Məhkəmə qərarları › İş №2(012)-4820/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4820/2022

31.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4820/2022 31.10.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3600 manat məbləğində pulun alınıb ona verilməsi və ödədiyi 56 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, Cavabdeh ilə təxminən 2018-ci ilin mart ayında Abşeron rayonu, Saray qəsəbəsində ev alqı-satqı isə məşğul olan dəllalların vasitəsi ilə tanış olmuşdur. Cavabdeh ona özünə məxsus Saray qəsəbəsi, Yeni məhəllədə yerləşən fərdi yaşayış evini satdığını bildirmişdir. O, sözügedən evə baxaraq həmin evi bəyənmiş və evi 26000 manata almağa razılaşmışdır. O həmin gün cavabdehə evin sənədlərini hazırlamaq üçün 5000 manat beh vermişdir. Bir müddət sonra alqı-satqı zamanı o, razılaşdıqları 26000 manat puldan 1000 manatının çatmadığını və həmin 1000 manatı 1 həftə ərzində verəcəyini bildirmişdir. Cavabdeh isə onunla razılaşmamış və buna görədə aralarında alqı-satqı baş tutmamışdır. O, cavabdehdən beh kimi verdiyi 5000 manat pulu geri tələb etmişdir. Həmin vaxt Mirəli beh kimi vediyi 5000 manatdan 1400 manatını ona geri qaytarmış və qalan 3600 manatı isə tez bir zamanda geri qaytaracağını ona söz vermişdir. Cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmışdır. Sonradan cavabdeh telefonlarını söndürdüyündən o, Abşeron Rayon Polis İdarəsinə Cavabdeh qalan 3600 manat pulun qaytarılması ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəsi Abşeron Rayon Polis İdarəsində araşdırılmış və Cavabdeh idarəyə dəvət olunmuşdur. Cavabdeh izahatında ona 3600 manat məbləğində borcu olduğunu etiraf etmişdir. İzahatdan da görsəndiyi kimi həmin pulu ona evini satan kimi geri qaytaracağını bildirmişdir. Cavabdeh ona pulun qaytarılması ilə bağlı hər dəfə şirin vədlər verərək son günlərə kimi onu aldatmış, hələdə evini satmamış və ona olan borcunu geri qaytarmamışdır. Odur ki, o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında bildirdi ki, o, iddiaçını şəxsən tanımır, yalnız iddiaçının həyat yoldaşını tanıyır. Belə ki, o, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evini 26000 manata satmaqla bağlı İddiaçı ilə razılığa gəlmişdir. Daha sonra iddiaçı sözügedən ev üçün ona 5000 manat beh vermiş, o isə həmin pulun 3000 manatını Gəncədə yerləşən torpaq sahəsi üçün beh vermişdir. Onlar evi 26000 manat razılaşsalar da, iddiaçı ev üçün 24000 manat pul verəcəyini bildirmişdir. O isə bununla razılaşmamışdır. Sonradan məlum olmuşdur ki, iddiaçl daha ucuz qiymətə başqa ev almışdır. O 5000 manat behdən 1400 manatını iddiaçıya qaytarmışdır. Lakin ona məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən evi satılmadığı üçün behin qalanını qaytara bilməmişdir. Odur ki, hazırda onun pulu qaytarmağa maddi imkanı yoxdur. İş materiallarında olan xx.xx.2018-ci ildə Abşeron RPİ-də Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş izahatdan görünür ki, o, İddiaçı ev üçün 5000 manat beh aldığını və hazırda behin 3600 manatını evini satan zaman qaytaracağını bildirmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisə edilməyən hallarından məlum olur ki, Cavabdeh İddiaçı 3600 manat beh almışdır. Sonradan tərəflər arasındakı razılıq pozulmuş və iddiaçı cavabdehə məxsus evi almaqdan imtina etmişdir. Lakin cavabdeh iddiaçı tərəfindən ödənilən pulun 1400 manatını iddiaçıya qaytarsa da, qalan 3600 manat məbləği bügunədək ödəməmişdir. Qeyd ediilən hallar Cavabdeh tərəfindən yazılmış və öz imzası ilə təsdiq edilmiş izahat və məhkəmədə verdiyi izahat ilə öz təsdiqini tapır. Odur ki, Cavabdeh heç bir hüquqi əsas olmadan iddiaçının hesabına əsassız varlandığından, məhkəmə hesab edir ki, Cavabdeh 3600 manat pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.1-ci maddəsinə əssən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 56 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3600 manat pul və 56 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar