Məhkəmə qərarları › İş №2(012)-4810/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4810/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4810/2021 27.10.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı X2 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı Accessbank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 1013.76 manat əsas, 195.97 manat faiz, 317.3 manat cərimə olmaqla cəmi 1527.03 manat borcun, 29.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması rə 4221.43 manat əsas, 594.20 manat faiz, 1232.65 manat cərimə olmaqla cəmi 6048.28 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Accessbank QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.11.2018-ci il tarixli 017L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.11.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 manat kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 14.08.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 3986.24 manat ödəmiş, onun 1013.76 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 23.06.2021-ci il tarixə 313 gün üçün hesablanmış faiz borcu 195.97 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1%-i məbləğində cərimə ödəməlidir. 23.06.2021-ci il tarixə 313 gün üçün hesablanmış cərimə 317.3 manat təşkil edir. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 29.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 7000 manat kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 04.09.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 2778.57 manat ödəmiş, onun 4221.43 manat kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 23.06.2021-ci il tarixə 292 gün üçün hesablanmış faiz borcu 594.20 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəməlidir. 23.06.2021-ci il tarixə 292 gün üçün hesablanmış cərimə 1232.65 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2-ci yarımbəndinə əsasən əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. İddiaçı QSC-nin məhkəməyə ünvanladığı 27.10.2021-ci il tarixli ərizəyə əsasən iddiaçı 27.10.2021-ci il tarixinə təyin olunmuş məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, o, AccessBank QSC ilə bağladığı 14.11.2018-ci il tarixli 017L**********18 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən ona 120 ay müddətinə 300000 manat kredit xətti açılmış, 14.11.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması əsasında isə ona 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 manat kredit götürmüşdür. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələri üzrə onun bank qarşısında kredit borcuna zamin dayanmışdır. Əvvəllər ödənişlərini yerinə yetirsə də, sonradan pandemiya ilə əlaqədar olaraq kredit müqaviləsi üzrə ödənişlərində gecikmələri yaranmışdır. Həmçinin, oğlu Cavabdeh2 ikinci Vətən Müharibəsində iştirak etmiş və qazi olmuşdur. Beləliklə də, bank tərəfindən tələb olunan cərimə borcunun məbləğinin yüksək olduğunu hesab etdiyindən cərimə məbləği ilə razılaşmır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Cavabdeh1 izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Kredit verən Accessbank QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 14.11.2018-ci il tarixli 017L**********18 saylı uzunmüddətli kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 120 ay müddətinə 300 000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Kredit verən Accessbank QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 14.11.2018-ci il tarixli 017R********** saylı kredit razılaşmasından görünür ki, kredit verən kredit alana şəxsi məqsədlər üçün 24 ay müddətinə illik 2.1667 faiz dərəcəsi ilə 5000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 14.12.2018-ci il tarixdən başlayaraq, 16.11.2020-ci il tarixinə kimi hər ay banka 270.00 manat (sonuncu ay isə 280.39 manat) ödəməklə qaytarmalıdır. -14.11.2018-ci il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan Cavabdeh1 hesabına kredit müqaviləsi üzrə bankdan 5000 manat kredit köçürülmüşdür. -09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Accessbank QSC-yə 14.11.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 1013.76 manat əsas, 195.97 manat faiz, 317.3 manat cərimə olmaqla cəmi 1527.03 manat borcu vardır, cərimə hesablanmış günlərin sayı 313 gün təşkil edir. -Kredit verən Accessbank QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 29.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşmasından görünür ki, kredit verən kredit alana şəxsi məqsədlər üçün 24 ay müddətinə illik 2 faiz dərəcəsi ilə 7000 manat kredit verməyi öhdəsinə götürmüşdür. -Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 ona verilmiş kredit üzrə əsas və faiz borclarını 04.10.2019-cu il tarixdən başlayaraq, 06.09.2021-ci il tarixinə kimi hər ay banka 373.00 manat (sonuncu ay isə 370.86 manat) ödəməklə qaytarmalıdır. -29.08.2019-cu il tarixli kassa məxaric orderindən görünür ki, kredit alan Cavabdeh1 hesabına kredit müqaviləsi üzrə bankdan 7000 manat kredit köçürülmüşdür. -Kreditor Accessbank QSC ilə zamin Cavabdeh5 arasında bağlanmış 14.11.2018-ci il tarixli 017S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Kreditor Accessbank QSC ilə zamin Cavabdeh4 arasında bağlanmış 14.11.2018-ci il tarixli 017S**********03 saylı zaminlik müqaviləsindən görünür ki, zamin uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Kreditor Accessbank QSC ilə zamin Cavabdeh3 arasında bağlanmış 14.11.2018-ci il tarixli 017S**********02 saylı zaminlik müqaviləsindən görünür ki, zamin uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -Kreditor Accessbank QSC ilə zamin Cavabdeh2 arasında bağlanmış 14.11.2018-ci il tarixli 017S**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. -09.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 Accessbank QSC-yə 29.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 4221.43 manat əsas, 594.20 manat faiz, 1232.65 manat cərimə olmaqla cəmi 6048.28 borcu vardır, cərimə hesablanmış günlərin sayı 292 gün təşkil edir. -Accessbank QSC tərəfindən Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ünvanlanmış 22.06.2021-ci il tarixli xəbərdarlıqlardan görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc 11.07.2021-ci il tarixədək ödənilmədiyi təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 16.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 9 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 26.10.2005-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh4 Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 9 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 03.10.2011-ci il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 9 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. -Abşeron RPŞ tərəfindən verilmiş 18.12.2013-cü il tarixli AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 Abşeron rayonu Xırdalan şəhəri H.Z.Tağıyev küçəsi 9 saylı evin 6 saylı mənzilində qeydiyyatdadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 06.07.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh5 Bakı şəhəri Xocasən qəsəbəsi H.Sultanov küçəsi 24 saylı evdə qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Sadalanan maddi hüquq normasının tələblərinə əsasən məhkəmə hesab edir ki, zaminlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 bank qarşısında, digər Cavabdeh1 ilə birlikdə eyni həcmdə birgə məsuliyyət daşıyır. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin kredit razılaşmaları üzrə ödəmələri vaxtında icra etməməsi onun üzərinə 14.11.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 317.3 manat, 29.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 1232.65 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 14.11.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 1013.76 manat əsas borc üzrə hesablanmış 317.3 manat məbləğində cərimənin azaldılaraq 10.00 manat, 29.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə isə 4221.43 manat əsas borc üzrə hesablanmış 1232.65 manat məbləğində cərimənin azaldılaraq 10.00 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Accessbank QSC ilə Cavabdeh1 arasında bağlanmış 14.11.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 1013.76 manat əsas, 195.97 manat faiz, 10 manat cərimə olmaqla cəmi 1219.73 manat borc, 29.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 4221.43 manat əsas, 594.20 manat faiz, 10 manat cərimə olmaqla cəmi 4825.63 manat borc və ödənilmiş dövlət rüsumuna görə 30 manat cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 iddiaçı Accessbank QSC-nin xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı Accessbank QSC ilə Cavabdeh1 arasında bağlanmış: - 14.11.2018-ci il tarixli 017R********** saylı kredit razılaşması üzrə 1013.76 (min on üç manat yetmiş altı qəpik) manat əsas, 195.97 (yüz doxsan beş manat doxsan yeddi qəpik) manat faiz, 10 (on) manat cərimə olmaqla cəmi 1219.73 (min iki yüz on doqquz manat yetmiş üç qəpik) manat borc, - 29.08.2019-cu il tarixli 017R********** saylı kredit razılaşması üzrə 4221.43 (dörd min iki yüz iyirmi bir manat qırx üç qəpik) manat əsas, 594.20 (beş yüz doxsan dörd manat iyirmi qəpik) manat faiz, 10 (on) manat cərimə olmaqla cəmi 4825.63 (dörd min səkkiz yüz iyirmi beş manat altmış üç qəpik) manat borc, Müqavilələr üzrə cəmi 6045.36 (altı min qırx beş manat otuz altı qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada iddiaçı X2 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar