Məhkəmə qərarları › İş №2(012)-480/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-480/2021

30.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-480/2021 30.03.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-in Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə vurulmuş 5260 manat məbləğində maddi zərər və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-in nümayəndəsi X6 məhkəmədə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı MMC-nin 123 saylı marşrut xəttində sürücü vəzifəsində işləyən Cavabdeh 2019-cu ilin aprel ayından 2020-ci ilin mart ayına kimi işlədiyi günlər ərzində (2019-cu ilin aprel ayında 700 manat, may ayında 430 manat, iyun ayında 685 manat, iyul ayında 820 manat, avqust ayında 450 manat, sentyabr ayında 225 manat, oktyabr ayında 275 manat, noyabr ayında 395 manat, dekabr ayında 270 manat, 2020-ci ilin yanvar ayında 330 manat, fevral ayında 285 manat, mart ayında isə 395 manat) mütəmadi olaraq təyin olunmuş gündəlik planı kəsirlə ödəyərək 12 ay ərzində İddiaçı MMCyə ümumilikdə 5260 manat məbləğində zərər vurmuşdur. Cavabdehlə aralarında olan şifahi razılaşmaya əsasən, cavabdeh gündəlik 100 manat ödəməli idi. Həmin vaxt sürücü çatışmazlığı yarandığından cavabdeh işdən bir müddət gec çıxarılmışdır. Cavabdehlə dəfələrlə söhbətlər aparılaraq göstərilən məbləğlərdə pulu qaytarmaq təklif olunsa da, lakin cavabdeh həmin borcunu hissə-hissə ödəyəcəyinə söz versə də, bugünədək heç bir ödəniş etməmişdir. Bu barədə axırıncı dəfə iddiaçı xx.xx.2020-ci il tarixdə cavabdehə rəsmi (poçt vasitəsilə) qaydada (pretenziya) məktubu ilə müraciət edilərək 10 gün müddətində zərərin ödənilməsi tələb olunsa da, cavabdeh zərəri ödəməkdən yayınaraq iddiaçı müəssisəyə heç bir ödəniş etməmişdir. Qeyd olunanlara əsasən, iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, iddianı qəbul etmir. O, 2013-cü ildən İddiaçı MMC-də işləyir. 24 sürücü idilər və hərəsi günə 80 manat vermişlər. Günə 100 manat ödəmək mümkün deyildir. İddiaçı şirkət ona maaş vermir, gündəlik 10-15 manat götürürdülər, lakin ona maaş cədvəlinə qol çəkdirilmişdir. O, pandemiyada iddiaçı şirkətdən 190 manat pul istəmiş, iddiaçı isə onu məhkəməyə vermişdir. O, hal-hazırda işsizdir və ödəniş etməyə imkanı yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli əmək müqaviləsindən (kontrakt) görünür ki, işəgötürən İddiaçı MMC-nin rəhbəri X1 Elşad Elçin oğlu arasında xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək 32 ay müddətinə əmək müqaviləsi bağlanmış və Cavabdeh sürücü vəzifəsinə təyin olunmuşdur. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli tam məsuliyyət haqqında müqavilədən görünür ki, sürücü Cavabdeh müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş gündəlik planın kassaya təhvil verilməsini təmin etmək, sərnişinlərdən yığılan gediş haqlarını tam həcmdə müəssisənin kassasına təhvil verilməsi (əksikgəlmə hallarına yol verilmir) vəzifələrini öz üzərinə götürmüşdür. Həmin müqavilənin 2-ci maddəsinə əsasən, işçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə (təqsiri üzündən qəza törətdikdə) və digər hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə tam məsuliyyət daşıyır. İş materiallarında xx.xx.2021-ci il tarixli, 883 №-li maliyyə arayışından görünür ki, İddiaçı MMCdə işlədiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövr ərzində təyin olunmuş gündəlik planı mütəmadi olaraq kəsirlə verməsi səbəbindən, Cavabdeh İddiaçı MM-yə 2019-cu il üzrə 4250 manat (aprel ayında 700 manat, may ayında 430 manat, iyun ayında 685 manat, iyul ayında 820 manat, avqust ayında 450 manat, sentyabr ayında 225 manat, oktyabr ayında 275 manat, noyabr ayında 395 manat, dekabr ayında 270 manat), 2020-ci il üzrə isə 1010 manat (yanvar ayında 330 manat, fevral ayında 285 manat, mart ayında isə 395 manat) olmaqla, ümumilikdı 5260 manat borcu yaranmışdır. Məhkəmə iş materiallarını araşdırıb, tərəfləri dinləyib, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iddiaçı şirkətin nümayəndəsi öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmədə sübuta yetirə bilib və onun iddia tələbinin qanuni əsasları vardır. Tərəflər arasında xx.xx.2019-cu il tarixli tam məsuliyyət haqqında müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən, sürücü Cavabdeh müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş gündəlik planın kassaya təhvil verilməsini təmin etmək, sərnişinlərdən yığılan gediş haqlarını tam həcmdə müəssisənin kassasına təhvil verilməsi (əksikgəlmə hallarına yol verilmir) vəzifələrini öz üzərinə götürmüşdür. Lakin iş materiallarından da göründüyü kimi Cavabdeh müqavilə üzrə öhdəliyini pozaraq İddiaçı” MMC-də işlədiyi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixə qədərki dövr ərzində təyin olunmuş gündəlik planı mütəmadi olaraq kəsirlə verməsi səbəbindən ümumilikdə 5260 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. xx.xx.2019-cu il tarixli tam məsuliyyət haqqında müqavilə üzrə Cavabdeh üzərinə götürdüyü öhdəliyi, müqaviləyə uyğun olaraq tam ödəməmiş və öhdəliklərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün çavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyət və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-yə vurulmuş 5260 manat məbləğində maddi zərər və iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar