Məhkəmə qərarları › İş №2(012)-4750/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4750/2021

21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4750/2021 21.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 306 manat pul və ödənilmiş 20 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, o, öz şəxsi maşını ilə sürücü kimi fəaliyyət göstərir. Cavabdeh da bir məhəllədə yaşayan qonşu kimi tanımışdır. Cavabdehlə günü 5-6 manat olmaqla sürücü kimi onu aparıbgətirməyə razılaşmışdır. Buna baxmayaraq, cavabdeh 1 ay ərzində onu işlətsə də şərtləşdikləri məbləği ödəməmişdir. Bununla bağlı o, Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, Cavabdeh ona 306 manat pul ödəməli olduğunu izahatında etiraf etmişdir. Lakin məsələ mülki xarakterli olduğundan mülki qaydada məhkəməyə müraciət etməsi ona tövsiyyə olunmuşdur. O, özü şəkər xəstəliyindən əziyyət çəkir, açıq ürək əməliyyatı keçirmiş, hazırda da ürəyində 2 ədəd stend var. Cavabdehin onu işlədib haqqını ödəməməsi ona mənəvi sarsıntı da vermişdir. Bu səbəbdən də, pul tələbinə dair məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh borcun ödənilməsi ilə bağlı hər dəfə müxtəlif vədlər versə də, bəhanələr göstərsə də borcu ödəməkdən yayınmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin: 106.1. maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 184.2. maddəsinə əsasən hakim işə əlavə edilmiş sübutlar və işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron rayon Polis İdarəsinin 15.07.2021-ci il tarixli 128-53907C saylı məktubundan görünür ki, müraciətdə göstərilən məsələnin mülki xarakterli olması ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 22.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Abşeron rayonu Saray qəsəbəsi 20 Yanvar küçəsi 8 saylı evdə qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 26.04.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavadov X2 rayonu Saray qəsəbəsi M.Ə.Sabir küçəsi 12 saylı evdə qeydiyyatdadır. -26.07.2021-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı şifahi razılıq əsasında sürücülük xidmətinin göstərilməsi müqabilində günəmuzd şəkildə cavabdehə xidmət göstərməyi öhdəsinə götürmüş, cavabdeh isə həmin xidmətin müqabilində iddiaçıya ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda, həmin razılıq üzrə öhdəlik yerinə yetirilməyərək ödənişin edilməsindən yayınmış cavabdehdən pulun alınması ilə bağlı iddiaçı Abşeron rayon Polis İdarəsinə müraciət etmiş və 15.07.2021-ci il tarixli 128- 53907C saylı məktuba əsasən müraciətdə göstərilən məsələnin mülki xarakterli olması ilə əlaqədar olaraq mülki qaydada məhkəməyə müraciət etmək hüququ İddiaçı izah edilmişdir. Hazırda, iddiaçı 306 manat pul və ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 329.2. maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3. maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Mülki Prosessual Məcəllənin: 76.1. maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı iddiaçı cavabdehdən onun xeyrinə 306 manat pul borcunun tutulmasını xahiş etsə də və bu barədə cavabdehin Polis İdarəsində həmin məbləğdə borcunun olduğunu etiraf etdiyini bildirsə də, həmin halları, həmçinin həmin etirafla bağlı qərarın surətini məhkəməyə təqdim etməmiş, öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§ 93). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X1 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5№li qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il tarixli Qərarındakı hüquqi mövqeyə görə, mülki məhkəmə icraatında çəkişmə prinsipinin inkişafına baxmayaraq, məhkəmə çəkişmə prosesində iş üzrə həqiqətə nail olmaq üçün işin bütün hallarının hərtərəfli, tam və obyektiv müəyyənləşdirilməsinin təmin edilməsindən azad olunmayıb. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Belə həqiqəti şərti olaraq “hüquqi həqiqət” adlandırmaq olar. Hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olubolmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında dövlət rüsumunun ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə, işin araşdırılan hallarını təhlil edib, qanunun yuxarıda göstərilən normalarını əsas tutub hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi sübuta yetirilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 17.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Yuxarıda qeyd olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220 maddələrini rəhbər tutub məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu xərci İddiaçı aid edilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Habil Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar