Məhkəmə qərarları › İş №2(012)-4830/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-4830/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-4830/2021 21.12.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10000 manat pulun və həmçinin, iddia üçün ödədiyi 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, 08.02.2018-ci il tarixdə İddiaçı Cavabdeh ilə borcun miqdarı və ödənilmə vaxtı barədə müqavilə bağlamış, həmin müqavilə Abşeron rayonu 1 saylı notariat kontorunda təsdiq edilmişdir. Mövcud müqavilənin tələblərindən də göründüyü kimi, İddiaçı cavabdehə 10000 manat borc pul vermiş, cavabdeh isə bu pulu müqavilə üzrə müəyyənləşdirilmiş tarixə kimi, yəni 08.02.2019-cu il tarixədək İddiaçı ödəyəcəyi barədə öz üzərinə öhdəlik götürsə də bu günə kimi pulunu qaytarmamış, müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İlk öncə cavabdeh xahişə düşərək vaxt istəsə də, bu gün-sabah desə də artıq iki ildən çoxdur ki, pulunu ödəməmişdir. İddiaçı dəfələrlə zənglər, mesajlar yazsa da heç bir təsiri olmamışdır. Əvvəllər xahişlər edən cavabdeh zənglərə də cavab verməmiş, öhdəliyin icrasından özbaşına imtina etmişdir. Bu da qanunvericiliyin, tərəflər arasında bağlanmış müqavilənin tələblərinə tamamilə ziddir. Cavabdeh İddiaçı borclu olduğu pulu vaxtında ödəmədiyindən borclara düşmüş, vaxtında pulunu geri ala bilməməsi səbəbindən həmin puldan vaxtında fayda götürə bilməmişdir. Bir sözlə, cavabdeh İddiaçı müqavilə üzrə müəyyənləşdirilmiş pulunu geri verməməklə yanaşı, ziyana düşməyinə də səbəb olmuş, maddi vəziyyəti pisləşmişdir. Tərəflər arasındakı mübahisənin məhkəmədənkənar həllini tapması qeyrimümkün olduğu üçün İddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -Borc verən İddiaçı ilə borc alan Cavabdeh arasında bağlanmış 08.02.2018-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, borc verən borc alana 10000 manat pulu borc verməyi, borc alan isə krediti 08.02.2019-cu tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu Xırdalan şəhəri məhəllə 27, 1B saylı evin 10B saylı mənzilində qeydiyyatdadır. -Qazax RPŞ tərəfindən verilmiş 20.09.2010-cu il tarixli AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qazax şəhəri Azadlıq küçəsi 34 saylı evdə qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, tərəflər arasında borc münasibətlərindən irəli gələn mübahisə yaranmış, belə ki, İddiaçı 08.02.2018-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 08.02.2019-cu il tarixədək qaytarılmaq şərtilə 10000 manat pul vəsaitini borc şəklində vermiş, borcalan isə həmin pul vəsaitini müqavilə ilə müəyyən edilmiş müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş müddət keçməsinə baxmayaraq cavabdeh öhdəliyini icra etməyərək həmin pul vəsaitini iddiaçıya geri qaytarmamış, nəticədə, iddiaçının kredit borcunu cavabdehdən məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, həmin kredit müqaviləsi əsasında iddiaçının cavabdehə qarşı borcun geri tələb edilməsi ilə bağlı müvafiq tələb (subyektiv) hüququ mövcud olmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 334.1-ci maddəsinə əsasən əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata keçirilir. Mülki iş materiallarına əlavə olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan 08.02.2018-ci il tarixli kredit (borc) müqaviləsi (əqd) yazılı (notarial) qaydada bağlanmış, həmin müqavilə (əqd) müqavilə tərəfləri sayılan borcverən İddiaçı və borc alan Cavabdeh tərəfindən şəxsən imzalanmış, müqavilə Abşeron rayonu 1 saylı notariat ofisinin xüsusi notariusu B.S.İslamov tərəfindən 08.02.2018-ci il tarixdə reyestrdə 3M-134 reyestr nömrəsi ilə təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Müqavilə bağlanarkən tərəflərin fotoşəkilləri çəkilərək müqaviləyə yerləşdirilmiş, borc alan Cavabdeh kredit müqaviləsini imzaladıqdan sonra imzasının qarşısında soyadını yazmışdır. Mülki Məcəllənin: 739.1. maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Bununla da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 08.02.2018-ci il tarixli kredit müqaviləsi əsasında Cavabdeh İddiaçı 10000 manat borc pul almış, tərəflər arasında pulun borc verilməsi ilə bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydasında təsdiq edilmiş kredit müqaviləsi mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamış, bununla da iddiaçının tələb hüququ yaranmış, bu zaman iddia müddəti ötürülməmişdir. Əlavə olaraq qeyd edilməlidir ki, cavabdeh qanunla müəyyən edilmiş qaydada və müddətdə həmin kredit müqaviləsini mübahisələndirməmiş, kredit müqaviləsi qüvvədədir. Mülki Məcəllənin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar və qanunvericiliyin tələbləri əsasında cavabdehin kredit müqaviləsi üzrə iddiaçıya borclu olduğu 10000 manat pul vəsaitini qaytarmaması öz təsdiqini tapdığından iddiaçının 10000 manat pul vəsaitinin tutulmasına dair iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işin faktiki hallarına yuxarıda gəldiyi nəticələrə uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi əsaslı hesab olunaraq təmin edilməli, Cavabdeh 10 000 manat borc və 30 manat dövlət rüsumu olmaqla cəmi 10 030 manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 10000 (on min) manat borc və 30 (otuz) manat dövlət rüsumu olmaqla cəmi 10030 (on min otuz) manat pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar