Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4806/2023 12.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4800 manat məbləğində pulun, illik 6,5%-lə hesablanmış (05 il müddətdə) 1560 manat əldən çıxmış fayda və iddia ərizəsinin məhkəmədə baxılması üçün ödənilmiş 84 manat məbləğində pulun tutularaq, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən 10 ildir ki, tanıyır. Belə ki, Cavabdeh onunla eyni kənddə, Abşeron rayonu, Saray qəsəbəsində yaşayır, onunla heç bir ədavəti, düşmənçiliyim yoxdur və münasibəti normal olmuşdur. Abşeron rayonu, Saray qəsəbəsində 0,06 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsi onun qardaşı Sakit Ağayevin həyat yoldaşının adına olmuş, lakin həmin torpaq sahəsi ona verilmişdir. Torpaq sahəsinin 2012-ci il tarixli bələdiyyə sənədi olsa da, həmin sahənin çıxarışı olmadığına görə torpaq sahəsini özəlləşdirmək qərarına gəlmiş, bu barədə Cavabdeh bildirmişdir. Cavabdeh onun torpaq sahəsini sənədləşdirməsində köməklik edəcəyini deyib, ondan 4800 manat pul istəmiş, o da Qasımla razılaşdığı üçün 2016-cı ilin avqust ayının 15-də Qasımın evində qardaşı Oqtay Ağayevin iştirakı ilə 4800 manat pulu Qasıma vermiş, sonuncu bir aya onun torpaq sahəsini sənədləşdirib verəcəyini bildirmişdir. Qasım həmin vaxtdan onu aldadaraq müxtəlif bəhanələr deyərək, nə torpaq sahəni sənədləşdirməmiş, nə də pulunu geri qaytarmamışdır. Həmçinin torpaq sahəsinin ilkin bələdiyyə sənədi də Qasımda qalmış və onu geri qaytarmamışdır. Qasımın hərəkətlərindən polis orqanlarına şikayət etmiş, Cavabdeh barəsində CM-in 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-nin 75.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur. Qərarın nəticə hissəsində zərərçəkmiş şəxs İddiaçı ona vurulmuş zərərin əvəzinin tələb edilməsi ilə bağlı gələcəkdə aidiyyəti üzrə mülki iddia qaldırmaq hüququnun olması izah edilməsi qeyd olunmuşdur və göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və bildirdi ki, borcunu qaytarmışdır. Buna görə də iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Abşeron Rayon Məhkəməsinin 14 noyabr 2018-ci il tarixli, 1(012)-422/2018 saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 75.1-ci maddəsinə əsasən xitam verilmiş və o, cinayət məsuliyyətindən azad olunmuşdur. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh tamah niyyəti ilə niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə həmkəndlisi İddiaçı 0,06 ha torpaq sahəsini sənədləşdirəcəyini və özəlləşdirəcəyini vəd verib inandırmış, 15 avqust 2016-cı il tarixdə bu məqsədlə yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsindəki 26 saylı evin həyətində zərərçəkmiş şəxs İddiaçı 4800 manat pulunu ələ keçirərək maddi ziyan vurmaqla dələduzluq etmiş, əsassız varlanmışdır. Bu hallar qanuni qüvvəsini almış məhkəmə hökmü ilə tamamilə təsdiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İşdən görünür ki, cavabdeh torpaq sahəsinə dair sənədləşmə işlərini görmək adı ilə cəmi 4800 manat pulu iddiaçıdan almışdır. Belə olan halda, məhkəmə hesab edir ki, 4800 manat pul Cavabdeh tutularaq İddiaçı qaytarılmalıdır. Bununla belə, iddiaçı tələbinin digər, yəni 1560 manat əldən çıxmış faydanın qaytarılması hissəsinin əsaslılığına dair mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də həmin hissədə iddia təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, dövlət rüsumu üçün ödənilmiş 84 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4800 manat və dövlət rüsumu üçün 84 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №2(012)-4806/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4806/2023
12.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver