit müqaviləsi üzrə 37183,82 manat öhdəliyin ½ hissəsinin iddiaçı Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına aid edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Şəmkir RİH Başçısının Zəyəm qəsəbə İƏD üzrə nümayəndəsinin xx.xx.2021-ci il tarixli, 16 saylı məktubundan görünür ki, Zəyəm qəsəbə Körpələr Evi-Uşaq Baxçasının müdiri Sadıqova (Cəfərova) Səbinə Hikmət qızının işlədiyi dövr ərzində vəzifə maaşı 2018-ci ildə 206 manat, 2020-cı ildə isə 390 manat olmuşdur. İşlədiyi dövr ərzində cəmi əmək haqqının məbləği 8676,43 manat təşkil edir. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1 A saylı evin 263 saylı mənzili xx.xx.2017-ci ildə X1 adına qeydə alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli 195 saylı alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30cu məhəllə, 1 A saylı evin 263 saylı mənzili Cavabdeh1 75500 manata satmışdır. Bunun 35500 manat hissəsi ilkin ödəniş olaraq Cavabdeh1 tərəfindən verilmiş, qalan 40000 manat hissəsi isə "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditlə ödənilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bu mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1 A saylı evin 263 saylı mənzili xx.xx.2017-ci ildə Cavabdeh1 adına qeydə alınmışdır. İşdə olan RX ******* saylı reyestrdən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1 A saylı evin 263 saylı mənzili üzərində "xxxx" ASC-nin ipoteka yüklülüyü xx.xx.2017-ci ildə qeydə alınmışdır. Yüklülüyün müddəti xx.xx.2017-ci ildən xx.xx.2047-ci ilədək (30 il) müəyyən edilmişdir. İşdən görünür ki, Sadıqova (Cəfərova) Səbinə Hikmət qızı ilə Cavabdeh1 29 sentyabr 2015-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onların nikahı pozulmuşdur. Tərəflər birgə nikahda olarkən 27 iyul 2017-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1 A saylı evin 263 saylı mənzilini alqı-satqı və ipoteka müqaviləsinə əsasən əldə etmişlər. Bu müqavilədən görünür ki, X4 mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə, 1 A saylı evin 263 saylı mənzili Cavabdeh1 75500 manata satmışdır. Bunun 35500 manat hissəsi ilkin ödəniş olaraq Cavabdeh1 tərəfindən verilmiş, qalan 40000 manat hissəsi isə "xxxx" ASC tərəfindən xx.xx.2017-ci il tarixli kredit müqaviləsinə əsasən verilmiş kreditlə ödənilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi bu mənzil bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hazırda İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, evin alınmasına görə ödənilmiş ümumilikdə 48268 manat pulun cavabdehlərdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Tələbin mahiyyətindən görünür ki, iddiaçılar bu mənzilin alınmasına xərclənən vəsaitin onlara məxsus olmasını və cavabdehlərin həmin mənzili əldə etmələri ilə əsassız varlandıqlarını iddia edirlər. Məhkəmə işin mübahisəli hallarına qiymət verilməsi üçün tərəflərin ilkin və hazırki münasibətlərinin və davranışlarının xarakterini, onların gəlirlərinin həcmini, ödənişlərin həyata keçirilmə qaydasını, tərəflər arasında hazırda mövcud olan digər məhkəmə mübahisələrini və iş üzrə digər diqqət çəkən məqamları nəzərə almışdır. MPM-nin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə ilkin olaraq qeyd edir ki, mübahisəli mənzil hazırki iş üzrə cavabdehlərin birgə nikahı dövründə əldə edilmişdir və bu barədə məhkəmə qətnamələri mövcuddur. Bu qətnamə ilə müəyyən edilir ki, Cavabdeh2 (Cəfərova) Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 30-cu məhəllə 1A ünvanında yerləşən 263 saylı mənzil üzərində ½ hissədə payı vardır. Habelə qətnamə ilə müəyyən olunur ki, mənzilin alınmasına sərf edilən "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 26 iyul 2017-ci il tarixli, 195 nömrəli kredit müqaviləsi üzrə 37183,82 manat öhdəliyin ½ hissəsi Cavabdeh2 (Cəfərova) aiddir. Beləliklə, məhkəmə aktı ilə mübahisəli mənzilin cavabdehlərin birgə nikahı zamanı əldə edilməsi müəyyən edilmişdir. Hazırda iddiaçıların bu mənzilin alınmasına vəsait sərf etmələrini iddia etmələri və cavabdehlərdən buna görə pul tələb etmələri əsassızdır və iş materialları ilə tamamilə təkzib olunur. İş materialları ilə müəyyən olunur ki, cavabdehlər xx.xx.2020-ci ilədək nikahda olmuşlar və xx.xx.2021-ci ilədək mənzilə görə götürülmüş kredit üzrə cəmi 8997,81 manat ödəniş edilmiş, banka 37183,82 manat borc qalmışdır. İşdən görünür ki, cavabdehlərin nikahı pozulduqdan sonra tərəflər arasında əmlak xarakterli mübahisələr yaranmışdır. Bu hallara qiymət verərək, məhkəmə belə qənaətə gəlir ki, hazırki iş üzrə cavabdehlərin guya mənzilin alınması üçün maliyyə vəziyyətləri kifayət qədər yetərli olmadığından mənzil üzrə ödənişlərin cavabdehlərin əvəzindən hazırki iş üzrə iddiaçıların vəsaitləri hesabına edilməsi inandırıcı və real deyil. Digər tərəfdən, iddia edildiyi kimi, ödənişləri cavabdehlərin əvəzindən iddiaçılar öz vəsaitləri hesabına etmişdilərsə və bu, kifayət qədər xeyli müddəti (6 il) əhatə edirsə, hazırki iddianı daha öncədən deyil, məhz oğlu ilə gəlininin nikahları pozulduqdan və keçmiş gəlini oğluna qarşı əmlak tələbinə dair iddia qaldırdıqdan sonra vermələri belə qənaətə gəlməyə əsas verir ki, hazırki iddia formal xarakterlidir. Bu qənaətə gələrkən məhkəmə Cavabdeh1 hazırki iddianı etiraf etməsini də nəzərə alır. Cavabdehlərin mübahisəli mənzili əldə etməklə iddiaçıların vəsaiti hesabına əsassız varlanmaları iş materialları ilə təkzib edilir. İddiaçılar bu halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə bu qənaətə gələrkən mübahisəli mənzilin hazırki mülki iş üzrə cavabdehlərin birgə vəsaiti hesabına alınması barədə əvvəlki məhkəmə aktının iddiaçılar tərəfindən mübahisələndirilməməsini də nəzərə alır. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlarına əsasən mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, məhkəmə yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına qarşı pul tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmin maddəyə istinad edərək hesab edir ki, İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Sadıqova (Cəfərova) Səbinə Hikmət qızına qarşı pul tələbinə dair iddiaları təmin edilməsin. İddiaçı1 tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar