Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4773/2024 28.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə avtomobil icarəsi ilə bağlı tanış olmuşdur. 2023-cü ilin sentyabr ayında ilkin ödəniş kimi 1500 manat ödəməklə icraəyə maşın götürmüşdür. Maşını götürdüyü zaman onun problemsiz olduğu bildirilmişdir. Razılaşdıqları qaydaya hər gün üçün 25 manat, ayda 750 manat ödəniş etmişdir. Lakin ilk aylarda maşında problemlər olduğunu Cavabdeh bildirəndə, o, buna əhəmiyyət verməmişdir. Avtomobili Turala qaytarana kimi, yəni xx.xx.2024-cü ilədək onun üçün 3000 manat vəsait xərcləmişdir. maşının problemlərinin hər gün artdığını görüb onun Turala qaytarılması qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə avtomobili Turala qaytarmış, o isə ilkin ödənişi xx.xx.2024-cü ildə qaytaracağnı bildirmişdir. xx.xx.2024-cü ildə isə onun mobil telefonuna zəng çatmamışdır. Yeni nömrəsinə zəng etdikdə isə onu təhqir etmiş və pulu qaytarmamışdır. Buna görə də məcbur olub məhkəməyə müraciət etmişdir və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. O qeyd etdi ki, ilkin ödənişi cavabdehə yaxın qohumu Gülər Bədəlovanın bank kartı vasitəsilə etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı cavabdehin iştirakı olmadan işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi barədə məhkəməyə ərizə təqdim etdiyindən, Mülki Prosessual Məcəllənin 238ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmışdır. Məhkəmə iddiaçını dinləyib, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh barəsində etdiyi şikayət ərizəsinə əsasən araşdırma zamanı tərəflər arasındakı mübahisənin mülki xarakterli olması səbəbindən onun məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X1 mülkiyyətindəki “Honda İnsight” markalı, ** UK *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsini 3 il müddətinə idarə etməyi İddiaçı etibar etmişdir. İşdə olan xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ödəmə qəbzlərindən (Leobank) görünür ki, Gülər Bədəlova tərəfindən Tural H. adlı qəbulediciyə ümumilikdə 1510 (200+1310) manat pul ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, tərəflər arasında avtomobillə bağlı nisyə alqı-satqı münasibətləri olmuş və cavabdeh gündəlik 25 manat ödənilməklə “Honda İnsight” markalı, ** UK *** dövlət qeydiyyat nömrəli nəqliyyat vasitəsinin iddiaçıya satılması məqsədilə iddiaçıdan ilkin ödəniş kimi 1500 manat pul almışdır. Hazırda iddiaçı bildirir ki, cavabdehdən aldığı avtomobil qüsurlu olduğuna görə ona qaytarmış, lakin cavabdeh öhdəliyinə əməl etməmiş və ilkin ödəniş kimi ödənilmiş 1500 manatı geri qaytarmamışdır. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 617.1-ci maddəsinə görə satıcı satışa təklif edilən mal haqqında alıcıya qanunvericilikdə müəyyənləşdirilmiş və pərakəndə ticarətdə adətən irəli sürülən tələblərə uyğun olan zəruri və düzgün informasiya verməyə borcludur. Həmin Məcəllənin 617.3-cü maddəsinə əsasən alıcıya bu Məcəllənin 617.1 və 617.2ci maddələrində göstərilmiş mala dair məlumatı satış yerində dərhal almaq imkanı verilmədikdə o, satıcıdan pərakəndə alğı-satqı müqaviləsinin bağlanmasından əsassız boyun qaçırılması nəticəsində dəyən zərərin əvəzini ödəməyi tələb edə bilər, müqavilə bağlanmış olduqda isə ağlabatan müddətdə müqavilənin icrasından imtina edə bilər, mal üçün ödədiyi məbləğin geri qaytarılmasını və digər zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 617.4-cü maddəsinə görə alıcıya mal haqqında müvafiq informasiya almaq imkanı verməyən satıcı malın alıcıya verilməsindən sonra əmələ gəlmiş qüsurları üçün də məsuliyyət daşıyır, bu şərtlə ki, alıcı həmin qüsurların onda belə informasiyanın olmaması ilə əlaqədar əmələ gəldiyini sübuta yetirsin. Həmin Məcəllənin 624.4-cü maddəsinə görə bu Məcəllənin 624.1 və 624.3-cü maddələrində göstərilmiş tələbləri irəli sürmək əvəzinə alıcı pərakəndə alğı-satqı müqaviləsinin icrasından imtina edə bilər və mal üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb edə bilər İş materiallarından görünür ki, şifahi bağlanmış nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulmuş malın qüsurları barədə satıcı tərəfindən alıcıya məlumat verilməmiş, alıcı isə müqavilənin icrasından imtina etmiş, avtomobili sahibinə qaytarmışdır, hazırda isə avtomobil üçün ilkin ödəniş kimi verdiyi vəsaiti geri tələb edir. Məhkəmə iclasında İddiaçı Cavabdeh ondan avtomobilə görə ilkin ödəniş kimi 1500 manat pul almasını təsdiq edən sübutları təqdim etmişdir. Belə olan halda isə mübahisəyə bu baxımdan qiymət verən məhkəmə iddianın əsaslı olması nəticəsinə gəlir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, Cavabdeh 1500 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1500 manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 35 manat pul alınaraq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış Abşeron Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4773/2024
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(012)-4773/2024
28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver