Məhkəmə qərarları › İş №2(012)-4822/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4822/2021

02.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4822/2021 02.11.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan Bank of X4 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı ləğv prosesində olan Bank of X4 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan Bank of X4 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 28.01.2014-cü il tarixli 276F4 saylı kredit müqaviləsi üzrə 1181.33 manat əsas, 537.01 manat faiz, 460.75 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 314.24 manat faiz borcu olmaqla cəmi 2493.33 manat borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun ləğv prosesində olan Bank of Azerbaijan ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan Bank of X4 Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X5 iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 4 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 276F4 №-li 28 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə gündəlik tələbat məqsədi ilə 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2000 manat kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 28 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 3-cü bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 12-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə borcun qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi və yazılı müraciət olunmasına baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi, cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 14.06.2021-ci il tarixə kredit üzrə cəmi borcu 2493.33 manat təşkil edir. Bundan 1181.33 manat əsas, 537.01 manat faiz, 460.75 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 314.24 manat faiz borcu təşkil edir. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bank of Azerbaijan ASC-nin 4 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 276F4 saylı 28 yanvar 2014-cü il tarixli kredit müqaviləsinə əsasən gündəlik tələbat məqsədi ilə 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2000 manat kredit verilmiş və həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə iddiaçı bank arasında 28 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddia ərizəsindən göründüyü kimi, iddia tələbinin əsasını təşkil edən 28 yanvar 2014-cü il tarixli kredit müqaviləsi 24 ay müddətinə bağlanmış və həmin müqavilə üzrə əsas öhdəliyin müddəti 28 yanvar 2016-cı il tarixdə başa çatmış, eyni zamanda həmin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olaraq Cavabdeh2 ilə bağlanmış 28 yanvar 2014-cü il tarixli zaminlik müqaviləsi üzrə kreditor Bank of Azerbaijan ASC zamin Cavabdeh2 qarşı 28 yanvar 2017-ci tarixədək iddia irəli sürmədiyindən həmin zaminlik müqaviləsinə artıq xitam verilmişdir. Bundan əlavə, iddiaçı iddia tələbinin əsasını təşkil edən Bank of Azerbaijan ASC-nin 4 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 276F4 saylı 28 yanvar 2014-cü il tarixli kredit müqaviləsində nəzərdə tutulmuş 24 aylıq müddətin başa çatdığı gündən, yəni iddiaçının hazırkı mülki iş üzrə tələb hüququnun yarandığı vaxtdan 5 il 6 ay müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Qeyd olunan maddi hüquq normasının tələbindən göründüyü kimi, qanunvericilik iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün 3 (üç) il iddia müddəti müəyyən etmişdir. Lakin iddiaçı hazırkı iddia ərizəsi ilə mübahisə predmeti olan müqavilənin (əqdin) bağlanmasından və icrasına başlandığı vaxtdan 5 (beş) il 6 ay müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Ona görə də Ləğv Prosesində olan Bank of Azerbaijan ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 1181.33 manat əsas, 537.01 manat faiz, 460.75 manat cərimə, AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 314.24 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla cəmi 2493.33 manat pul vəsaitinin müştərək qaydada tutularaq ləğv prosesində olan Bank of Azerbaijan ASC-yə ödənilməsinə dair iddia tələbi iddia müddətinin ötürülməsi ilə verildiyindən həmin iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə adlanacaq) 739.1. və 739.2. maddələrinə əsasən, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Prosessual Məcəllənin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01.02.2016-cı il tarixli 2-1(81)-1404/2016 sayli qərarından görünür ki, Bank of X4 Cəmiyyəti müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu Bank of X4 Cəmiyyətinin ləğvedicisi təyin edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin 18.09.2019-cu il tarixli 2(105)-3076/2019 saylı qərardadından görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 15.05.2019-cu il tarixli 2(012)-838/2019 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı ləğv prosesində olan Bank of X4 Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. -Kredit verən Bank of Azerbaijan ASC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 28.01.2014-cü il tarixli 276F4 saylı təminatsız kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana istehlak xərclərinin ödənilməsi məqsədilə 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 2000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 16.1 və 16.2-ci bəndlərinə əsasən bu müqavilə bağlandığı andan qüvvəyə minir. Müqavilə aşağıdakı hallarda xitam olunur. Bu müqavilə üzrə borcalanın öz üzərinə götürdüyü öhdəliklər borcalan və ya üçüncü şəxslər tərəfindən tam həcmdə, eyni zamanda vaxtından əvvəl tam həcmdə yerinə yetirildikdə -Kreditor Bank of Azerbaijan ASC ilə kredit alan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 28.01.2014-cü il tarixli 276/1F4 saylı zaminlik müqaviləsindən görünür ki, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Müqavilənin 4.1 və 4.2-ci bəndlərinə əsasən, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini, o cümlədən kredit ödənişlərinin vaxtında ödənilməsi üzrə öhdəliklərini icra etmədiyi və ya lazımi qaydada icra etmədiyi təqdirdə borcverən öz mülahizəsi ilə borcalan və zamindən yazılı qaydada tələb irəli sürə bilər. Borcverənin mülahizəsi ilə bu bənddə göstərilmiş hallarda tələb tam həcmdə həm də qismən irəli sürülə bilər. Borcverənin yazılı bildirişi aldığı gündən 7 bank günü ərzində zamin tərəfindən bu müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi kredit müqaviləsi üzrə borc məbləğinin, həmçinin, müqaviləyə müvafiq olaraq zaminin ödəməli olduğu cərimələrin tutulması üçün məhkəməyə müraciət etməyə əsas verir. Müqavilənin 6.1 və 6.2-ci bəndlərinə əsasən, bu müqavilə bağlandığı andan qüvvəyə minir və bu müqavilənin 6.2-ci bəndində və ya qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla zaminliyə xitam verilənə qədər qüvvədədir. Müqavilə aşağıdakı hallarda xitam olunur. Borcalan kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdən sonra, zamin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdən sonra. -17.06.2021-ci il tarixli **********528 saylı maliyyə arayışından görünür ki, Cavabdeh1 ləğv prosesində olan Bank of Azerbaijan ASC-yə 14.06.2021-ci il tarixinə 1181.33 manat əsas, 537,01 manat müqavilə müddəti üçün hesablanmış və tələb olunan faiz, 460,75 manat müqavilə üzrə borcun gecikdirdiyinə görə hesablanmış və tələb olunan cərimə, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan illik faiz dərəcəsi 5 faiz olmaqla həmin faizin hesablanma düsturu (əsas borc/100*5)/360 olmaqla hesablanmış günlük faiz məbləği 0.16 manat, 314.24 manat gecikdirilmiş vaxt üçün hesablanan faiz olmaqla, ümumilikdə 2493.33 manat təşkil edir. -Ləğv prosesində olan Bank of Azerbaijan ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 17.06.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BPQMİ-nin Maps şöbəsi tərəfindən verilmiş 10.10.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 Abşeron rayonu Masazır kəndi Ə.Vahid küçəsi dalan 4, 13 saylı evdə qeydiyyatdadır. -Səbail RPİ tərəfindən verilmiş 06.05.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 Bakı şəhəri Səbail rayonu, T.Əliyarbəyov küçəsi 9 saylı evin 2 saylı mənzilində qeydiyyatdadır. Məhkəmə tələb ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Mülki Məcəllənin: 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından göründüyü kimi borcalan Cavabdeh1 iddiaçı bankdan tələb olunan məbləği borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Məhkəmə hesab edir ki, borcalan Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh1 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin ödəmələri vaxtında icra etməməsi onun üzərinə 460.75 manat cərimənin hesablanması ilə nəticələnmişdir. Mülki Məcəllənin: 443.1. maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. və 448.2. maddələrinə əsasən əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmişdir və bu tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli qərarında göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə kredit müqaviləsi üzrə 1181.33 manat əsas borc üzrə hesablanmış 460.75 manat məbləğində cərimənin azaldılaraq 20 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Yuxarıda qeyd edildiyi kimi, Cavabdeh1 ödəmələri vaxtında icra etməməsi onun üzərinə kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 314.24 manat faiz borcunun hesablanması ilə nəticələnmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin Öhdəliklərin icra edilməməsi adlanan 22-ci fəslində və Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldə çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdara faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafiq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüquq yaranır. Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında nümayiş etdirilmiş hüquqi mövqe baxımından məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsinn müddəti bitəndən sonra Plenum Qərarına əsasən hesablanmış 314.24 manat faiz borcunun tutulması tələbi qanuni və əsaslı olduğundan həmin məbləği cavabdehdən tələb edə bilər. Məhkəmə kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərin icrasına zamin dayanmış Cavabdeh2 münasibətdə aşağıdakıları qeyd edir: Mülki Məcəllənin: 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxs, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 477.0. maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir. 477.0.4. maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Göründüyü kimi, 28.01.2014-cü il tarixli 276F4 saylı kredit müqaviləsi 24 ay müddətinə bağlanmış, kreditor Bank of Azerbaijan ASC ilə kredit alan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 28.01.2014-cü il tarixli 276/1F4 saylı zaminlik müqaviləsinin 6.1 və 6.2-ci bəndlərinə əsasən isə zaminlik müqaviləsinə xitam verilməsi müddəti nəzərdə tutulmasa da, ona xitam verilməsi anı borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməsinə, həmçinin, zaminin borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etməsinə əsaslanmışdır. Bu səbəbdən də məhkəmə Mülki Məcəllənin 477.0.4. maddəsinə əsasən müəyyən edilmiş bir illik iddia müddətinin tətbiqi qənaətinə gəlir. Həmçinin, 24 ay müddətinə bağlanmış 28.01.2014-cü il tarixli 276F4 saylı kredit müqaviləsinin müddəti 28.01.2016-cı il tarixdə bitmiş, iş materiallarında olan 01.01.2012-ci il-10.02.2017-ci il tarixlərini əhatə edən hesabdan çıxarışdan göründüyü kimi, kredit müqaviləsi üzrə sonuncu ödəniş 23.12.2015-ci il tarixdə olmuş, bununla da bank həmin tarixdən başlayaraq üç illik iddia müddətini ötürməklə 04.08.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında kredit müqaviləsi üzrə iddia müddətinin axımı ilə bağlı aydınlıq gətirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Göründüyü kimi, kredit müqaviləsi üzrə borclu və zamininə qarşı bankın tələb etmək hüququ barədə iddia müddətinin axımı 23.12.2015-ci il tarixdən başlanmış, bank istər müqavilə üzrə üç illik, istərsə də zamininə qarşı bir illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. «B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenimunun 12.03.2020-ci il tarixli Qərarında göstərilir ki, «... Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur...». Həmçinin məhkəmə qeyd edir ki, kəsici müddətin tətbiqi üçün də qanunverici konkret hal müəyyən etmişdir. Belə ki, hazırki iş üzrə Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi, kəsici müddətin başlanma anı qanunvericiliklə dəqiq müəyyən edilmişdir ki, bu şəxsin əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən etibarən bir il ərzində həyata keçirilə bilər. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X1 Haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi presedentlərinin tətbiqi haqqnıda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası «İnsan Hüquqlarının və X1 Haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci il aprel ayının 15-dən Konvensiya və onun protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan Hüquqlarının və X1 Haqqında Konvensiyasının 46-cı maddəsinə əsasən Avropa Məhkəməsinin qərarları bu Konvensiyanı ratifikasiya etmiş dövlətlər üçün məcburidir. İnsan hüquqlarının və X1 haqqında Konvensiyanın 6-cı maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci hissəsində göstərilir ki, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26.07.2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation tubüs) etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qanunvericiliyin tələblərinə və Plenum Qərarına istinad edərək qeyd edir ki, iddiaçı Ləğv prosesində olan Bank of Azerbaijan ASC tərəfindən cavabdeh qismində çıxış edən zamin Cavabdeh2 münasibətdə bir illik kəsici iddia müddəti ötürülməklə məhkəməyə müraciət edildiyindən məhkəmə bu cavabdehə münasibətdə iddia ərizəsini təmin etməməsi qənaətinə gəlir, digər Cavabdeh1 isə müqavilə üzrə öhdəliklərini tam və vaxtında yerinə yetirməməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından, məhkəmə iddia ərizəsinin qismən təmin edilərək Cavabdeh1 28.01.2014-cü il tarixli 276F4 saylı kredit müqaviləsi üzrə 1181.33 manat əsas, 537.01 manat faiz, 20 manat cərimə, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 314.24 manat faiz borcu olmaqla cəmi 2052,58 manat borcun və 30 manat dövlət rüsumunun tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh1 28.01.2014-cü il tarixli 276F4 saylı kredit müqaviləsi üzrə 1181.33 (min yüz səksən bir manat otuz üç qəpik) manat əsas, 537.01 (beş yüz otuz yeddi manat bir qəpik) manat faiz, 20 (iyirmi) manat cərimə və kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 314.24 (üç yüz on dörd manat iyirmi dörd qəpik) manat faiz borcu olmaqla cəmi 2052,58 (iki min əlli iki manat əlli səkkiz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu iddiaçı ləğv prosesində olan Bank of X4 Cəmiyyətinin xeyrinə tutulsun. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar