Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4761/2025 28.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Abiyev Fərid Nurəddin oğlunun katibliyi, İddiaçı X2, onun vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı X2 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X10 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC-dən evin tikintisinə xərclədiyi 50000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 33 (Abşeron rayonu, Xırdalan şəhəri, X52 küçəsi 33) ünvanında yerləşən dövlət mülkiyyətində olan və istifadəyə verilən 0,10172 ha torpaq sahəsində inşa edilmiş ümumi sahəsi 868 kv.m olan qeyri-yaşayış sahəsi hal-hazırda Cavabdeh ASC-nin mülkiyyətindədir. 2005-ci ildə iddiaçı X10, iddiaçının yoldaşı və övladı ilə birlikdə Abşeron Tikinti 25” ASC-nin qarajına (Fizuli rayonu) məcburi köçkün kimi məskunlaşıb, orada yaşamağa başlamışlar. Həmin vaxt cavabdeh təşkilatın direktoru Ramiz Kətanov adlı şəxs olmuşdur. İddiaçı vaxtı ilə həmin mənzil üçün Ramiz Kətanova 7000 manat pul vermişdir. Daha sonra həmin qarajın həyətində 2 divarı olan yarımtikilinin davamı olaraq iddiaçı və ailəsi 2 otaqlı ev tikmişlər və indiyə qədər orada yaşayırlar. Qeyd edilən tikiləyə görə iddiaçının ailəsi 50000 manat pul xərcləmişdir. Cavabdeh ASC iddiaçını və digər məcburi köçkünləri Abşeron rayon Məhkəməsinə müraciət edərək ordan çıxarılmaqları ilə bağlı iddia irəli sürmüşdür. Qeyd edir ki, 20 ildir cavabdeh şirkətin özlərinin razılığı ilə orda iddiaçının ailəsi məskunlaşmışlar və bütün kommunal xərclərdə iddiaçı tərəfindən qarşılanmış və heç vaxt borclu olmamışdır. Bu səbəbdən evin tikintisinə xərclədiyi 50000 manat məbləğində pulun cavabdeh təşkilatdan alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, o, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X10 öz vəkili və nümayəndəsinin izahatı ilə razı olduğunu iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Abşeron Rayon Məhkəməsinin 2(012)-498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X38, X11, X18, X57, X58, X39, X40, X59, X41, X42, X43, X44, X60, X12, X26, X13, X45, X27, X6, X4, X7, X3, X8. X19, İbrahimova Z\ysel Elşad qızı, X28, X20, X61, X29, X62, X63, X14, X46, X47, X48, Ələkbərov Şahlar Əkbər oğlu, X21, X22, Ələkbərov Hicran Şahlar oğlu, X1, X77, X49, X78, X30, X23, X79, X9, Quluzadə Hicran Afiq qızı, X64, X65, X15, X50, X66, X67, X68, X69, X31, X32, X5, X16, X51, X24, X33, X34, X35 və X2 Abşeron rayonu. Xırdalan şəhəri, 30-cu məhəllə, ev 33 (Abşeron rayonu, Xırdalan şəhəri, X52 küçəsi, 33) ünvanında yerləşən 0,10172 ha torpaq sahəsində inşa edilrpiş 868 kv.m ümumi sahəli, seriya RX, № 0581805, reyestr № **********1-12301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il olan çıxarış əsasında xüsusi mülkiyyət hüququ ilə iddiaçı Cavabdeh ASCyə məxsus olan qeyri-yaşayış sahəsindən çıxarılmaları qət edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı və ailəsi məcburi köçkündür. İddia ərizəsindən görünür ki, iddiaçı və ailəsi 2005-ci ildən Cavabdeh ASC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 33 ünvanında qarajın həyətində 2 divarı olan yarımtikilinin davamı olaraq 2 otaqlı ev tikmişlər, indiyə qədər iddiaçı ailəsi ilə birlikdə orada yaşamışdır. Qeyd edilən tikiləyə görə iddiaçı 50000 manat pul xərclədiyini bildirmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının həmin mənzildən çıxarılması qət edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, evin tikintisinə xərclədiyi 50000 manat məbləğində pulun cavabdeh tərəfindən ona ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə işin tədqiq edilən hallarını və sübutları qiymətləndirərək qeyd edir ki, iddiaçı avabdeh Cavabdeh ASC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 33 ünvanında qarajın həyətində 2 divarı olan yarımtikilinin davamı olaraq 2 otaqlı ev tikdiklərini, indiyə qədər orada yaşadıqlarını və qeyd edilən tikiləyə görə 50000 manat pul xərclədiyini qeyd etmiş və həmin pul məbləğinin iddiaçıdan tələb etmişdir. İşin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh vaxtıilə məcburi köçkün düşmüş iddiaçıya və onun ailə üzvlərinə hümanislik edərək yarımçıq tikilidən ibarət yer vermiş, iddiaçı həmin tikilini yaşayış üçün öz hesabına təmir edərək yaşayış səviyyəsini yaxşılaşdırmış, uzun illər həmin yaşayış evindən istifadə edərək yaşamışdır. Hazırda isə məhkəmə qərarı əsasında həmin qeyri-yaşayış sahəsindən çıxarıldığını görüb iddia tələbi ilə qeyri yaşayış sahəsin çəkdiyi xərci cavabdehdən tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının öz yaşayış evinin yaxşılaşdırması üçün cavabdehdən qeyri-yaşayış sahəsinə çəkdiyi xərcin tələb etməsində xaqlı deyildir. Belə ki, cavabdeh ona məxsus olan qeyri- yaşayış sahəsini müvəqqəti olaraq qalması üçün iddiaçı və onun ailə üzvlərinə vermiş, həmin qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən təmir edilməsi barədə razılığa gəlməmiş və yaxud hər hansı öhdəlik qoymamışdır ki, təmir xərclərinə görə öhdəlik daşısın. Cavabdeh mülkiyyətçidir və mülkiyyətində onun torpaq sahəsində onun icazəsi olmadan edilmiş təmir, inşa işlərinə görə məsuliyyət daşımır. Ona görə də Abşeron Rayon Məhkəməsinin 2(012)-498/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, iddiaçının həmin qeyri-yaşayış sahəsindən çıxarılması qət edilmişdir. Bu isə iddiaçının həmin qeyri-yaşayış sahəsinə dair hər hansı hüququnun olmadığını göstərir. Beləliklə iddiaçı iddia tələbində Cavabdeh ASC-dən evin tikintisinə xərclədiyi 50000 manat məbləğində pulun alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də həmin pulun cavabdehdən tutulması əsaslarına dair sübutları məhkəməyə təqdim edə bilməmiş, yalnız özünün subyektiv mülahizələrinə əsaslanmışdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Məhkəmə işin araşdırılan halları ümumiləşdirib hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 4, 7, 14, 36, 77, 88, 149, 150 və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı X2 Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №2(012)-4761/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4761/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver